Avropa Oyunları ilə bağlı Koordinasiya Komissiyası yaradıldı - SİYAHI
13 aprel 2013 15:09 (UTC +04:00)

Avropa Oyunları ilə bağlı Koordinasiya Komissiyası yaradıldı - SİYAHI

Avropa Olimpiya Komitəsi (EOC) 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı Koordinasiya Komissiyası yaradıb. Lent.az-ın EOC-un rəsmi saytına istinadən verdiyi məlumata görə, komissiyanın tərkibini qurumun prezidenti Patrik Hikki açıqlayıb.

 

O bildirib ki, ilk Oyunlar qitənin elit idmançıları üçün çoxprofilli idman hadisəsi sayılacaq və 7000 idmançının iştirakı ilə 2015-ci ilin iyununda təşkil olunacaq. Komissiyanın sədri vəzifəsinə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos təyin edilib. Sədr müavini isə Xorvatiya Olimpiya Komitəsinin prezidenti Zlatko Mateşa olub. Komissiyanın daha 14 üzvü var:

 

1. Alexandro Blanko – İspaniya Olimpiya Komitəsinin prezidenti

2. Andre Bolhius – Hollandiya Olimpiya Komitəsinin prezidenti

3. Quido de Bont – Belçika Olimpiya Komitəsinin baş katibi, Avropa Yeniyetmələrinin Olimpiya Festivalının sədri

4. Sergey Bubka – Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının vitse-prezidenti, Ukrayna Olimpiya Komitəsinin prezidenti

5. Endryu Kreyq – məsləhətçi

6. Nəşə Gündoğan – Türkiyə Olimpiya Komitəsinin baş katibi

7. Yanets Kotsiyançiç – Sloveniya Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Xizəksürmə Federasiyasının vitse-prezidenti

8. Denis Masseqlia – Fransa Olimpiya Komitəsinin prezidenti

9. Nils Niqard – Danimarka Olimpiya Komitəsinin prezidenti

10. Pirs O Kallagen – məsləhətçi

11. Arturus Poviliunas – Litva Olimpiya Komitəsinin fəxri prezidenti

12. Bernhard Şvank – 2018-ci il Münhen Qış Olimpiya Oyunlarının keçmiş icraçı direktoru, DOSB-nin İdman Ustalığı Direktoru

13. Rocer Talermo – Finlandiya Olimpiya Komitəsinin prezidenti

14. Albert Vuds – Avropa Kanoe Federasiyasının prezidenti, Böyük Britaniya Olimpiya Assosiasiyasının vitse-prezidenti

 

Komissiyanın hər bir üzvü Avropa Oyunlarının hazırlıq prosesinə etibarlı və hərtərəfli qiymətin verilməsi üçün konkret texniki məsələlərdə məsuliyyət daşıyacaq. Onlara Hikkinin özü, EOC-un vitse-prezidenti Aleksandr Kozlovski, baş katib Raffaele Panyotsi və xəzinədar Kikis Lazaridisin tam və fəal dəstək verəcək.

 

EOC prezidentinin fikrincə, bu, çox güclü Koordinasiya Komissiyasıdır. Hər bir üzv zəngin təcrübə və biliyə malikdir. Bu da 2019-cu ildə keçiriləcək növbəti Avropa Oyunlarının təşkilinə böyük köməklik göstərəcək. Eyni zamanda Azərbaycanda da texniki ekspertlər təyin olunacaq.

 

Qeyd edək ki, I Avropa Oyunlarının Bakıda təşkilinə dair qərar EOC-un 2012-ci ilin dekabrında İtaliyanın paytaxtı Romada keçirilən Baş Assambleyasında verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846
avatar

Oxşar yazılar