Mayın 26-da Qəbələ rayon sakinləri birinci Avropa Oyunlarının məşəlini aparan estafet iştirakçılarını qarşılayıblar.
APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərinin Heydər Əliyev prospektində quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəli bədən tərbiyəsi və müəllimi Anar Mustafayev qəbul edib. Məşəl qəbul edildikdən sonra yürüşə start verilib və 10 nəfər idmançı 2.5 kilometr məsafədə məşəl yürüşünü davam etdirib. Gənc idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev, S.Vurğun küçələrindən keçərək Heydər Əliyev parkına gəliblər. Birinci Avropa Oyunlarının məşəl estafetini ardıcıl qəbul edən idmançıları meydana toplaşan insanlar qarşılayıblar. Doqquzuncu idmançıdan məşəli alaraq yürüş edən Qəbələ Olimpiya İdman Kompleksinin məşqçisi Ehsan Nəzirov səhnəyə qalxaraq məşəli alovlandırıb. Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağını isə 11-ci sinif şagirdi Bəhram Əhmədzadə yandırıb. Çıraq yarışlar başa çatana qədər Heydər Əliyev Mərkəzində saxlanılması üçün Qəbələ Olimpiya İdman Kompleksinin direktoru Məmməd İsmayılova təqdim olunub.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Respublikanın və rayonun incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub. Sonda atəşfəşanlıq olub.