17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində çıxış etməyəcək.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu qurumla UEFA arasında aparılan danışıqlar, AFFA-nın Texniki departamentinin verdiyi rəy, yığmamızın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, AFFA ilə UEFA-nın qarşılıqlı razılaşması əsasında U-17-nin turnirdə yarışmaması qərara alınıb.
Yaxın günlərdə UEFA tərəfindən millimizə müvafiq oyunlarda texniki məğlubiyyət verilməsi barədə qərar qəbul oluna bilər.
Qeyd edək ki, hazırda Belçikada səfərdə olan U-17 yığmamızın 3 futbolçusu Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun (“Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib. Belçikanın daxili qanunları nəzərə alınaraq, komandamızın üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədir.