“Dağlar səhvi bağışlamır...” - MÜSAHİBƏ
18 aprel 2013 15:07 (UTC +04:00)

“Dağlar səhvi bağışlamır...” - MÜSAHİBƏ

“Belə getsə, yüksəkliklər dağçılıq idmanı adından spekulyasiya edənlərin üzünə həmişə bağlı qalacaq”.

 

Ucalığa can atan insan üçün dağlar həmişə sirli, sehrli olub. Həmişə uca zirvələri fəth etməyə çalışıb. Təsadüfi deyil ki, bu sahə sonradan bir peşəyə çevrilib. Bəs Azərbaycanda macəralar vəd edən dağçılıq necə inkişaf edib? Lent.az-ın bu yöndə suallarını Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidentləri Sarvan Rəsulov və Valeri Bağırov cavablandırır...

 

- FAİREX-in ən yaxın planlarında nələr nəzərdə tutulub, hansı zirvələrə qalxmaq niyyətiniz var?

 

- V.B.

 

    - Zirvələrə qalxmaq həmişə arzumuz olub və bundan sonra da bunun üçün çalışacağıq. Amma konkret iş planını nəzərdə tutursunuzsa, artıq ilin əvvəlindən Federasiya rəhbərliyi tərəfindən təsdiqlənmiş və Gənclər və İdman Nazirliyi tərəfindən razılaşdırılmış İş Planı var. Bu İş Planında bizim idman klublarının da iş planları yer alıb. Klublar  nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da bir çox yürüşlər planlaşdırıblar. Klubların, o cümlədən Federasiyamızın seçmə ekspedisiyalarının planlaşdırdığı yürüşlərin sayı çox olduğundan onları sadalamaq çox çətin olar. Bir daha deyirəm ki, qarşımızda ölkəmizi bir dağ və dağçılıq ölkəsi kimi tanıtmaq, gənclərimizi də dağçı kimi yetişdirmək məqsədi dayanır. Bu istiqamətdə görəcəyimiz işlər çoxdur. Bunların içərisində bir yürüş bizim üçün daha məsuliyyətlidir.

Ənənəvi olaraq hər il may ayında Ümummilli lider Heydər Əliyevin adını daşıyan Heydər zirvəsinə yürüş təşkil edirik. Əgər 2008-ci ildə bu yürüş bir neçə nəfərlə başlayıbsa, keçən il bu yürüşdə 250-dən artıq insan iştirak etdi, Ümummilli liderin ad günündə onun xatirəsi anıldı, yad edildi. Bu il mayın 3-dən 10-a qədər müddəti əhatə edəcək yürüş böyük dövlət xadiminin 90 illik yubileyinə həsr olunduğu üçün daha geniş təşkil olunacaq. Qeyd edim ki, Ulu Öndərin 90 illiyi ilə bağlı keçiriləcək bu yürüşdə iştirak etmək istəyən insanların sayı durmadan artır. Artıq ayrı-ayrı rayonlardan müəssisələr, təşkilatlar, ali təhsil müəssisələri, ayrı-ayrı fərdlər  bununla bağlı Federasiyaya müraciət edirlər.

Çox qürurverici haldır ki, Azərbaycanda çoxlu sayda insan Ulu Öndərin ad gününü Heydər zirvəsində yad etmək istəyir. Adı zirvədə olduğu kimi xatirəsi də zirvədə yad edilməyə layiqdir. Hazırda Federasiyada yürüşə hazırlıq istiqamətində çox qızğın işlər gedir. Federasiyanın seçimi əsasında bu gün bu yürüşdə iştirak etmək istəyənlərin sayı 200 nəfəri keçib. Amma bununla bağlı ayrılan müddət bitməyib, yürüşdə iştirakla bağlı müraciətlər davam edir. Ulu Öndərin ad gününün anılmasına həsr olunmuş yürüşlə bağlı Əsasnamə hazırlanıb və Gənclər və İdman Nazirliyi tərəfindən təsdiqlənib. Qərara alınıb ki, bu istiqamətdə bütün qüvvələr səfərbər edilsin və bu yürüş yüksək səviyyədə təşkil olunsun.

Heydər zirvəsi Şahdağ Milli Parkının ərazisində yerləşir, dövlət tərəfindən mühafizə edilən ərazidir. Bununla bağlı olaraq Federasiya tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub, məsləhətləşmələr aparılıb. Yüksək dağ şəraitində bu yürüşdə iştirak edəcək insanların təhlükəsizliyini qorumaq məqsədi ilə bir marşrutdan istifadə etmək barədə qərar qəbul edilib. Həm insanların təhlükəsizliyinin, həm də ətraf mühitin qorunması baxımından bu, çox mühümdür.

 Əvvəlki illərdə dağçılar bir neçə marşrutla hərəkət edir, nəzarətdən kənarda qalırdılar və pərakəndəlik səbəbindən mühafizə ərazilərinə, ətraf mühitə ziyan dəyirdi. Bəziləri isə bundan istifadə edərək başqalarına qara yaxırdılar ki, dağlar korlanır, çirklənir. Əslində bunu edən o pərakəndə şəkildə dağlara qalxan insanların özləri olub. Bütün bu xoşagəlməz halların qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tövsiyə edib ki, vahid bir marşrut, vahid düşərgə yeri müəyyən olunsun, bunlara nəzarət etmək mümkün olsun. Beləliklə də, bu yürüş yüksək səviyyədə, Ulu Öndərimizin adına layiq olsun.

 

- Heydər zirvəsinə ediləcək yürüşün plan, proqramı yəqin ki, hazırdır?

 

S.R

- Bəli, bütün hazırlıqlar başa çatdırılıb. Biz hesab edirik ki, bu yürüşün Ulu Öndərin adına layiq təşkil olunması üçün mütləq vahid mərkəzdən idarə edilən bir prosesin olması vacibdir. Bunun üçün idmançılara yürüşlə bağlı hər cür şərait yaradılıb, düşərgə yeri müəyyən olunub. İnsanların sayının çoxluğunu nəzərə alaraq yürüşü qruplar üzrə həyata keçirməyi qərara almışıq. Yürüşün cədvəli artıq hazırdır. May ayının 3-dən 10-dək ənənəvi yürüşə start veriləcək. Artıq ayrı-ayrı şəxslər və qruplar qeydiyyatdan keçməyə başlayıb. Qruplar Bakı şəhərindən yola salınacaq, Quba rayonunda qarşılanıb, düşərgə yerinə – Qızılqaya massivinin ətəyinə aparılacaq. Orada hər cür imkanların olduğu bir düşərgə yaradılacaq. Dağa uyğunlaşma həyata keçirildikdən sonra insanlar zirvəyə yürüş edərək geri qayıdacaqlar. Yürüşün proqramına görə aksiyanın sonunda ən güclü idmançılardan ibarət dəstənin Heydər zirvəsinə sürətli qalxışı həyata keçiriləcək. Artıq yürüşə gedən dəstələr və qrupların düşərgə salması  üçün Şahdağ Milli Parkının rəhbərliyi ilə rəsmi razılaşmalar əsasında ən münasib yer seçilib. Hər hansı bir problemin olmaması üçün ETSN-dən, FHN-dən və Sərhəd Qoşunlarından icazələr alınıb. Pərakəndəlik olmasın deyə yürüş mərkəzləşdirilmiş şəkildə təşkil olunacaq.

İstənilən vətəndaş öz adından, qrup halında idmançıların adından Heydər zirvəsinə qalxmaq üçün Federasiyaya müraciət edə bilər. Bizim Federasiya bütün təşkilati məsələləri həll etməyi öz üzərinə götürüb və yürüşün mərkəzləşdirilmiş şəkildə təşkilinə məsuliyyət daşıyır. Bu şəraitdə hər kəs Heydər zirvəsinə edilən bu möhtəşəm yürüşdə iştirak edə bilər. Bir daha qeyd edirəm, hər hansı təşkilatdan olmasından asılı olmayaraq, arzu edən hər bir şəxs, istənilən qrup və ya klub Heydər zirvəsinə qalxmaq üçün Federasiyaya müraciət edə bilər.

 

- Xaricdən də yürüşə qatılmaq istəyənlər varmı?   

 

V.B.

- Bəli. Bizə müraciət edən həmin insanlar Ulu Öndərə sevgilərini bildirmək üçün bu yürüşdə iştirak etmək arzusundadırlar. Hər kəs üçün qapı açıqdır və hər kəsə şərait yaradılacaq ki, Ulu Öndər qarşısında mənəvi borcunu yerinə yetirə bilsin. Biz onların müraciətini qəbul etmişik.

Ümumiyyətlə, Federasiya yürüşə qatılacaq insanların  yalnız təhlükəsizlik qaydalarına riayət etməsini, dağlarımıza, təbiətimizə məsuliyyətlə yanaşmasını istəyir. 

 

   - Amma deyirlər ki, ETSN bəzi şəxslərin və ya qrupların  ümumiyyətlə müraciətlərinə baxmır?

 

   V.B

  - Mənim bildiyim odur ki, prosedurlara uyğun qaydada müraciət olunursa qəbul edilir. Bir də əgər qrup halında müraciət edilirsə, vacibdir ki, bütün qrup üzvlərinə görə məsuliyyəti üzərinə götürəsən. O adamların ərizələrinə baxılmır ki, onlar 20 adamın adından ərizə ilə ETSN-yə müraciət edir və sonra da deyir ki, həmin şəxslərin və qrupun hərəkətlərinə görə məsuliyyət daşımıram. Yəqin ki, belə halda icazə almaq mümkün olmayacaq. Gərək belə şəraitlər üçün kimsə cavabdeh olsun.

 

   - Belə söz-söhbət də gəzir ki, guya yürüşlər etmək, yarışlar keçirmək üçün yüksək dağlıq ərazilərə idmançıları buraxmırlar, dağlar onların üzünə bağlanıb. Niyə buraxmırlar, səbəb nədir? Niyə qara siyahı” mövcuddur?

 

V.B

- Məncə, dağlara normal yanaşanların, qayda-qanunlara riayət edənlərin, təbiətə qayğı ilə münasibət göstərənlərin üzünə dağlar həmişə açıqdır. “Bəzi adamların üzünə dağlar niyə bağlıdır?”- sualının cavabı isə hesab edirəm ki, belə izah olunmalıdır: dağçı idmançılar da daxil olmaqla, elələri var ki, icazəsiz Milli Parkların ərazisinə soxulublar, tonqal qalayıblar, qanunsuz hərəkətlər edərək qaydaları pozublar. Yəni kobud desək xuliqanlıq ediblər, “qara siyahı”ya düşüblər, dağçı idmançıların adına ləkə gətiriblər və təbiətə, qoruğa ziyan vuran davranış nümayiş etdiriblər. Ümumiyyətlə götürdükdə, mənim fikrimcə “qara siyahı” məsələsini heç müzakirə etmək lazım deyil, çünki bu tam qanuni haldır və normal qəbul olunmalıdır. Yəni qanunu pozan hansısa formada cəzalandırılmalıdır.

Digər tərəfdən də qara siyahıya düşənlər səhvlərini etiraf etməyi bacarmalıdırlar,  üzür istəməli, etiraf etməlidirlər ki, qanunu pozmuşlar. Bir daha bu hərəkətlərə yol verməmələri üçün öhdəlik götürməlidirlər ki, onlar “qara siyahı”dan çıxarılsınlar. Bizim də, yəni FAİREX-in də, hazırda fəallarımız hesab olunan bir neçə idmançımız var ki, onların da adı qara siyahıda olub. Lakin bu şəxslərə məsləhət görülüb ki, gedib ETSN-nin aidiyyəti bölməsinə müraciət etsinlər, səhv etdiklərini bildirsinlər və “qara siyahı”dan adlarının çıxarılmasına nail olsunlar. Onlar da müraciət edib, iltizam verərək adlarını “qara siyahı”dan çıxartdırıblar. Yəni bu hal qaydalara riayət etməyənlərin hamısına şamil olunub, o cümlədən də FAİREX üzvlərinə. Amma indi gərək heç kəs deməsin ki, onu “qara siyahı”ya salıblar, çünki adını oradan çıxartdırmaq üçün indi bu bir fürsətdir. Heydər zirvəsinə qalxmaq üçün gəlib bu yürüşə qoşulub iştirak edə bilərlər. Mən hesab edirəm ki, dağları, idmanı sevənlər bütün intriqalardan, müxtəlif dələduzların təsirindən kənar olmalıdırlar. Biz bütün dağçıları bizə qoşulmağa çağırırıq, bu dəvətdən istifadə etsinlər. Həqiqətən də indi Heydər zirvəsinə təşkil olunan bu yürüş onlar üçün yaxşı imkandır.

Bir daha qeyd edirəm ki, dağlar, yüksəkliklər qaydalara hörmətlə yanaşanların, dağçılıq idmanını sevənlərin, təbiətimizə qayğı ilə yanaşanların üzünə həmişə açıqdır. Amma təəssüflə bildirirəm ki, belə getsə, yüksəkliklər digər maraqlara qulluq edənlərin, dağçılıq idmanı adından spekulyasiya edənlərin üzünə həmişə bağlı qalacaq.

 

- Bəs  Federasiyaya dəstək məqsədi ilə, bu və ya digər yürüşlərin təşkili üçün vəsait ayrılırmı?  

 

S.R

 

- Bizim Federasiya Gənclər və İdman Nazirliyindən demək olar ki, vəsait almır, ya da ayrılan vəsaiti tam şəffaf şəkildə ortaya qoyur. Əgər bu yürüşə görə də, yəni Heydər zirvəsinə yürüş etmək üçün vəsait ayrılmış olsa, iştirak edən hər bir idmançıya orta hesabla nə düşürsə, o da onun üstünə beş qat artıq vəsait əlavə edilərək, hər bir idmançı üçün və bütün yürüş üçün istifadə olunacaq. Əslində isə bizim Federasiya idmançılara hər il öz imkanları hesabına xeyli vəsait xərcləyir.

Amma eşitdiyimə görə, hadisələr olub ki, bəziləri Heydər zirvəsinə qalxmaq adı ilə Gənclər və İdman Nazirliyindən külli miqdarda vəsait alıb. Lakin bu vəsaitdən idmançılara heç nə çatmayıb.

 

 - Son vaxtlar müəyyən xəbərlər daxil olur ki, bir sıra dağçı qruplar mühafizə olunan ərazilərin rejiminə məhəl qoymur, təbiəti, mühafizə qaydalarını vecinə almır, öz ambisiya və istəyindən başqa heç nəyi nəzərə almadan  istədikləri vaxtlarda, istədikləri marşrutda zivəyə gedəcəyini elan edir. Onlar mühafizə olunan ərazi rejimini, müəyyən marşrutla hərəkət etməyi, ancaq müəyyən edilmiş yerdə düşərgə salmaq tələbini heç başa da düşmür və ya qəsdən qanunlarımızı tanımamaq yolunu tutur və intriqalar üçün vasitə sayır.  Sizcə məsələ nə ilə bağlıdır?

 

V.B.

 

- Belələri var və məncə bu cür hallar dağçılıq idmanının ölkəmizdə inkişafına əngəl yaratmaqdan başqa bir şey deyil. Fikrim kimisə ittiham etmək deyil, amma deməliyəm ki, dövlət qurumlarının göstəriş və tövsiyələrini nəzərə almadan, qayda və davranış normalarına əməl etmədən dağlara qalxmaq səhv addımdır. Mühafizə altında olan ərazilərdə bütün rejimlərə şərtsiz əməl olunmalıdır, kiminsə ambisiyası varsa, onu idmana qatmasın, ələlxüsus da dağçılıq idmanına.  

 

- Bu gün dünyada idmana həm də bir gəlir sahəsi kimi yanaşılır. Bu idman növü nə dərəcədə gəlirli sayılır? Bu idman növü ilə məşğul odan gənc gələcəkdə həyatını maddi baxımdan da yaxşı təmin edəcəyinə ümid bəsləyə bilərmi?

 

S.R.

 

- Bu suala müxtəlif aspektdə cavab vermək olar. Əslində “Niyə olmasın?” demək mümkündür. Ağıllı, düşünülmüş bir şəkildə qurulmuş hər bir iş özü gəlir mənbəyidir. İnsanların rifahına, dolanışığına yardımçı olur. Əgər dünya təcrübəsinə baxsaq, görərik ki, dünyanın məlum olan bütün hündür zirvələrində bu sahədə müəyyən mənada biznes qurulub. Həm də burada iki məqam var. Birinci, öz ölkəsini, zirvəsini bütün dünyaya tanıtmaqdan söhbət gedir. Məsələn, başqa ölkələrin idmançılarının Azərbaycandakı zirvələrə maraq göstərməsinə və ölkəmizə gəlməsinə nail olmaq mümkündür.

Mən şahidi olmuşam ki, Avropa ölkələrində Bazardüzü, o cümlədən Şahdağdakı bir neçə zirvəyə böyük maraq var. Biz bu işi bütün tələblərə və şərtlərə cavab verəcək səviyyədə təşkil edə biləriksə, niyə bu olmasın?! Bu, ilk növbədə bizim ölkəmizin bu sahədə tanınmağı, təbliğidir. Biz hər yerdə vüqarla deyə bilərik ki, bizim də ölkəmiz dağçılıq ölkədir və burada da dağçılar yetişir. Bu halda xidmət göstərən bir sıra sahələr yaranar. Bacarıqlı bələdçilər, xilasedicilər və digər yardımçı sahələrdə çalışmaq üçün imkanlar yaranacaq.

Bu da əlavə iş yeridir. Biz bununla bağlı da düşünürük. Düzdür, Federasiyamız bunu qarşıya bir biznes məqsədi kimi qoymayıb. Amma ölkəmizi tanıtmaq, ölkəmizin dağ və dağçılıq ölkəsi olduğunu sübut etmək məqsədimiz var.  İstəyirik ki, bacarıqlı gənc dağçı idmançılar yetişdirək və dağlıçılıq ölkəsi kimi dünyaya əlavə bir qapı da açılsın.   

 

- Bir idman növü kimi dağçılıq dünyada nə dərəcədə populyardır, necə inkişaf edib?

 

S.R.

 

- Dağçılıq ən qədim idman növlərindən biridir. Bu idman növünün tarixi dağlara yürüşlərin başladığı 18-ci əsrə gedib çıxır.

 

- Bəs, Azərbaycanda?

 

V.B.

 

- Azərbaycanda sovetlər dönəmində alpinzm adı ilə bu idman növü olub. SSRİ-nin süqutundan sonra təəssüf ki, bu idman növü Azərbaycanda unudulmağa başlanılıb. 2005-ci ildə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası təşkil olunduqdan sonra bu idman növü inkişaf etdirilməyə başlanıldı. 2008-ci ildən başlayaraq Federasiya tərəfindən zirvələrə kütləvi yürüşlər təşkil olunmağa başladı. Onlarla idmançımız dünyanın tanınmış zirvələrinə qalxıblar. 2012-ci ildə gənc idmançılarımız da daxil olmaqla, Asiyadakı Lenin zirvəsinə yürüş ediblər. Belə ekspedisiyalar davam edəcək. Azərbaycanda da bir sıra zirvələr var ki, bu zirvələrə də mütəmadi yürüşlər təşkil olunur. Bu sırada Heydər, Atatürk, Qızılqaya, Çingiz Mustafayev, Bazardüzü və başqa zirvələr var.   

 

- Ölkəmizdə bu idman növünün inkişafı ilə bağlı bir proqram, strategiya hazırlanıbmı?

 

V.B.

 

- Bəli. Gənclər və İdman Nazirliyinin bilavasitə yaxından köməyi ilə bu sahədə idmanın təbliği və inkişafı ilə bağlı proqram hazırlanıb. Onu da qeyd edim ki, 2010-cu ilin yanvar ayından Federasiyamız Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasına üzv qəbul olunub. Bu, bizə bir daha imkan yaradıb ki, bu sahədə işlərimizi kiçik çərçivədən böyük müstəviyə doğru yönəldək. Federasiya tərəfindən bu sahədə proqram hazırlanıb. Proqramda bu sahəyə gənc idmançıların daha çox cəlb olunması nəzərdə tutulur. Federasiyanın yaranmasından qısa müddət ötməsinə baxmayaraq, klubların sayı 50-dən, idmançıların sayı isə 3 mindən artıqdır. Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyası ilə yanaşı Federasiyamız həm də Beynəlxalq İdman Dırmanması Federasiyası və Beynəlxalq Havaçılıq İdman Federasiyasının üzvüdür.

 

- Gənclərin dağçılıq idman növünə marağının artırılması istiqamətində hansı işlər görülür?

 

S.R.

 

- Bu gün Azərbaycanda elə bir ali təhsil müəssisəsi tapmaq olmaz ki, orada bizim idmançılarımız və klubumuz olmasın. Bizim əsas məqsədimiz gələcəkdə Azərbaycanda yetişən ali təhsilli mütəxəssisləri nəinki respublikamızın, dünyanın bütün zirvələri ilə tanış etmək, onların bu sahəyə marağının yaranmasına nail olmaqdır. Federasiyamız tərəfindən bu istiqamətdə iş aparılır. Gələcəkdə dünyadakı müxtəlif dağ zirvələrinə yürüşlərdə əsasən gənclərin iştirakı nəzərdə tutulub.  Bu il də bir neçə dağ zirvələrinə yürüşlər olacaq. Bu yürüşlərdə iştirak edəcək ekspedisiya üzvlərinin əksəriyyəti gənclər olacaq.

 

- Azərbaycanda dünyada tanınan məşhur alpinistlər nə vaxt yetişəcək?

 

 

V.B.

 

- Öncə qısa bir haşiyə çıxmaq istəyirəm. Alpinist ilkin dövrlərdə dağçılığın idman növünə çevrilməsi ilə yaranmış bir məfhumdur. Alpinist Alp dağlarına çıxan idmançılara deyilir. Məsələn, Amerikada AND dağları ilə bağlı idmançılara andimist deyilir. Yəni idmançıları dağlar ilə bağlayırlar. Ona görə də Federasiyamızda belə qəbul olunub ki, bu idmançılar bütün dünyada qəbul olunmuş dağçılar kimi qəbul edilsin. Ölkələrin böyük əksəriyyəti bu sahədəki idmançılarını dağçılar adlandırır.

Çox qısa zamanda gənc dağçılardan ibarət baza yaranıb və yaxın gələcəkdə Azərbaycanda məşhur dağçı idmançılar olacaq. Çünki əvvəlki illərdə tam hazırlığı olmayan idmançılardan fərqli olaraq, indi yetişən bu gənclər  buna həm nəzəri, həm də praktik olaraq hazırdırlar. Bu gənclərə dağçı mədəniyyəti aşılanır. Dağlara getmək, dağları gəzmək yox, dağları sevmək, dağlarla ünsiyyət qurmaq, nəvaziş göstərmək lazımdır. Artıq həmin gənclərə müəyyən qədər dağçılıq mədəniyyətini aşılamağı bacarmışıq və perspektivli gənclərimiz var.

# 1835
avatar

Oxşar yazılar