“Benites ilk gündən madridli azarkeşlər tərəfindən qəbul edilmədi. Buna görə də, “Santyaqo Bernabeu”da arzulanan qonaq sayılmırdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Goal.com saytına müsahibə verən xorvatiyalı çalışdırıcı Madrid “Real”ındakı baş məşqçi dəyişikliyindən danışıb. Bir vaxtlar “kral klubu”nun formasını geyinmiş Prosineçki Rafael Benitesin Zinəddin Zidanla əvəzlənməsini doğru addım saydığını bildirib.
O qeyd edib ki, “Real”ın yeni baş məşqçisi əsl əfsanədi: “Valensiya” ilə 2:2 hesablı heç-heçə rəhbərliyin səbr kasasını daşırdı. Son 1 həftə ərzində Benitesin üzərində böyük təzyiq hiss olunurdu. Nəyisə dəyişmək lazım idi və belə halda ilk yada düşən məşqçi olur. Benites əsl əfsanə ilə əvəzləndi. Zidan bir vaxtlar dünyanın ən güclü futbolçusu olub. Onun komandasını irəli aparacağını düşünürəm. Amma yenə çempionluğa bir nömrəli favorit “Barselona”dı. Buna baxmayaraq, Zidan “Real”ı oyatmağa çalışacaq”.
Prosineçkinin fikrincə, Zidan “Real”ın futbolçuları və azarkeşləri tərəfindən qısa zamanda qəbul ediləcək: “Zidanın iş metodu klubda başa düşülür. Çünki o, “Real”ın B komandasını çalışdırıb. Zidan bu klubun əsl döyüşçüsüdü. “Real”da möhtəşəm nailiyyətlər əldə edib. Vaxtilə öz oyunu ilə hamını valeh edib. Benitesdən fərqli, Zidan futbolçular və azarkeşlər arasında hörmət qazanmaq mənasında problem yaşamayacaq. O, komandanın üzvləri və fanatlar tərəfindən asanlıqla qəbul ediləcək”.
Millimizin çalışdırıcısı Zidanlı “Real”ın hücum futbolu oynayacağına şübhə etmir: “Məlumdu ki, Zidan komandasından hücum futbolu tələb edəcək. Bu, onun xarakterindən irəli gəlir. “Real”da təkcə qələbə qazanmaqla iş bitmir. Gərək qələbəni hücum futbolu sərgiləyərək, qazanasan. Çünki “Real” azarkeşləri yalnız qalibiyyət yox, həm də cəlbedici oyun tələb edirlər”.
Qeyd edək ki, Prosineçki 1991-1994-cü illər ərzində “Real”ın futbolçusu olub.