Paytaxtda keyfiyyətsiz şirniyyat istehsalının üstü açıldı -
17 avqust 2012 18:07 (UTC +04:00)

Paytaxtda keyfiyyətsiz şirniyyat istehsalının üstü açıldı -

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət tədbirlərini davam etdirir. Komitənin mətbuat katibi Fazil Talıblının Lent.az-a verdiyi məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakının Bakıxanov qəsəbəsi, B. Bünyadov küçəsi 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zamiry İran Hamidə məxsus istehsal sexində (müəssisəni etibarnamə ilə Bəylər Kərimov idarə edir) dövlət nəzarəti aparıb.

Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydaların tələblərinə cavab verən, standartın tələblərinə uyğun, insan həyatı və sağlamlığı üçün təhlükəsiz məhsul istehsal etmək üçün lazımi şəraiti mövcud deyil. Müəssisədə qarğıdalı çubuqları, vafli, marmelad və "Moskva", "Kiev", "Dobraya korova", "Domaşneye", "Xaş-xaşlı kreker", "Balıq kreker", "Sport", "Jasmin" adlı müxtəlif növ peçenyelər AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən sertifikatlaşdırılmadan istehsal olunur. Normativ sənədlərin tələblərinə zidd olaraq müəssisədə istehsal olunan məhsulların müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimatları mövcud deyil, məhsulların markalanması standartın tələblərinə uyğun aparılmır. İstismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur. Aşkar olunan nöqsanlarla bağlı etibarnamə ilə fəaliyyət göstərən Bəylər Kərimova qarğıdalı çubuqları, vafli, marmelad və müxtəlif növ peçenyelərin istehsalı və satışı qadağan edilmiş, İnzibati Xətalar Məcəlləsinin 228.0.3 və 228.0.12 maddələrinə əsasən 1500 manat miqdarında cərimə edilib.

Dövlət Xidməti həmçinin eyni ünvanda fəaliyyət göstərən fiziki şəxs Haşem Bagheri Fathaliyə məxsus istehsal sexində də dövlət nəzarəti aparıb. Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə "Toppuş" və "Şəbnəm" nişanlı qarğıdalı çubuqları, "Popcorn" qarğıdalısı, marmelad, noğul və külçə məhsulları AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən sertifikatlaşdırılmadan satışa çıxarılır. Müəssisədə sanitariya norma və qaydalara riayət olunmur, təhlükəsiz məhsul istehsal etmək üçün lazımi şərait yoxdur. Normativ sənədlərin tələblərinə zidd olaraq müəssisədə istehsal olunan məhsulların müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimatları mövcud deyil, məhsulların markalanması standartın tələblərinə uyğun aparılmır, xammal və hazır məhsul anbarlarında məhsulların saxlanması zamanı normativ sənədlərin tələblərinə riayət olunmur. Bundan başqa məhsulların içinə hədiyyə kimi qoyulan Çinin istehsalı olan plastik kütlədən hazırlanmış oyuncaqların mənşə, keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər yoxlamaya təqdim edilməyib. İstismar olunan 67 ədəd ölçmə vasitəsi müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur. Aşkar olunmuş nöqsanlarla bağlı fiziki şəxs Haşem Bagheri Fathaliyə qarğıdalı çubuqları, noğul, marmelad, kurabiyə və Lənkəran külçəsinin istehsalı və satışı qadağan edilib, 1500 manat miqdarında cərimə edilib.

Dövlət Xidməti Komitənin qaynar xəttinə daxil olmuş şikayət əsasında Bakıxanov qəsəbəsi, Mədəniyyət 28 ünvanında fəaliyyət göstərən fiziki şəxs İgidova Mənsurə Əvəz qızı adına qeydiyyatda olan topdansatış ticarət şəbəkəsində də araşdırma aparıb.
Araşdırma zamanı müəyyən olunub ki, İgidova Mənsurə Əvəz qızı adına qeydiyyatda olan ərzaq və qeyri-ərzaq məhsullarının topdansatışının həyata keçirildiyi ticarət şəbəkəsində saxlanılan və satılan məhsullar normativ sənədlərə uyğun olmayan şəraitdə saxlanılır. Satılan məhsulların saxlanılma rejiminə riayət olunmur. Məhsulların satışının həyata keçirildiyi sahədə ərzaq məhsullarının lazımi keyfiyyətdə saxlanılmasını və satışını təmin edən şərait mövcud deyil. Ərzaq məhsullarının saxlanılması və satışı zamanı mal qonşuluğu gözlənilmir. Belə ki, ərzaq və qeyri-ərzaq məhsulları eyni sahədə saxlanılır. Bu sa "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 5 və 12-ci maddələrinin tələblərinə ziddir. Aşkar olunmuş nöqsanlarla bağlı fiziki şəxs Mənsurə İgidovanın adına qeydiyyatda olan topdansatış ticarət şəbəkəsində ərzaq məhsullarının satışı qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3182

Oxşar yazılar