Bu gün Avropa Liqasında mövsümün ilk püşkatması keçiriləcək.
Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilk iki təsnifat mərhələsinin püşkü atılacaq.
UEFA-nın mənzil qərargahındakı tədbirdə 39 ölkədən 114 komanda iştirak edəcək. Bakı vaxtı ilə saat 15:00-da 2016/17 mövsümünün I təsnifat mərhələsinin cütləri bəlli olacaq. Burada 96 komanda rəqiblərini tanıyacaq.
Bu komandalar indidən əmsalına görə iki səbətə bölünüb. Azərbaycanın üç klubundan ikisi – “Neftçi” və “Qəbələ” daha yaxşı reytinqlilərin – səpələnmişlərin sırasındadısa, “Kəpəz” səpələnməmişlər səbətindədir.
İyunun 30-da və iyulun 7-də baş tutacaq I təsnifat mərhələsində təmsilçilərimizdən hərəsi 45 mümkün komanda ilə qarşılaşa bilər. Klublarımız bir-biri, həmçinin Ermənistan klubları ilə düşə bilməz.
Saat 16:30-da isə II təsnifat mərhələsinin püşkü atılacaq. Burada 48 cüt və mübarizəyə bu raunddan qatılan 18 komanda iştirak edəcək. Cütlər reytinqi yüksək olan tərəfin əmsalına uyğun səbətə daxil ediləcək. Bu üzdən “Neftçi”nin yer alacağı cüt səpələnmiş, “Qəbələ”ninki səpələnməmiş olacaq. “Kəpəz”in yer alacağı cütün hansı səbətdə olacağı ilk rəqibin kimliyindən asılıdır. Bu mərhələnin 33 cütü isə iyulun 14 və 21-də qarşılaşacaq.
Çempionlar Liqasında mövsümün ilk püşkatması isə Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bu turnirdə 38 çempionun rəqibləri bəlli olacaq. UEFA reytinqinin 47-54-cü ölkələrinin çempionları 4 cüt təşkil edəcək. Püşköncəsi bu 8 komanda da iki səbətə bölünüb. Bu mərhələnin oyunları iyunun 28-29 və iyulun 5-6-da baş tutacaq.
Ardınca II təsnifat mərhələsinin püşkü atılacaq. Reytinqdə 16-46-cı olanların (Lixtenşteyn istisnadı) çempionları və I raundun 4-cütü hərəsində 17 komanda olmaqla 2 səbətə bölünəcək.
Ardıcıl 3-cü dəfə Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” da bu mərhələnin 17 səpələnmiş komandasında biri olacaq. Bu isə o deməkdi ki, Ağdam təmsilçisi digər səbətdəki 13 klub və 3 cütlüklə, yəni 19 komandadan biri ilə düşə bilər. Yalnız Ermənistan çempionunun yer alacağı cüt təmsilçimizə rəqib ola bilməz.
Püşkatmadan bir neçə saat əvvəl UEFA səbətlərdəki komandaları qruplara böləcək. Bununla da hər klubun mümkün rəqiblərinin siyahısı daralacaq.
“Qarabağ”ın mübarizəyə başlayacağı II təsnifat mərhələsinin oyunları iyulun 12-13-də və 19-20-də keçiriləcək.