Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, yunan-Roma güləşi üzrə milli komandamızın sabiq baş məşqçisi Elçin Cəfərov Lent.az-a müsahibə verib. Baş məşqçi Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin güləşi 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarmaq istəyinə qarşı çıxıb:
- Zaman-zaman belə söhbətlər ortaya atılıb. Amma fikrimcə, İOC güləşi olimpiadanın proqramından çıxarsa, digər idman növlərinə də maraq tamamilə dəyişəcək. Sərbəst və Yunan-Roma güləşi Yay Olimpiya Oyunlarının proqramına salınan ilk növlərdən olub. Güləşin hansısa növünü çıxara bilərlər, amma tamamilə çıxarılması düzgün deyil. Buna inanmıram. Çünki olimpiadada güləşin 3 növündə 18 dəst medal sahibini tapır. Güləşsiz nə olimpiada?
- Olimpiadalarda dəfələrlə iştirak etmisiniz. Sizcə, güləş digər idman növlərinin hansından geri qalırdı ki, İOC belə qərar verib?
- Bilirsiniz, güləş bütün olimpiadalar tarixində heç vaxt heç bir idman növündən gözəlliyinə, mübarizliyinə, ənənəsinə görə geri qalmayıb. Güləş yarışları həmişə maraqla izlənilib. Güləşdə kişilik, mübarizə əzmi var. Bütün olimpiadalarda güləşə yüksək səviyyədə maraq olub və həmişə də olacaq. Elə isə belə bir qərarın verilməsi nə dərəcədə düzgündür? Belə çıxır ki, milyonlarla güləş həvəskarının, mütəxəssislərinin, məşqçilərin və idmançıların hüquqları pozulacaq. Bu da düzgün deyil. Ola bilsin, qadın güləşini çıxararlar, bunu deyə bilmərəm. Amma məncə, güləşin hansısa növü olimpiadanın proqramında qalacaq və qalmalıdır da.
- Azərbaycan da güləşdə öz sözünü deyən və kifayət qədər çəkiyə malik ölkələrdəndir. Bu mənada İOC-u belə bir qərardan çəkindirmək niyyətində deyilsiniz?
- Məncə, lazım gəlsə, federasiyamızın rəhbərliyi bu haqda öz mövqeyini bildirəcək. Başqa cür ola bilməz. Çünki Azərbaycanda güləşin populyarlığı, hansı səviyyədə olması bütün dünyaya məlumdur. Belə bir məsələ olarsa, Azərbaycan Güləş Federasiyası fikrini açıqlayacaq.
- Azərbaycanla yanaşı, Rusiyada da güləş xeyli inkişaf edib. Düşünmürsünüz ki, İOC şimal qonşularımızın maraqlarına zərbə vurmaq üçün bu addımı atıb?
- Xeyr. Hər dəfə olimpiya çempionları da dəyişir, dünya və Avropa çempionları da. Ona görə də hər hansı ölkənin bütün çəkilərdə qalib olduğunu demək olmaz. Güləş üzrə son dünya çempionatında 120-dən artıq ölkə iştirak edib. Təkcə Rusiyanın yox, bu qədər ölkənin maraqları nəzərə alınmalıdır. Bütün çəkilərdə medallar uğrunda çox gərgin, amansız mübarizə gedir. İOC da bilir ki, güləş dünyada ən populyar idman növlərindən biridir.
- Elə isə güləşin olimpiadanın proqramından çıxarılmasına səbəb nə ola bilər?
- Bu barədə hərə bir fikir yürüdür. Deyirlər ki, güləş cəlbedici deyil, gözəl deyil. Axı, güləş necə gözəl ola bilər? Güləşi bədii gimnastika, atletika, üzgüçülüklə müqayisə etmək olmaz. Güləş qarşılıqlı mübarizənin getdiyi növlər arasında ən qabaqcıllardandır. Güləşin çox üslubu var. Bunlardan kiminsə xoşu gələ də bilər, gəlməyə də. Mənim də çox idman növündən xoşum gəlmir. Amma bu, o demək deyil ki, mən və ya mənim kimi düşünənlər hər hansı növün olimpiada proqramından çıxarılmasını istəsin.
- Yunan-Roma güləşində qaydaların tez-tez dəyişilməsi necə, İOC-un qərarına təsirini göstərə bilər?
- Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası qaydalarda həmişə yeniliklər axtarır. Məncə, dəyişiklik də məhz bu istiqamətdə ola bilər. Amma güləşin olimpiada proqramından tamamilə çıxarılacağına inanmıram.
Elşən MƏMMƏDOV