Rusiya millisinin, həmçinin Vladiqafqazın "Alaniya", Moskvanın "Dinamo" və ÇSKA klublarının sabiq baş məşqçisi Valeri Qazzayev Azərbaycana gəlib. Lent.az-ın fanat.az-a istinadən verdiyi məlumata görə, Qazzayevin ölkəmizə hansı məqsədlə səfər etdiyi məlum deyil. Onun hər hansı bir klubla danışıq aparması, yoxsa başqa səbəblərdən Bakıda olması bilinmir.
Qeyd edək ki, Valeri Qazzayev futbolçu karyerası ərzində Rusiyanın "Spartak" (Ordjonikidze), SKA (Rostov-on-Don), "Lokomotiv" (Moskva), "Dinamo (Moskva) və Gürcüstanın "Dinamo" (Tiflis) klublarında çıxış edib. O, Moskva "Dinamo"su ilə SSRİ çempionluğunu (1 dəfə), kubokunu (2) və Super Kubokunu (1) qazanıb.
Mütəxəssis 1989-cu ildən başladığı məşqçilik karyerası ərzində Rusiyanın "Spartak" (Ordjonikidze), "Dinamo" (Moskva), "Alaniya" (Vladiqavqaz), ÇSKA (Moskva) klublarını, Ukraynanın "Dinamo" (Kiyev) Rusiyanın U-21 və A millilərini çalışdırıb. O, 2001-2004-cü illərdə "Alaniya"nın prezidenti olub. 60 yaşlı mütəxəssis 2012/13 mövsümündə həm də baş məşqçi postunu tutub.
Qazzayev məşqçi kimi Rusiya çempionluğunu (4 dəfə), ölkə kubokunu (3), Super Kubokunu (3), UEFA Kubokunu (1) və Ukrayna Super Kubokunu (1) qazanıb.
1991-1996 "Alaniya"da oynayan Nazim Süleymanov 1994-1996-cı illərdə Qazzayevin başçılığı altında çıxış edib və Rusiya çempionu olub (1995) və gümüş medal qazanıb (1996).