Stenli Brard təqdim olundu
18 aprel 2013 17:18 (UTC +04:00)

Stenli Brard təqdim olundu

“Qəbələ” klubunun futbol akademiyasının yeni direktoru Stenli Brard ictimaiyyətə təqdim olunub. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən klubun vitse-prezidenti Fariz Nəcəfov əvvəlcə akademiya barədə məlumat verib.

 

O bildirib ki, “Qəbələ” futbol akademiyası klub prezidenti Tale Heydərovun təşəbbüsü ilə 2009-cu ildə yaradılıb. Nəcəfov ötən müddətdə müəyyən nailiyyətlər əldə etdiklərini açıqlayıb: “Bunu akademiyamızda yetişən futbolçuların potensialı və Azərbaycan yığma komandalarına cəlb olunmalarından görmək olar”.

 

Əvvəlki direktor Ali Yavaşa xidmətlərindən dolayı təşəkkür edən klub rəsmisi türkiyəli mütəxəssisin istefasından sonra qabaqcıl akademiyaların iş təcrübəsi ilə tanış olduqlarını söyləyib. O, namizəd qismində kluba təklif olunan Stenli Brardla hələlik 3 il müddətinə anlaşdıqlarını açıqlayıb. Nəcəfov Brardın Hollandiya “Feyenord”unda olduğu kimi, “Qəbələ”yə də eyni uğurları qazandıracağına inam ifadə edib.

 

Klub rəsmisi hollandiyalı mütəxəssisə üstünlük vermələrinə baxmayaraq, əsas məqsədlərinin “Qəbələ” üslubunu tətbiq etməkdən ibarət olduğunu deyib: “Əvvəlcə Qəbələdə uşaq futbolunun olmadığı vaxtda “Qalatasaray”, sonra texniki baxımdan uyğun olduğu üçün İspaniya, indi isə Hollandiya sisteminə müraciət etdik. Bir müddət “Barselona” ilə əməkdaşlıq etdik. Bəzi mütəxəssislərimiz təcrübə də keçdilər. Ola bilsin, bu, axtardığımız son üslubdur. Amma biz “Qəbələ” üslubunu qurmağı istəyirik. Məqsədimiz öz sistemimizi yaratmaqdır. İnanıram ki, həm “Barselona”, həm də gələcəkdə digər yerlərdən götürəcəyimiz təcrübələr bizə yardımçı olacaq. Öz sistemimizi qurduqdan sonra əsas komandanın baş məşqçisindən “Qəbələ” üslubuna uyğun futbol oynatmağı tələb edəcəyik”.

 

Nəcəfov yaxın vaxtlarda kluba digər mütəxəssislərin də cəlb olunacağını açıqlayıb.

 

Brard isə bildirib ki, “Feyenord” akademiyasının direktoru vəzifəsində fəaliyyətini iyunun sonlarınadək davam etdirəcək. Bu barədə “Qəbələ” rəhbərliyi ilə qarşılıqlı razılıq əldə olunub. O, indiyədək əldə etdiyi uğurlara təkbaşına çatmadığını söyləyib: “Bu səviyyəyə tək gəlməmişəm. Mənə kömək edən yüzlərlə insana təşəkkür edirəm. Yeni-yeni nailiyyətlər üçün daha da səylə çalışacağam”

 

Yeni direktor “Qəbələ”ni seçməsində 3 əsas səbəbin olduğunu açıqlayıb. Onun sözlərinə görə, ilk səbəb klub rəsmilərinin “Qəbələ” haqda səbir və ümidlə danışmalarıdır. Xüsusən, gənc futbolçuların inkişafı ilə bağlı məsələ Brardın marağına səbəb olub. Digər tərəfdən, klub rəhbərliyi ona hər cür şəraiti yaradılacağına söz verib. 54 yaşlı mütəxəssis “Qəbələ”nin bazasında gördüklərini yüksək qiymətləndirib. O, bazadakı ot örtüyünü indiyədək gördükləri arasında ən yaxşısı sayıb. Üçüncü səbəb isə Brardın daim xarici ölkədə çalışmaq istəyidir.

 

Brard əvvəlcə Yaponiyanın “Naqoya Qrampus Eyt” Futbol Akademiyasının direktoru vəzifəsində çalışıb. 2002-ci ildən bu postu tutan mütəxəssis 4 il müddətində bir sıra futbolçular yetişdirib. Onların arasında Maya Yoşidanı xüsusi qeyd etmək olar. Hazırda 25 yaşında olan Yoşida İngiltərənin “Sautgempton” klubunun və Yaponiya milli komandasının üzvüdür. Brard “Feyenord”un idman akademiyasına isə 2005-ci ildən rəhbərlik etməyə başlayıb. O, ötən il “Qəbələ Kuboku” keçirilərkən “Feyenord”un nümayəndə heyətinin tərkibində yer alıb: “Ötən il keçirilmiş beynəlxalq turnirin təşkilatçılığının çox yüksək olması məni və klubumuzun heyətini yaxşı mənada təəccübləndirdi. Nə isə dəyişiklik etmək istəyiriksə, şərtlərimizi irəli sürməliyik. Bu baxımdan, heç bir problem olmadı. İnsanlar da klub üçün öz ürəklərini qoyur, inkişaf üçün əllərindən gələni edirlər”.

 

Brard akademiyada çalışan yerli məşqçilərin gələcək taleyi ilə bağlı qərarı gələcəkdə qəbul edəcəyini də bildirib. Onun sözlərinə görə, ilk növbədə, həmin məşqçilərin işinin analizi aparılacaq və ona uyğun tədbir görüləcək: “Məqsədimiz təkcə oyunçuları deyil, məşqçiləri, o cümlədən özümü inkişaf etdirməkdir. Əsas məqsədimiz birinci komandaya oyunçular hazırlamaqdır. İkinci mərhələ daha yaxşı oyunçuları xarici klublara satmaqdır”.  

 

Qeyd edək ki, Stenli Brardın rəhbərliyi dövründə “Feyenord”un aşağı yaş qrupları üzrə komandaları bir çox titul və mükafatlara sahib çıxıb. Klubun futbol akademiyası 2010 – 2012-ci illərdə Hollandiyanın ən yaxşı akademiyası seçilib və Rinus Mixels mükafatına layiq görülüb.

# 877
avatar

Oxşar yazılar