Layihə: “Məşhur fanatlar”
Bir idman jurnalisti kimi, onunla çoxdan söhbətləşmək istəyirdim. Düzdür, Mətbuat Şurasının sədri kimi idman jurnalistikası ilə bağlı fikirlərini arabir ifadə etmişdi. Amma onun idmana marağının hansı səviyyədə olması da jurnalistikanın bu sahəsinə verdiyi qiymətdə özünü büruzə verə bilərdi. Nəticədə Əflatun Amaşov Lent.az-ın “Məşhur fanatlar” layihəsinin növbəti qonağı oldu...
“Qalatasaray”ın UEFA Kubokunu qazandığı oyuna Tehranda baxdıq”
- İdman sizin üçün nə deməkdir?
- İdman hər bir insanın həyatında mühüm rol oynayır. Ya özü idmançı olur, ya da idman həvəskarına çevrilir. Mən Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində doğulub boya-başa çatmışam. Futbol oynamışıq, məktəblərarası yarışlarda iştirak etmişik. Xüsusən, yay tətillərində səhərdən axşamadək futbol oynardıq.
- Bəs futbola marağınız nədən yarandı?
- Bibim oğlanları məndən böyükdürlər. Onlar futbolla ciddi maraqlanırdılar. SSRİ yığmasının 4-cü yeri tutduğu 1966-cı il dünya çempionatı vaxtı mənim 9 yaşım var idi. O vaxtdan idman hadisələrini mütəmadi izləməyə başladım. 1972-ci ildə SSRİ və Kanadanın hokkey yığmaları arasında 8 oyundan ibarət superseriya keçirilirdi. Oyunların hamısını izləmişdim. Yadımdadır, görüş Kanadanın 4:3 hesablı qələbəsi ilə yekunlaşmışdı. Özümüz futbol oynamaqla yanaşı, futbolla bağlı qəzetlərdə yazılanları da oxuyur, müzakirə edirdik. O vaxtlar televizor kəndimizə yeni-yeni gəlməyə başlayırdı. Futbol üzrə 1972-ci il Avropa çempionatı vaxtı elə səviyyəyə çatmışdıq ki, özümüz qrupların cədvəlini hazırlayır, proqnozlar verir, səhərdən axşamadək futbol matçlarının başlanmasını gözləyirdik. Xatırlayıram, yarımfinalda SSRİ Macarıstanı 1:0, Almaniya Belçikanı 2:1 hesabı ilə uddu. Finalda isə Almaniya SSRİ-yə böyük hesabla qalib gəldi – 3:0. Həmin illərdə sovet vətəndaşı olaraq, SSRİ-yə azarkeşlik edirdik. Sonralar Tiflis və Kiyev “Dinamo”suna, Moskva “Spartak”ına maraq göstərirdik.
- Bəs “Neftçi”?
- “Neftçi” ən çox istədiyimiz komanda idi. Baxmayaraq ki, cəmi bir dəfə - 1966-cı ildə SSRİ çempionatının bürünc medalı ilə kifayətlənmişdi.
- Deyəsən, yalnız futbolla məşğul olmusunuz...
- Sərbəst güləşlə də məşğul olmuşam. Tələbəlikdə məşqlərə mütəmadi gedirdim. Amma yarışlarda iştirak etməmişəm. Həm uşaqlıqda, həm də tələbəlik illərində idmana marağımız həmişə olub. Amma daha çox futbol oynamışam. 1980-ci illərin əvvəllərində Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığım vaxt da mütəmadi futbol oynayırdıq. Universitetdə ayrı-ayrı respublikaların tələbələrindən ibarət komandalar formalaşmışdı. Biz də azərbaycanlı tələbələrin komandasının heyətində çıxış edirdik. İndi də həyatımda idman mühüm rol oynayır. Oğlum Londonda yaşayır, o da idmanı çox sevir. Evimizdə bəzi hallarda idman mövzusunda diskussiya edirik. Ailəmizdə İtaliya komandaları daim sevilib. Oğlumdan hətta “Yuventus”un hər hansı futbolçusunun çəkisini soruşsan, deyər. Özüm Londonda olanda oğlumla birgə stadionlara futbola baxmağa gedirik. İndi də idmana marağım var, hələ ölməyib. Amma hazırda passiv pərəstişkara çevrilmişəm. Halbuki bir dəfə müəllimim bizə qonaq gəlmişdi. Söhbət edirdik deyə, televiziya vasitəsilə futbolu izləmədim. Amma öz-özümə düşünürdüm ki, necə ola bilər ki, futbolu sevməyəsən, televiziyada futbol getsin, sən isə küçədə harasa gedəsən, yaxud başqa kanallara baxasan... Həyatımda belə hallar çox olub. 2000-ci ildə “Qalatasaray” İngiltərə “Arsenal”ı ilə UEFA Kubokunun final matçını keçirdiyi vaxt biz İranın paytaxtı Tehranda idik. Səfirdən xahiş etdik, oyuna elə səfirlikdə baxdıq və sevimli komandamızın penaltilərlə qələbəsindən sonra küçəyə çıxdıq.
“İdman jurnalistikası sahə mətbuatı içərisində ən önəmlisidir”
- Ölkəmizdə idman mətbuatının hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Azərbaycan jurnalistikasında idman çox önəmli sahədir. Hətta jurnalistikanın iqtisadiyyat, mədəniyyət sahələri içərisində ən önəmlisi, müəyyən pilləyə nail olanı idmandır. Azərbaycanda idman saytları da, idman jurnalları da, idman qəzetləri də, hətta idman telekanalı da var. Qəzetlərdə idmanla bağlı şərhlərə, açıqlamalara, mütəxəssis rəylərinə rast gəlinir. Amma razı qalmadığım məqamlar da var.
- Hansılardır?
- Adətən, idman yeniliklərini izləyirəm. Şahmatçılarımızın bu yaxınlarda Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatındakı nəticəsindən xəbər tutmaq istədim. Azərbaycan saytlarına baxdım, bu barədə heç nə yox idi. Amma Rusiya saytlarında oyunların nəticələri barədə yazılmışdı. Öyrəndim ki, komandamız uduzub. Bəlkə də yığmamız qalib gəlsəydi, öz saytlarımız da xəbəri vaxtında verərdi. Halbuki, bu, belə olmamalıdır. Öz idmançını tərifləyə, tənqid edə bilərsən. Amma bir həqiqət var ki, baş verən olaylarla bağlı informasiya verməlisən. Belə məsələlər məni mütəəssir edir. Bu sahədə də müəyyən peşəkarlığın olması vacibdir. Məni ən çox narahat edən odur ki, idmanla bağlı məqalələrdə sərlövhə seçilmir. Yaxşı yadımdadır: Şakir Yaqubov Tofiq Bəhramovla bağlı yazı yazmışdı. Başlığını belə qoymuşdu: “Bir fit idi, bir top idi, bir də yaşıl meydança”. Görürsünüz, yazının məzmununu ad oxucuya nə qədər çatdırır... Sərlövhə problemi jurnalistikanın başqa sahələrində də var, amma idman jurnalistikasında bu, daha çox hiss olunur. Terminlərlə də bağlı problemlər məni narahat edir. Güləş, cüdo, boks, voleybol və digər növlər üzrə yarışları şərh edərkən, hansı terminlərdən yararlanmağın lazım olduğunu bilməlisən. Çünki tamaşaçılar şərhini də izləyirlər. Oyunlardan öncə mütəxəssislərin iştirakı ilə aparılan təhlillər azdır. Halbuki bu məsələyə əksər aparıcı ölkələrdə böyük diqqət yetirilir. Türkiyədə “Qalatasaray” – “Fənərbağça” oyunu öncəsi yaradılan ajiotaj tam fərqli olur. İngiltərə çempionatındakı derbilərə öncədən xeyli hazırlıqlar gedir. Belə oyunlar media vasitəsilə ictimaiyyətə yüksək səviyyədə çatdırılır. Artıq bu ölkələrdə idman məişətə keçib, həyat tərzinə çevrilib. Məsələn, yeməklə idmanı eyni tuturlar. Vitaminli yeməklər bədənə kalori verirsə, idman mənəvi kalori bəxş edir.
- Bəs Azərbaycanda bu sahədəki vəziyyətdə irəliləyiş müşahidə edirsiniz?
- Çox sevinirəm ki, Azərbaycanda “Neftçi” – “Xəzər Lənkəran” derbisi formalaşır. Yaxın gələcəkdə ölkəmizdə çox möhtəşəm tədbirlər keçiriləcək. Azərbaycan dünya idmanının bir sahəsinə çevrilməkdədir. Beyinlərin yarışması olan şahmat növündə komandamız ikinci dəfə Avropa çempionu olmağı bacarır. Gənclər formalaşma dövründə idmançı olmağı düşünməyə başlayırlar. Burada maddi amillər də rol oynayır. Əvvəllər müğənni olmağı fikirləşirdilər. “Çıxaq oxuyaq, pul qazanaq” deyirdilər. İndi Azərbaycanda olimpiya hərəkatı hərtərəfli inkişaf səviyyəsindədir. İnsanın gərginliyinin azaldılması, əsəblərinin sakitləşməsi, bədənin sağlamlığı üçün idman çox önəmlidir. Düzdür, bəzən komandası uduzan azarkeş dava salır, özünü tribunadan yerə atır. Amma elə stadionlar var ki, orada meydanla tribunalar arasında sədd yoxdur. Yəqin ki, biz də buna nail olacağıq. Media eyni zamanda tamaşaçı yetişdirməlidir. Tamaşaçı oyunu duymalı, oyunla yaşamalıdır. Etiraf edək ki, Azərbaycanda bəzi hallarda tamaşaçıların oyundan xəbərləri olmur. Bax, onları yetişdirmək lazımdır. Biz də şərq ölkəsiyik, Türkiyə də. Türkiyə bizdən daha mühafizəkardır. Amma orada qadınların futbola baxmağa getməsi halları daha geniş yayılıb. Bax, bizdə də media bu yöndə təbliğat aparmalıdır. Əgər biz idmanı məişət tərzimizə çeviririksə, qadınların da, uşaqların da iştirakı çox önəmli olmalıdır. Əsas şərt idman mediasının ixtisaslaşmasıdır. Xarici ölkələrdə hətta uşaq futbolundan biri, böyük futboldan isə digəri yazır. Lakin bizdə ixtisaslaşma yenicə başlayıb. Bu da jurnalistikada müəyyən problemlər yaradır. Hesab edirəm ki, ixtisaslaşma dərinləşməlidir. Jurnalist idmanı idmançı qədər bilməli, idmançı qədər peşəkar olmalıdır. Görün, jurnalistin üzərində nə qədər məsuliyyət var. Bax, bunlar bizdə hələlik yoxdur. Lakin jurnalistikanın başqa sahələrinə nəzərən, idman jurnalistikası kifayət qədər inkişaf etmiş sahədir.
“Əsas məqsədimiz idman sahəsindən yazan jurnalistlərin peşəkarlığının artırılmasıdır”
- İdman mediasının inkişafı istiqamətində hansı işləri görürsünüz?
- 2011-ci ildə Azərbaycan futbolunun 100 illiyi ilə bağlı tədbirlərdə biz də iştirak etdik. Bakı Futbol Federasiyası ilə birgə jurnalistlərimizlə polislər, deputatlar arasında futbol matçları təşkil etdik. Məqsəd idmanın təbliği idi. Həm jurnalistlərlə polislər, millət vəkilləri arasında əlaqələr formalaşır, həm də idman ayrı-ayrı sahələrdə həyat tərzi olduğu kimi, ümumi həyat tərzinə çevrilir. İndiyədək “Şərq”, “Səs”, “Yeni Azərbaycan” qəzetləri jurnalistlər arasında müxtəlif növlər üzrə turnirlər keçirib. “Olimpiya dünyası” qəzeti isə gələn ildən olimpiya hərəkatının daha geniş təbliği üçün tədbirlər planı hazırlayıb. Nəinki Bakıda, Azərbaycanın hər yerində silsiləvi tədbirlər keçiriləcək. Gənc idmançıların veteranlarla görüşləri, müəyyən oyunların təşkili istiqamətlərində Mətbuat Şurasının görəcəyi işlər çoxdur. Əsas məqsədimiz idman sahəsindən yazan jurnalistlərin peşəkarlığının artırılmasıdır. Bu istiqamətdə Milli Olimpiya Komitəsi ilə birgə seminarlar keçirəcəyik.
- Belə bir tədbiri Beynəlxalq İdman Mətbuatı Assosiasiyası da keçirəcək...
- Bir var ki, ildə bir neçə seminar keçirəsən, bir də var idman sahəsindən yazan jurnalistlərin peşəkarlıqlarının artırılması istiqamətində işlər görəsən. Medianın dayaqları hələlik zəifdir. Ona görə də mətbu orqan müxtəlif idman növləri üzrə jurnalistlər saxlaya bilmir. Medianın iqtisadi bazasından asılı olaraq, ixtisaslaşma dərinləşdikcə, bu sahədə böyük irəliləyişlər olacaq.
- Bəs Mətbuat Şurasında idman jurnalistikası şöbəsi açmaq fikriniz var?
- Yox, Mətbuat Şurası bu məsələlərə konseptual yanaşır. Bütün mətbuatın problemləri eyni müstəvidə müzakirə edirik, peşəkarlıqla bağlı müəyyən istiqamətlər, məsələn, jurnalistlərin hüquq-mühafizə orqanları ilə iş prinsipi, əlaqələri və s. üzrə seminarlar keçiririk. Milli Olimpiya Komitəsi ilə idman sahəsindən yazan jurnalistlərin ixtisaslarının artırılması üçün bəzi tədbirlər təşkil edirik. “Futbol+”, “Futbol+qol”, “Olimpiya dünyası” qəzetləri KİV-ə Dəstək Fondundan maliyyə yardımı alırlar. Yardım alırlar ki, peşəkarlıqlarını artırsınlar. Amma görünür, bazar hələ futbol jurnalistinə daha çox ehtiyac duyur. Hər hansı idman növünə olan marağa əsasən, həmin növ üzrə jurnalistlərə də ehtiyac duyulur. Məsələn, artıq ölkəmizdə voleybola maraq artıb, səviyyəli ölkə çempionatı gedir. Bu halda, voleybolu bilən jurnalistin olması gərəklidir. 2015-ci ildə Avropa Oyunları, 2016-cı ildə Ümumdünya Şahmat Oyunlarının Bakıda təşkili idman jurnalistlərinin peşəkarlığının artmasına təsirsiz ötüşməyəcək.
“Tamaşaçılar stadionlara getmir”
- Türkiyə futbolunun hazırkı durumunu necə dəyərləndirərdiniz?
- Qardaş ölkədə futbolun yüksəlişi 2000-ci ildə “Qalatasaray”ın UEFA Kubokunu və Superkuboku qazanmasından sonra başladı. O vaxtlar Türkiyə futbolu deyəndə “Qalatasaray” nəzərdə tutulurdu. Sonradan George Hacı, Hakan Şükür, Arif Ərdəm kimi ulduz futbolçular komandanı tərk etdi və onların yerinə layiqli yeni nəsil gələ bilmədi. Bu, əsasən, maliyyə ilə bağlıdır. Amma görünür, bəzi məqamlarda yüksək səviyyəli futbolçuların bir yerə toplaşması maliyyə ilə əlaqəli məqamları arxa plana çəkir. Bir istək, səviyyə formalaşır, nəticədə komanda bir neçə mövsüm yaxşı oynayır.
- Maliyyədən söz düşmüşkən, azərbaycanlı iş adamı Hafiz Məmmədovun Fransanın “Lans” və İspaniyanın “Atletiko” klublarına sərmayə qoymasına münasibətiniz necədir?
- Bu ənənə Azərbaycanda hələ yenicə başlayır. Tamaşaçılarımız stadionlara getmir, oyunlar boş tribunalar önündə keçirilir. Ona görə də azərbaycanlı biznesmenlərin öz futbolumuza marağı elə də yüksək səviyyədə deyil. Düzdür, Hafiz Məmmədov Azərbaycanın “Bakı” klubunun prezidentidir. Lakin belə insanlar bizdə yeni-yeni ortaya çıxırlar. Rusiyalı milyarder Roman Abramoviç də İngiltərənin “Çelsi” klubunu alıb. Belə adamlar futboldan gəlir əldə etmək yox, azart məqsədilə yararlanırlar. Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Xəzər Lənkəran”a sponsorluq etməsi, onun əslən cənub regionundan olması ilə də bağlıdır.
- Azərbaycan çempionatı Gürcüstan və Ermənistan birinciliklərindən səviyyəcə üstündür. Amma yığma komanda səviyyəsində hər iki ölkə millisindən zəifik. Bunu nə ilə əlaqələndirərdiniz?
- Çünki onların xarici çempionatlarda futbolçuları çoxdur. Nəticədə milli komanda səviyyəsində müəyyən nailiyyət əldə edirlər.
- Niyə Azərbaycanda komanda növləri fərdi növlərə nəzərən yüksək səviyyədə inkişaf edib?
- SSRİ çempionatında Azərbaycanı daim 1 komanda təmsil edib. Yalnız 1 mövsüm “Neftçi” ilə yanaşı, Gəncə “Dinamo”su da güclülər dəstəsində oynayıb. SSRİ çempionatında bürünc medal qazandığı vaxt “Neftçi”nin heyətindəki oyunçuların əksəriyyəti qeyri-azərbaycanlılar – ruslar, ermənilər və başqa millətlərdən idi. Yəni, Azərbaycanda futbol ənənəsi olmayıb. Görünür, bu da millətin nəyi iləsə bağlıdır ki, komanda növlərini hələ də qəbul edə bilmir. Şahmatı yaxşı oynayırıq, güləşdə rəqiblərimizi uduruq, amma komanda növləri gələndə paxıllıq edirik, nə edirik bilmirəm.