Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun almaniyalı Boris Berqlə keçirəcəyi döyüşün vaxtı dəyişib. Lent.az-ın məlumatına görə, qarşılaşma martın 9-dan 23-ə keçirilib.
Görüş texniki səbəblərdən təxirə salınıb. Qarşılaşma elə Almaniyanın paytaxtı Berlində baş tutacaq. WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə 66 kq çəki dərəcəsində reytinq xarakterli döyüş 8 raunddan ibarət olacaq.
Qeyd edək ki, “Qəbələ” boks klubunu təmsil edən 33 yaşlı Fariz Məmmədov 2004-cü ildə iki dəfə qitələrarası çempion olub. O, məlum səbəblərdən peşəkar boksa bir də 8 illik fasilədən sonra qayıdıb. Məmmədov 2012-ci ilin mayında baş tutan qarşılaşmada erməni rəqibi Jeqise Tomasyana nokautla qalib gəlib. 36 yaşlı Boris Berq isə həvəskər boksda Avropa çempionu olub. O, peşəkar boksa 2010-cu ildən başlayıb. Berq keçirdiyi 14 döyüşdən 6 qələbə, 7 məğlubiyyət, 1 heç-heçə ilə ayrılıb.