Rasim Mövsümzadə: “Azarkeşlər Messi və Ronaldonun seçimindən beziblər”
18 yanvar 2016 14:50 (UTC +04:00)

Rasim Mövsümzadə: “Azarkeşlər Messi və Ronaldonun seçimindən beziblər”

“Ötən il “Barselona”nın uğurları ilə yadda qaldı. Fikrimcə, bu uğurda Lionel Messidən daha çox Neymar və Luis Suaresin əməyi daha böyük idi. Xüsusilə ilin ikinci yarısında Messi zədəli oldu, oyunlarda da əvvəlki effektlə çıxış etmədi”.

 

Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, FİFA-nın “Qızıl top” sorğusunda Azərbaycanı təmsil edən həmkarımız Rasim Mövsümzadə deyib.

 

2016-cı ilin əvvəlində növbəti dəfə Ronaldo - Messi dilemmasına aydınlıq gəldi. FİFA-nın səsvermə ilə müəyyənləşdirdiyi sorğuda ötən ilin ən yaxşısı adını bu dəfə də argentinalı ulduz qazandı. O, bununla da 5-ci dəfə “Qızıl top”a yiyələndi. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, Kriştianu Ronaldo ilə Neymar tutdular.

 

“Qızıl top” uğrunda kişi futbolçuların yarışında 165 yığma məşqçisi, 162 kapitan və 171 jurnalist səs verib. Respondentlər arasında olan R. Mövsümzədə ilk “üçlük”də, müvafiq olaraq Neymar, Luis Suares və Robert Levandovskini göstərib. O, Messi və Ronaldonu “ofsayd”a atmağının səbəbini belə izah edib: “İli Suares və Neymar daha yaxşı keçirdi və buna görə də onların adını yazdım. Robert Levandovski isə ötən il 1 oyunda 4 rekorda imza atdı, Polşa millisini Avropa çempionatına çıxardı. Fikrimcə, düzgün seçim etmişəm”.

 

Vaxtilə bu FİFA-nın analoji sorğusunda iştirak edən Azərbaycan millisinin sabiq kapitanı Aslan Kərimov oyunçu seçiminə fərqli yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, jurnalistlər çox vaxt ən yaxşı futbolçunu il ərzində keçdiyi yola əsasən qiymətləndirirlər: “Mən futbolçu olduğum üçün isə oyunçulara başqa prizmadan baxıram. Rasimlə razıyam ki, Levandovskinin keçdiyi yol, Messinin yoxluğunda Suaresin komandasına verdiyi xeyirlər əvəzsizdir. Oyunçuları yanbayan qoyduqda, şəxsən mənə görə Messi hazırda rəqibsiz bir futbolçu sayılır”.

 

2000-ci ildən “Qızıl top” sorğusunda iştirak edən həmkarımız bəzi iddialara da cavab verib. O bildirib ki, Messi və Ronaldonun böyük üstünlük qazanması heç də ikinci dərəcəli futbol ölkələrinin sayəsində reallaşmır: “2007-ci ildə Kaka “Qızıl top”u aldı. Bundan sonra qalib ancaq Ronaldo və Messidir. Bir növ azarkeşlər də bu seçimdən beziblər. Belə deyək, müxtəlif illərdə müxtəlif futbolçular bunu qazana bilərdilər. Məsələn, 2010-cu il və ya 2012-ci ildə. Son sorğuda Neymar, Suares də bu ada sahib olmaq imkanına malik idi. Amma nədənsə, baş məşqçilər və kapitanlar ancaq Messi və Ronaldoya daha çox səs veriblər. Fikrimcə, sırf jurnalistlər səs versəydi, hər il rəngarənglik və fərqlilik ola bilərdi”.

 

A. Kərimov isə kapitan və baş məşqçilərin seçimini bir qədər əvvəl səsləndirdiyi fikirlə əlaqələndirib. O bildirib ki, onlar peşəkar olduqlarından oyunçulara daha çox keçdiyi qısa dövrə görə qiymət vermirlər: “Məsələn Messi zədələndi, amma bu çox jurnalistlərin qərarına təsir etmədi. Argentinalı ulduzun oyunda verdiyi fayda daha çox yaddaşlarda qalır. İkinci tərəfdən də həm “Barselona”, həm də “Real” klublarının qarşıdurması dünyada üzdə olan derbi sayıldığına görə 2 futbolçunun bir-biri ilə fərdi və komanda mübarizəsi də bu seçimə öz təsirini göstərir”.

 

2015-ci ildə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin və kapitan Rəşad Sadıqovun seçiminə münasibət bildirən veteran futbolçu respondentlər arasında yer alardısa, ilk “üçlük”də yanılmayacaqdı: “Mən Messi, Ronaldo və Neymarı seçərdim. Mənə elə gəlir ki, Sadıqovun “üçlüyü” daha idealdır. Düzdür, hər ikisi Messi və Ronaldonu ilk “ikilik”də görüb. Prosineçkinin 3-cü kimi Tomas Mülleri göstərməsi bəlkə də Almaniyada anadan olmasından irəli gəlir. Ən azı bu il alman futbolçu digərləri kimi yüksək səviyyədə deyildi. Rəşad isə Suarezi fikrimcə düz qeyd edib”.

 

R. Mövsümzadə son illərdə “Qızıl top”da saxtakarlığın olması ilə bağlı yayılan şayiələri də cavablandırıb. Onun sözlərinə görə, Misir millisinin kapitanı Qali Hossamın səsvermədə iştirak etmədiyi halda adından “üçlüy”ün açıqlanması yekun nəticəyə hansısa təsir göstərə bilməz: “Seçimim zamanı hansısa saxtakarlıq, hansısa təsir görməmişəm. Amma son illərdə belə hallara tez-tez rast gəlirik. Bəziləri deyirlər ki, biz başqasına səs vermişdik, yekunda başqa adlar açıqlanıb. Ola bilər belə olsun. Amma bu daha çox federasiyalardan asılıdır. Çünki yekun anketi FİFA-ya məhz onlar göndərirlər. Yəni ola bilər ki, federasiyada bunu kimsə dəyişsin, yaxud başqa cür yazsın. Futbolçunun və ya baş məşqçi səs verdiyi şəxs də yadından çıxa bilər. Çünki səsvermə oktyabrın sonu, noyabrın əvvəli başlayır, yanvarda açıqlanır. Yekun nəticəni dəyişməkdə FİFA-nın hansısa marağı ola bilməz. 3-5 səsin dəyişməsi nəticəyə də təsir göstərə bilməz”.

 

A. Kərimov da kapitan kimi səs verdiyi vaxt hansısa təzyiqlə üzləşmədiyini açıqlayıb. O, ilin ən yaxşı məşqçisi seçilən Luis Enrikenin düzgün seçim olduğunu vurğulayıb.

 

İlin ən yaxşı qadın futbolçusunun (Karli Lloyd) və məşqçisinin (Jill Ellis) seçimi ilə bağlı danışan R. Mövsümzadə bu yarışda Azərbaycanı təmsil edən Lalə Dəmirovanın da seçiminə münasibət bildirib. Onun sözlərinə görə, xanım həmkarımızın səs verdiyi futbolçu və məşqçilər arasında qaliblərin yer almaması normaldır: “Bu, hər kəsin şəxsi fikridir və normal yanaşmaq lazımdır. Məsələn, 2003-cü ildə Pavel Nedved birinci olmuşdu, lakin ilk “üçlük”də mən onu göstərməmişdim”.

 

A. Kərimov Ronaldo və Messi ilə eyni dövrdə oynadıqları üçün hazırda hansı ulduzların kölgədə qaldığını açıqlayıb. O bildirib ki, bu siyahıya Zlatan İbrahimoviç başçılıq edir: “Bu futbolçu da dünya ulduzlarından biridir. Həm xarizmatik, həm verdiyi açıqlamalarına görə şəxsiyyət kimi də seçilən futbolçudur. Baxdıqda, İsveç millisi də dünyanın ən yaxşı yığmalarından deyil, bu baxımdan da geri qalır. Həmçinin, Suaresi, İniyestanı, Xavini qeyd etmək olar. Onlar bu dövrdə oynadıqları üçün bu 2 futbolçunun kölgəsində qalırlar. Yenə də obyektiv fikrimdir ki, Messi bir addım Ronaldodan qabaqdadır”.

 

İlk “üçlüyə” səs verərkən ciddi çətinlik qarşısında qaldığını etiraf edən R. Mövsümzadə bildirib ki, əvvəlki kimi anketdə 5 futbolçu göstərsəydilər, Messi və Ronaldonun adını siyahısına daxil edərdi. O, Ferens Puşkaş qolunun müəllifi ilə də bağlı fikirlərini açıqlayıb.

 

Birinci olan braziliyalı Vendell Lira komandasının qurduğu kombinasiyası nəticəsində fərqləndiyi halda, Messi ilə “Roma”nın yarımmüdafiəçisi Alessandro Florenzi fərdi ustalıqları sayəsində qol vurublar. R. Mövsümzadə bildirib ki, azarkeşlərin səsverməsi ilə Liranın qalib olması onun üçün də gözlənilməz olub: “Mümkündür ki, bu səsvermədə braziliyalılar daha çox aktiv olublar. Fikrimcə, Florenzinin qolu daha gözəl idi. Həm də bu topu “Barselona”nın qapısına vurmuşdu”.

 

Həm Messi, həm də Ronaldo ardıcıl 8 ildir ki, “Qızıl top” mükafatının ilk “üçlüyü”ndə qərarlaşırlar. A. Kərimov onların ən layiqli davamçı sayılan Neymarın bu uğuru təkrarlayacağına, həmçinin 2016-cı ildə hər 2 futbolçuya “əlcək” ata biləcək oyunçuların da ola biləcəyinə inam ifadə edib.

 

Sabiq kapitan sonda azərbaycanlı futbolçulardan birinin “Qızıl top” uğrunda mübarizənin heç olmasa ilkin siyahıya düşməsi üçün məsləhətlərini də verib. O bildirib ki, bunun üçün bəzi şərtlər var: “Məsələn, Messini “Barselona”sız bir kənara qoysaq, bəlkə də bu uğuru təkrar edə bilməyəcək. İkinci bir tərəfdən azərbaycanlı futbolçuların hansınınsa ilk “yuzlük”də olması Azərbaycan çempionatında oynaya-oynaya qeyri-mümkündür. Bizim futbolçulardan hansısa biri ancaq dünyanın ən yaxşı xarici klublarından birində legioner həyatı sürsə və orada da nəticə göstərsə, bu siyahıya düşə bilər”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar