Azər Məhərrəmov: “Mərc oyunlarında “qara bazar”ın mövcudluğu mütəşəkkil məsələyə bənzəyir”
“Azəridmanservis” Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmovun Lent.az-a müsahibəsi
- Topaz Azərbaycanda ilk və yeganə mərc oyunu sayılır. Amma Naxçıvanda “Çempion-Araz” adlı bukmeyker kontoru da fəaliyyət göstərməkdədir. Bundan məlumatlısınız?
- Açığı, məni maraqlı vəziyyətlə üz-üzə qoydunuz. Çünki bəzi bölgələrdə indiyədək Topaz məntəqələri yoxdur. Az da olsa, belə bölgələr mövcuddur. Bura ermənilər tərəfindən zəbt olunmuş ərazilərimizi, bəzi rayonlarımızı aid etmək olar. O cümlədən, Naxçıvan Muxtar Respublikasında da Topaz məntəqəsi açılmayıb. Naxçıvan Azərbaycanın çox özəl torpağıdır, blokada şəraitində yaşayırlar, orada müəyyən fərqlilik var. Bu, blokadadan, nəqliyyat sistemindən irəli gələn fərqlilikdir. Amma dediyiniz məsələ barədə heç məlumatım yoxdur. Bu bir. İkincisi, mən Azərbaycanda, xüsusən Bakıda baş verən bəzi xoşagəlməz məqamları vurğulamaq istərdim. Hələ ki “qara bazar” mövcuddur. Ona görə də dediyiniz məsələnin yerli hakimiyyətlə, yoxsa “qara bazar”la bağlı olduğunu, açığı, araşdırmamışıq. Amma Naxçıvanın müvafiq qurumları, məncə, bu işi daha yaxşı bilərlər və yaxşı olardı ki, bu sualı onlara verəsiniz. Bir daha deyirəm, əvvəla, bu barədə xəbərimiz həqiqətən yoxdur. İkincisi, Naxçıvanda Topaz hələlik mövcud deyil.
- ... və üçüncüsü, bu məsələni araşdıracaqsınız...
- Öyrənərik, maraqlanarıq.
- Deyilənlərə görə, Topazın Azərbaycanda illik 19-20 milyon manat dövriyyəsi var, amma “qara bazar”a bundan 20 milyon manat artıq vəsait axır...
- Məncə, burada bir qədər anlaşılmazlıq var. Bizdə olan məlumata görə, “qara bazar”da inanılmaz dərəcədə böyük məbləğdən söhbət gedir. 20 milyon çox vəsait fikrimcə, sadə bir rəqəmdir. Bu, formal və ya qeyri-formal da olsa, araşdırılır. Orada daha ciddi rəqəmlərin dövriyyəsindən söhbət gedir.
- Bəs niyə tədbir görülmür? Bəlkə onların arxasında elə şəxslər dayanır ki, mübarizə aparmaq çətindir?
- Yaxşı sualdır, amma mən heç kəsə toxunmaq istəmirəm. Çünki bir şeyi başa düşürəm ki, bu həyatdır, yaşayırıq. Bir var ki, hər hansı məntəqə rəsmi şəkildə - möhürü, çətir altında çalışır. Sabah ora nəsə satanda istəsəniz kassa ilə, istəsəniz də müqavilə ilə alırsınız. Ən əsası, onlar vergi ödəyirlər, insanların maaşını verirlər. Bir də var ki, yolla gedəndə görürsünüz ki, 3 maşın sıra ilə durub və satılır. Onlara müqavilə də, kart da, vergi də lazım deyil. Yəni, qeyri-formaldır. Dünyanın inkişaf etmiş ölkələrində çox nadir hallarda belə şeylərə rast gələ bilərsiniz. Azərbaycanın olduğu coğrafi zonada da bu, baş verə bilər. Xoşbəxtlikdən, belə faktlar get-gedə azalır. Amma yenə də var. 2009-cu ilədək, nə qədər ki, bu işdə dövlət nəzarəti yox idi, “qara bazar” indikindən 2-3 dəfə böyük idi. Hazırda isə “qara bazar”ın həcmi, dövriyyəsi azalıb. Bu sahədə də dövlət öz qanunları ilə hökm sürür. Amma yenə də var, “qara bazar”da dövriyyə dediyiniz məbləğdən xeyli çoxdur.
- Necə ola bilər ki, iki daşı üst-üstə qoyduqda, sahə müvəkkili xəbər tutsun, tikintiyə icazənin olub-olmadığını soruşur, amma xeyli pulun dövr etdiyi “qara bazar”dan səlahiyyətli şəxslərin heç biri xəbər tutmur?
- Aydındır ki, onların kökü, bağlılığı var. Amma bunun Mamedlə, yoxsa Azərlə bağlılığını deyə bilmərəm. Çünki əlimdə sübutum yoxdur. Təəssüflər olsun ki, bu hal hələ də mövcuddur. Ümidverici hal odur ki, “qara bazar”ın payı azalır, Topazın dövriyyəsi artır.
- Bəs Sizcə, “qara bazar” mütəşəkkildir, yoxsa pərakəndə?
- İstəmirəm ki, düşmən qazanım. Amma o rəqəmlərdən söhbət gedirsə, əlbəttə, bu, məntiqlə mütəşəkkil şəkildə olan məsələyə bənzəyir. Bunun 1 nəfər, 2 nəfər, yoxsa şirkətlə bağlı olduğunu deyə bilmərəm. Hər halda, məntiqlə burada müəyyən bağlantılar ola bilər. Sizə bir şey deyim: Avropa Şurasında danışılmış oyunlar, “qara bazar”la bağlı görüşlərimiz olur. Bizim kimi dövləti təmsil edən qurumları həmin tədbirlərə dəvət edirlər. Səslənən fikirlərə əsasən, belə qənaətə gəlmək olar ki, analoji hallar dünyanın hər yerində mövcuddur. İstər Latın Amerikası dövlətləri, istər Çin, istərsə də Avropada az və ya çox dərəcədə var. Hətta ən inkişaf etmiş ölkələrin paytaxtlarında da insanlar bu işlərlə qeyri-qanuni şəkildə məşğul olurlar. Niyə onların müştəriləri var? Çünki onların təklif etdikləri əmsallar daha yüksəkdir. Niyə daha yüksəkdir? Çünki vergi ödəmirlər.