Böyükağa Hacıyevdən püşkatmaya münsibət: "Rəqibdən qorxacaq yerimiz yoxdur"
23 iyun 2014 21:17 (UTC +04:00)

Böyükağa Hacıyevdən püşkatmaya münsibət: "Rəqibdən qorxacaq yerimiz yoxdur"

“Bu, püşkatmadır, Allahın qismətidir. Yəni buna biz heç bir narazılıq bildirə bilmərik”. Bunu apasport.az saytına “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.


Bu gün Avroliqanın püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə “Neftçi”nin II təsnifat mərhələsindəki potensial rəqiblərinin adlarına aydınlıq gəlib. Son ölkə kubokunun qalibi olan bakılılar “Koper” (Sloveniya) - “Çelik” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

Böyükağa Hacıyev Sloveniya və ya Monteneqrodakı görüşlərdən birini şəxsən canlı izləyəcəyini bildirib: “Hələ komandalardan hansının bizə rəqib olacağını dəqiq bilmirik. Buna iyulun 10-da aydınlıq gələcək. Şəxsən özüm ya iyulun 3-ü, ya da 10-da Sloveniya və ya Monteneqroda keçiriləcək görüşlərdən birini izləməyə, oyuna əyani baxmağa hazırlaşıram. Bu izlədiyim görüşdən sonra komandalar haqqında tam təsəvvürüm olacaq. Məhz bundan sonra fikir yürütmək mümkündür. Kimin bizə düşməsinin fərqi yoxdur. Biz yenə oyuna yüksək əhval-ruhiyyə ilə, qələbə əzmi və mərhələ keçmək istəyi ilə çıxacağıq. Açıq deyim, bu gün bizim az da olsa rəqibdən nə qorxacaq, nə də çəkinəcək yerimiz yoxdur. Hər şeydən əvvəl özümüzü fikirləşməli, komandanı oyunlara düzgün hazırlamalıyıq. Bu yöndə də artıq Boluda işlərimiz başlayıb və sona yetmək üzrədir. Yəqin ki, Avstriya toplanışı zamanı bütün bu məsələlərin hamısına yekun vurulacaq”.

“Neftçi” ilk görüşünü evdə keçirəcək. Ancaq Hacıyev bunun onun üçün böyük önəm kəsb etmədiyini belə izah edib: “İlk oyunu evdə və ya səfərdə keçirməyimizin fərqi yoxdur. Vuranla vurulanın yerini dəyişdikdə hasil dəyişməz. Onsuz da bu 2 oyun keçiriləcək. Əgər Avropada oynayırsa, bu, zəif rəqib ola bilməz. Deməli, bu komandalar ölkələrində ən yaxşı klublardır. Rəqibi qiymətləndiririk və hörmətlə yanaşırıq. Bu matçlara çox ciddi hazırlaşacağıq”.

Qeyd edək ki, “Neftçi” ev oyununu iyulun 17-də, cavab matçını isə həmin ayın 24-də keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar