Vaqif Sadıqovlu AZAL XXI milli çempionata çox yaxşı başlamışdı. Xüsusən də V tur çərçivəsində "Qarabağ" üzərində qazanılan 6:2 hesablı qələbə "təyyarəçilər"i xeyli ruhlandırmışdı. Həmin vaxt paytaxt klubunun çempionluq mübarizəsində sonadək döyüşəcəyi yönündə fikir formalaşmışdı.
Ancaq tezliklə AZAL-ın bir atımlıq barıtı olduğu üzə çıxdı. Sadıqovun rəhbərlik etdiyi kollektiv VIII turda evdə "Xəzər Lənkəran"a 2 cavabsız topla yenildikdən sonra "təyyarə" səmtini dəyişdi. AZAL-ın qeyri-sabit çıxış etməsi və iddialı klublarla duellərdən üzüağ çıxa bilməməsi komandanın ilk "altılıq"dan kənar qalması ilə nəticələndi. Üstəlik, bakılılar ötən ilin noyabrında ölkə kubokunun 1/8 finalında "Simurq"a uduzmaqla, alternativ variantla avrokuboka düşmək şanslarını da itirmişdilər.
Az pulla çox iş görmək istəyi
Ötən ilin aprelində AZAL-ın baş məşqçisi təyin olunan Vaqif Sadıqovun komandasının növbəti mövsümə hazırlamaq üçün yetərincə vaxtı vardı. "Təyyarəçilər" çempionatın son oyunlarını yola verməli, gələcək barədə düşünməliydilər. Belə də etdilər. Paytaxt klubu yay fasiləsində transfer bazarında ən fəallardan idi. Junior Nildonun timsalında yaxşı hücumçu tapan AZAL digər mövqelərə də ciblərinə uyğun yerli və əcnəbi futbolçular aldılar. Həmçinin, Sadıqov komandanı formalaşdırmaq üçün yetirmələrini bir sıra yoxlama görüşlərində sınaqdan keçirdi.
Bir sözlə, lazım olan hər şey edildi. Di gəl ki, xərclənən pullar və görülən işlər "təyyarəçilər"in hədəflərinə çatmaqdan ötrü yetərli olmadı. Səbəb? Mövsüm başa çatandan sonra AZAL-da yaşanan "yarpaq tökümü" komandada müəyyən problemlərin olmasından irəli gəlir. Əsas çatışmamazlıq isə maliyyə ilə bağlıdı.
Mövsümün gedişində dəfələrlə paytaxt təmsilçisinin oyunçularının maaşlarını vaxtında verməməsi yönündə xəbərlər oxuduq. Həmçinin, "təyyarəçilər"in büdcə baxımından "Neftçi", "Bakı", "İnter", "Xəzər Lənkəran", "Qəbələ" və "Qarabağ"dan geri qaldığı da göz önündədi. Göründüyü kimi, AZAL az pulla çox iş görmək istəyir. Ancaq unutmayaq ki, pul hər şey olmasa da, çox şeydi. Necə deyərlər, ayağını yorğanına görə uzatmalısan. Bakılıların bu gün avrokubokdan kənarda qalmasını yalnız baş məşqçinin "günah dəftəri"nə yazmaq düz çıxmaz. Vaqif bəy yetərincə təcrübəyə malik birisidi.
Mənasız qələbələr və kölgədə qalan gənclər
Görünür, elə bu səbəbdən də AZAL rəhbərliyi Sadıqova toxunmadı. Zatən, toxunsaydılar, bu, yanlış addım olardı. Ancaq açığı, "təyyarəçilər"in çempionatın təsnifat mərhələsindəki çıxışına heç cür anlam verə bilmədim.
Tamam, bakılılar ikinci "altılıq"da məğlubiyyət üzü görmədən çempion oldular, final mərhələsində ardıcıl 8 qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşdülər, 10 görüşdən 9-dan 3 xalla ayrıldılar və s. Hə, nə olsun? Axı, bu, qələbələr turnir baxımından heç bir önəm daşımır. Formal yox, ciddi görüşlərdə şirə dönmək lazım idi.
Razıyam, komanda ruhunu saxlamaq, növbəti mövsüm üçün daha təkmilləşmiş bir kollektiv yaratmaqdan ötrü qələbə və onun gətirdiyi müsbət motivasiya vacibdi. Ancaq mövsüm başa çatdıqdan sonra heyətdə yer alan əsas simalar başqa klublara üz tuturlarsa, demək, həmin qələbələrin bu baxımdan da anlamı qalmır. Və kimsə deməsin ki, Junior Nildonun və ya Zohair Benouahinin gedəcəyini öncədən bilmirdilər. Onların AZAL-la yollarını ayıracaqları bir müddət əvvəldən məlum idi.
Şəxsən mən, vaxtı ilə "Şəfa"da çalışan, bir çox oyunçuların yetişməsində müstəsna xidmətləri olan Sadıqovdan fərqli yanaşma gözləyirdim. Gözləyirdim ki, Vaqif bəy formal xarakterli görüşlərdə əsasən əvəzedicilərdə çıxış edən gənclərə şans verəcək, əsas komandaya yeni oyunçular qazandıracaq. Hər halda, hər bir futbolçu üçün premyer-liqa təcrübəsi olduqca önəmlidi. Amma nədənsə, Sadıqov artıq "Xəzər Lənkəran"ın rənglərinə bağladığı Nildo, Benouahi və nə oynadıqları bəlli olmayan legionerlərə şans verdi.
Gənclər isə nadir hallarda gözə dəyirdi. Doğrudanmı, AZAL-ın əvəzedicilərində premyer-liqanın formal görüşlərində meydana çıxmağa gücü olan 4-5 gənc yoxdu? Yoxdusa, niyə yoxdu? Varsa, niyə oynatmırsız?
Bu cür iddialı klub olmaz
Bir neçə gün öncə AZAL-ın vitse-prezidenti Vaqif Qasımov Saşa Yunisoğlu və Andryus Veliçka transferlərinə görə baş məşqçini qınadı. Klub rəsmisi adaşına xitabən dedi ki, əgər onlara şans verməyəcəkdinsə, niyə transfer edirdin? Qasımov həmçinin danışmaq istəmədiyi mətləblərin olduğuna da diqqət çəkdi.
Başa düşürəm, az pulla çox iş görmək istəyən klubun vitse-prezidentinin bu cür danışması normaldı. Ancaq uğursuz transferlər hər bir komandada olur. Alınan hər futbolçunun ümidləri doğrultması dünyanın heç bir yerində görünməyib. Digər tərəfdən, Yunisoğlu ilə Veliçka AZAL-a bir ətək pula başa gəlməyiblər ki.
Deyək ki, bu transferlər Sadıqovun çox ciddi səhvidi. Aqil Nəbiyevlə dil tapmamağı da onun nöqsanı kimi qəbul edək. Bəs, AZAL rəhbərliyi nə edir? Onların xəbəri varmı ki, mətbuatda "AZAL dağılır" sərlövhəli xəbərlər gündəmi zəbt edib? Qarşısına ciddi məqsədlər qoyan komanda heç əsas oyunçularını satarmı? Təkcə Nildo getsəydi, dərd yarıydı. Benouahi, ardınca Usim Nduka, Viktor İqbekoyi, Tagim Novruzov... Yox, AZAL sözün əsl mənasında dağılır. Belə çıxır ki, Vaqif bəy növbəti mösüm üçün yeni bir kollektiv formalaşdırmaq məcburiyyətindədi. Halbuki "təyyarəçilər"in heyəti artıq oturuşmuşdu və növbəti mövsümdə daha yaxşı çıxış edəcəkdilər. Ancaq AZAL rəhbərliyi əsas oyunçuları buraxmağı üstün tutdu. Adını da qoydular ki, futbolçunun ürəyi istəmirsə, zorla saxlamaq olmaz. Axı, Nildo və ya Benouahi niyə "Xəzər Lənkəran"a qaçmalıdı? Adətən əcnəbilər əyalətdən paytaxta meyl edir, burada isə əksinədi. Çünki AZAL Lənkəran təmsilçisi ilə müqayisədə onlara çox aşağı maaş təklif edir. Amma buna rəğmən, rəhbərlik növbəti mövsümdə baş məşqçidən həmin "Xəzər Lənkəran"la başa-baş mübarizə aparmağı tələb edəcək. Bəlkə də gedənlərin yerini dolduracaq oyunçular alındı. Ancaq onların heyətə uyğunlaşması və özlərini göstərməsi zaman alacaq. Bunun müqabilində AZAL yenə avrokuboklardan kənar qalacaq, özlərini göstərən yeni transferlər isə başqa klublara qaçacaqlar. Bu cür iddialı klub olmaz...
"Sport-Ekspress"
AZAL dağılır
2544