Azərbaycan xanımlarının böyük qismi futbolla maraqlanmır desək, yanılmarıq. Bu səbəbdən futbol sektorunda xanım görəndə təəccübümüzü gizlədə bilmirik. Amma elə xanımlar da var ki, futbol onlar üçün şəxsi həyatdan öndədir.
3-4 il əvvələ qədər heç kim inanmazdı ki, azərbaycanlı FİFA agentlərinin sırasında xanım da yer alacaq. Amma o bunu bacardı. Söhbət Günel Rusmandan gedir.
FİFA lisenziyası alan yeganə xanım menecer Günel artıq öz şirkətini də qurub. “GR Football Agency” adlanan bu şirkət təkcə yerli oyunçular deyil, əcnəbilərlə də əməkdaşlıq edir. Daha ətraflı isə Rusmanın özü Lent.az-a müsahibəsində danışıb...
- 2010-cu ildə ilk dəfə “Qarabağ”ın Avroliqa oyununa baxmağa getdim. Buna qədər heç futbola baxmamışdım, xəbərim də yox idi. Həmin matçdan sonra isə futbola tez-tez getməyə başladım. O qədər bəyəndim ki, bilmirdim futbolun içində necə olum. Həmin vaxt Deni Qaysumovla danışırdım. O, mənə futbolla bağlı xəbərlər verirdi. Dedi ki, “xvatka”n yaxşıdır, qoçaq və ünsiyyətcilsən, səndən yaxşı menecer çıxar. Bundan sonra karyerasının son illərini yaşayan futbolçularla əlaqə saxladım. Hər gün onları futbolla bağlı sorğu-sual edirdim. Danışıqlarından mənə elə gəlirdi ki, menecerlikdən asan iş yoxdur: futbolçunu tapırsan, təklif edirsən və klublar da alırlar. Ağlıma da gəlmirdi ki, bu sahədə rəqabət, prinsip ola bilər. İşin içinə girdikdən sonra fikirlərim dəyişdi.
- Menecerliyə gəlməmişdən öncə hansı işlə məşğul olurdunuz?
- Ev alqı-satqısı ilə məşğul idim. Dəllallıq etmirdim, sadəcə göydələnlərdəki evləri alıb, təmir etdirib, satırdım. Həmin iş də mənə çox maraqlı gəlirdi, çünki yaradıcılıq var. Satmamışdan qabaq evin bütün dizaynını dəyişirdim. Ev biznesini futbola atanda ilk 2 il ərzində maddi vəziyyətim yaxşı olmadı. Çünki o biri işin başını tamam buraxdım. Hər gün stadionlara gedib məlumat toplayırdım, futbolçularla münasibət yaradırdım.
- Bayaq vurğuladınız ki, menecerlər arasında da rəqabət var. Özünüzü qəbul etdirə bildiniz?
- Daha çox şey gözləyirdim, amma əksinə olur. Azərbaycan futbolunu xanım menecer kimi təmsil edən yeganə mənəm. Dəstək gözləyirdim, amma onu görmürəm. Əksinə, ayağımdan çəkirlər, mane olmaq istəyən çoxdur.
- Qadın olmağınızın bu sahədə köməyi dəyir sizə?
- Üstünlüyü yoxdur, əksinə mənfi cəhətləri daha çoxdur. Çətinlik çox yaradırlar. Kişi olsaydım, daha çox irəli gedərdim. Bu yaxınlarda Türkiyənin akula menecerləri – Mətin Qorxmaz və Ceylan Çalışqanla görüşdüm. İkisi Türkiyə futbolunu ələ alıb. Onlar da dedilər ki, menecerlikdə qadın olmağın sənin üstünlüyün deyil.
- Bildiyimiz qədərilə, Xəzər Universitetində təhsil almısız...
- 3 kurs oxumuşam, universiteti bitirməmişəm. Buna səbəb ailə həyatı qurmağım olub. Açığı, oxumağa həvəsim yox idi. Boş yerə oxumağı xoşlamıram. Qarşıma konkret məqsəd qoyuram və ona çatmaq üçün çalışıram. Mənim xarakterim belədir ki, işləmək lazımdır, oxumaq yox.
FİFA meneceri olmaq üçün isə təhsil almaq lazım deyil. FİFA-nın reqlamentləri var, onlara hazırlaşırsan. Bir də FİFA-nın statusunu oxuyub, öyrənirsən. Hardasa 3 ay hazırlaşdım. Bəlkə də, futbolun içində bir adam olsa, bu qədər əziyyət çəkməzdi. İmtahanı AFFA-da verdim. Mənimlə birlikdə Yaşar Rüstəmov, səhv etmirəmsə, “Abşeron” klubunun prezidenti idi, o da imtahan verdi, amma keçə bilmədi. “İnstaqram”da biri şəklimin altında yazmışdı ki, sənin kimiləri “day-day”ın hesabına irəli gedib, futbolu bilən oğullar isə “day-day”ları olmadıqlarına görə kənarda qalıb. Ona cavab verdim ki, birincisi kişi nədir, “day-day” nədir. İkincisi də, bu işdə “day-day” keçmir. Orda tapşırıq rol oynamır. FİFA-nın lisenziyasını 2012-ci ildə aldım. Əvvəl lisenziya almaq fikrim yox idi. Bakıya Saffet Sancaklı gəlmişdi. İndi siyasətçi olsa da, o vaxt futbol agenti idi. Dedi ki, lisenziya alsan, səninlə iş birliyi quracağam. Sağ olsun, o deməsəydi, lisenziya ağlıma da gəlməzdi. Bundan sonra tam gücümlə imtahana hazırlaşdım və keçdim. Lisenziya alan kimi şirkətin işi ilə məşğul oldum.
- Ən çox hansı futbolçularla əməkdaşlıq edirsiz: yerli, yoxsa xarici?
- Yerli. Xarici futbolçularla menecerlərim işləyir. Yalnız bir xarici var ki, mənim futbolçumdur. Qanalıdır, Tacikistanda oynayır. Tacikistanın yığmasına da dəvət ediblər onu. Mənimlə müqavilə bağlayıb. Onu buraya gətirmək istəmirəm, çünki səviyyəsi həddindən artıq yuxarıdır. Həm də bizimkilər deyəcəklər ki, Tacikistanda oynayıbsa, nə futbolçudur.
- Yerli futbolçulardan kimlər sizinlə çalışır?
- Rasim Ramaldanov, Nurlan Novruzov, Məqsəd İsayev, Kərim Diniyev, Həsən Həsənov. Bilirsiz, azərbaycanlı futbolçu ilə müqavilə bağlamaq çox çətindir. Müqaviləsiz isə mən işləmirəm. Müqavilə bağlamaq onlar üçün dəhşətli bir şeyə oxşayır. Heç cür başa sala bilmirəm ki, bu sizin də xeyrinizədir. O qədər olur ki, futbolçu klubla müqavilə bağlayır, sonra pulunu ala bilməyəndə onlar üçün problem olur. Əgər menecerləri olsaydı, bu halla üzləşməzdilər. Bunlar elə bilirlər ki, menecerlə müqavilə bağlasalar, gələn başqa təkliflərə yolları bağlanacaq. Hər dəfə başa salıram ki, meneceri olan futbolçular daha dəyərli, hörmətli olurlar. Xaricdə 12 yaşından futbolçunun meneceri olur. Biz FİFA agenti olaraq, futbolçu ilə 2 ildən artıq müqavilə bağlaya bilmərik.
- Müqavilənin onlar üçün ziyan olmadığını futbolçular niyə başa düşmürlər: xarakterlərində problem var, ya savadları azdır?
- Bəzi menecerlər olub ki, bunların müqaviləsində iştirak edib, pullarını alıblar, amma onun sonrakı karyerası üçün maraq göstərməyiblər. Bəlkə də, bundan irəli gəlir.
- Bir menecer olaraq, qarşınıza hansı məqsədi qoymusunuz: bizim futbolçuları kənara çıxarmaq, ya çoxu kimi legionerləri Azərbaycana daşımaq?
- Bizim futbolçuları kənara çıxarmaq. Amma bu vaxta qədər heç kimi kənara çıxara bilməmişəm (gülür). Çünki futbolçular yüz dil danışırlar. Çox cəhd etmişəm. Futbolçu olub ki, onun 10 müxtəlif diskini göndərmişəm klublara, amma sonra mənimlə müqavilə bağlamayıb. Buna rəğmən, demişəm eybi yoxdur, həvəsdən düşməmişəm. Amma öyrənəndə ki, həmin klublar özləri uşaqla əlaqəyə çıxıblar, sözün əsl mənasında, sındım. Bundan sonra dedim ki, bir də müqaviləsiz işləmərəm. Belə hallar çox olur futbolda. Bunun qarşısını yalnız müqavilə bağlamaqla ala bilərsən. Bir də futbolçunun insani tərəfləri böyük rol oynayır, futbolçu gərək insan ola. Pul hərisi olanlarla işləmək çox çətindir. Elələri insanlığı, dostluğu yox, ciblərini düşünürlər.
- Bizim futbolçuların kənara çıxa bilməmələrinin səbəbkarı özləridir, ya..?
- Bəli, özləridir. Bizim futbolçular 1 dəqiqə içində 10 fikrə düşə bilərlər.
- Amma futbolçular deyir ki, bizdə yaxşı menecer yoxdur, reklam edib, bizi xaricə çıxara...
- Reklam o vaxt başlayır ki, menecer ona çox vaxt, enerji sərf etsin. Bunun üçün isə menecerin futbolçuya inanması lazımdır. İnananda ki, futbolçu onun əziyyətini yerə atmayacaq, üzünü qara etməyəcək, onda başlayır reklam etməyə. Ən azından, həmin kluba keçməsə də, sənin yaxşılığını unutmayacaq. Futbolçular olub ki, onların Türkiyəyə getməyində rol oynamışam. Deyə bilərdim ki, filan futbolçunu mən göndərmişəm Türkiyəyə, sadəcə, o özünü yaxşı tərəfdən göstərə bilmədiyi üçün bəyənməyiblər. Amma mən bunu etmirəm. Əksinə, futbolçuya tapşırıram ki, sənin orada olmağını heç kim bilməsin. Əgər sən Türkiyədə baxışı keçə bilməsən, bu sənin karyerana zərbə vura bilər. Mən həmişə futbolçunun vəziyyətini düşünürəm, bu mənim üçün çox önəmlidir.
- Gürcülərin, eləcə də ermənilərin nə qədər futbolçuları var ki, Avropanın tanınmış klublarda çıxış edirlər. Bizimkilərin nəyi əskikdir onlardan?
- Bizə bu dəqiqə bir açılış lazımdır. Bircə nəfər gedib özünü doğrultsa, ardı gələcək. Mən hazırda bütün enerjimi buna sərf etmişəm. Aşağı liqa yox, Superliqaya oyunçu çıxarmağa çalışıram. 2-3 futbolçumuz var ki, onları yaxşı qiymətə yaxşı komandaya keçirmək olar. Bir nəfərin transferini həyata keçirə bilsək, digərlərinin də yolu açılacaq və onlarda istək də artacaq. Deyəcəklər ki, filankəs oynayırsa, mən niyə oynamıram. İndi beyinlərinə yerləşdiriblər ki, yox e, gücümüz çatmaz. Kiminlə söhbət edirsən deyir ki, bizdə futbolçu var orda oynasın? Niyə yoxdur ki? Guya türkiyəli futbolçular bizimkilərdən üstündürlər? Türkiyədə Araz Abdullayev, Qara Qarayev, Bədavi Hüseynov oynaya bilər. Rauf Əliyev də oynaya bilərdi, ancaq son oyunlarından birinə baxıram, geriləyib. Gərək Rauf “Qarabağ”da qalaydı. Rauf, Əfran – onlar o komandanın uşaqlarıdır. Təzə getdikləri komandalarda çox nəzərə çarpmırlar. Cavanların da üzərində çalışmalarımız olmalıdır. Xəyallara dalıb, çox irəli də getməyək. Hələlik Türkiyə, Rusiya, Ukrayna, digər yaxın ölkələrə qapı açmaq lazımdır. Buralara gedə bilsək, daha iddialı çempionatlara yollarımız açılacaq. Futbolçu öz üzərində çalışanda istəyinə nail olur. Kennedi deyib ki, heç vaxt demə ölkəm mənim üçün nə edib, həmişə de mən nə etmişəm ölkəm üçün. Biz gözləyirik ki, kimsə bizə nəsə etsin. Türkiyənin həvəskar liqalarına daha çox tamaşaçı gəlir, nəinki bizim Premyer Liqaya. Tamaşaçı olmayanda futbol irəliləmir. Azarkeş gələndə futbolçunun da həvəsi artır. Nə qədər çox diqqət görsələr, bir o qədər yaxşı oynamağa cəhd edərlər.
- Məşqçilərlə necə, işləyirsinizmi?
- Xeyr. Hansısa azərbaycanlı məşqçini kənara çıxarmağı çox istərdim. 1-2 məşqçimizlə o söhbəti etmişəm. Amma onlar buna mümkünsüz kimi baxırlar. Ad çəkmək istəmirəm.
- Məncə, Qurban Qurbanov Azərbaycandan kənarda da rahatlıqla işləyə bilər...
- Razıyam, Qurban Qurbanov gedib işləyə bilər. Vaqif Sadıqov da Azərbaycandan kənarda yaxşı nəticə göstərə bilər. Ən çox hörmət etdiyim məşqçilərdən biridir. AZAL-da 50-60 minlik futbolçularla yaxşı kollektiv yaratmışdı. Görün indi əlinin altında yaxşı futbolçular olsa, nə edər? Yeri gəlmişkən, ikisi də qoç bürcüdür (gülür).
- Səhv etmirəmsə, bu yaxınlarda türkiyəli futbolçu Mehmet Yılmazın qardaşı qonağınız olub...
- Bəli, bizim ofisdə qonaq oldu. Mustafa Dənizli haqda danışdıq. Deyir Dənizli burada əlbəttə ki, yaxşı nəticə göstərə bilməyəcəkdi, çünki istədiyi oyunçular alınmadı. Ona cavab verdim ki, həm yaxşı məşqçidir deyirsən, həm də deyirsən ki, güclü oyunçular alınmalı idi. Onda hər məşqçi özünü göstərər də. Dənizli əlindəki futbolçulardan nəsə düzəltməli idi. Türklərə de deyirəm ki, bizimkilər özlərini Türkiyədə daha yaxşı tərəfdən göstərir, nəinki sizinkilər Azərbaycanda. Türkiyə futbolu pafosla reklam üzərində qurulub. Rusiya və Türkiyədə olanda Arazın videosunu göstərdim, hamısı bəyəndi. Sadəcə, bizdə pafoslu reklam yoxdur. Berti Foqts millini yaxşı yerə çıxartmadı deyə, elə bilirlər, bizdə futbolçu yoxdur.
Bizə bir də görürsən ki, 33-34 yaşında futbolçu təklif edirlər. Türkiyədən neçə illik dostum mənə 38 yaşında futbolçu təklif edirdi. Buna görə onunla dalaşdım. Düzdür, 35 yaşlı futbolçu ola bilər ki, 25 yaşındakından yaxşı oynaya. Sən menecerin danışığından bilirsən ki, həmin futbolçunu nə məqsədlə təklif edir.
- Daha çox hansı ölkənin menecerləri ilə təmasda olursunuz?
- Özbəkistan, Qazaxıstan, Ukrayna, Rusiya... Ən çox Ukraynadır. Çünki onlara daha çox etibar edirəm. Ən azından, yalançı deyillər. Düzdür, biri mənə bu yaxınlarda 200 min pul “atıb” (gülür). Amma türklərdən 10 nəfər səni aldadırsa, Ukraynadan biri aldadır.
- Qadın futbolçularla necə, işləyirsiz?
- Mənim bir planım var. 1-2 ilə şirkəti tam olaraq ayağa qaldırım, özüm qadınlardan ibarət futbol komandası yaradacağam. Bir də Ukraynanın “Futbol iz vnutri” proqramına oxşar proqram yaratmaq istəyirik. Onlar sırf fanatlarla işləyirlər, onlardan müsahibələr alırlar. Məncə, həmin proqramı bizdə yaratsaq, insanları futbola cəlb edə bilərik.
- Günel Rusman futbolçu keçidindən ən çox nə qədər qazanıb?
- Bu, şəxsi məsələdir (gülür). Amma onu deyim ki, pis qazanmamışam.
- İş və şəxsi həyat düz gəlirmi?
- Həyat yoldaşımdan ayrılmışam. Mən karyeramı üstün tutdum. Ayrılmağımın səbəbi bu deyildi. Sadəcə, bizim barışmaq ehtimalımız var idi, amma mən futbolu seçdim.
- Yəni futbola bu qədər sevginiz var...
- Özümə dəhşət dərəcədə əminəm. İnam var ki, futbolda nəsə dəyişiklik edəcəyəm.
- İnqilab etmək fikrindəsiz?
- Mütləq. Azərbaycanlı futbolçunun adicə Superliqaya keçməsi böyük bir uğur olar.
- Gəlin, belə danışaq. Bir futbolçunu kənara çıxarmaq üçün sizə qədər vaxt lazımdır? Mənim üçün menecerin işi bunda bilinir...
- (Gülür). Xaricdən futbolçu gətirmək də asan deyil. Bizim bilirsən nə qədər kaprizli komandalarımız var. Az qiymətə yüksək səviyyəli futbolçu istəyirlər. İkincisi də, bizdə monopoliya mövcuddur. Menecerlərin özlərinin işlədiyi komandalar var ki, onlar başqa menecerlərlə işləmirlər. Azərbaycana xarici futbolçu gətirməmişəm, heç fikrim də yoxdur. Mən komandalarla yox, futbolçularla işləyirəm. Bizim şirkətin qazancı xarici futbolçunun bir ölkədən başqa ölkəyə keçidindəndir. Biz pulu ordan qazanırıq.
- Ən böyük dəstəyi kimdən alırsız?
- Anamdan. Tez-tez mənə deyir ki, hər şey alınacaq, ruhdan düşmə.
- Səmimi cavab verin, bu peşəni seçdiyiniz üçün heç peşman olmusuz?
- 1-2 dəfə. O qədər əsəbiləşmişəm ki, gecə ağlaya-ağlaya yatmışam. Bir dəfə stadionda çox üşümüşdüm. Stadionlara çox gedirdim deyə, ayaqlarımı soyuq tutmuşdu. Elə olurdu 1 gündə 3 oyuna gedirdim. Bir-iki dəfə isə futbolçu problemim olub. Amma gecə deyinsəm də, səhər demişəm ki, futbola gedirəm (gülür). Bu, uşaqlarımın da təəccübünə səbəb olub. Bir ara isə monopoliya söhbətinə görə futboldan uzaqlaşmışdım. Sonra qayıtdım.
- İşdə çalışqan olduğunuzu bildik. Bəs adi həyatda necə? Övladlarınıza vaxt ayıra bilirsizmi?
- Adi həyata elə də vaxtım qalmır. Amma demək olar ki, eyni xasiyyətdəyəm. 15 yaşında oğlum və 13 yaşında qızım var. Şükür Allaha, uşaqlarım böyüyüblər. Mənim işimi anlayışla qarşılayırlar. Onlara çox vaxt ayıra bilməsəm də, narazılıq etmirlər. Böyük həvəslə gözləyirlər ki, anaları bu işdə nəyə nail olacaq. Hər uğuruma sevinirlər.
Ukrayna televiziyası mənim haqqımda proqram hazırlayıb. Bu yaxınlarda bizim də telekanallarda yayımlanacaq. Onun demo versiyasını bizə göndəriblər, uşaqlarım çox həvəslə baxırlar. Valideynlərim, bacım-qardaşım da.
- Övladlarınız necə, futbolu sevirlər?
- Oğlum xokkeyi sevir. Futbolla mənə görə maraqlanırlar. Söhbət edəndə mənə dəstək olmaq üçün. Amma belə heç birinin futbola marağı yoxdur.
- Uşaqlarınızın gələcəkdə menecer olmağını istərdiniz?
- Əvvəl istəmirdim, indi isə çox istəyirəm ki. Amma inanmıram menecer olsunlar.
- Futboldan başqa daha nəyə marağınız var?
- Kitab oxumağı xoşlayıram. Əvvəllər ən çox sevdiyim yazıçı Viktor Hüqo idi. İndi isə Sidni Şeldonun əsərlərini oxuyuram. Kinomanam. Maşın xəstəsiyəm. 5 ildir maşın sürürəm.
- Yol qaydalarını daha çox xanım sürücülər pozurlar. Siz necə, yol qaydalarından xəbərdarsız?
- Etiraf edim ki, əvvəllər maşını sürətli sürürdüm, bu azmış kimi, kəmərdən də istifadə etmirdim. Amma sonra dəyişdim. Həm sürəti azaltdım, həm də kəmərdən istifadə etməyə başladım. Yol qaydalarını da pis bilmirəm.