“Real” Kərim Benzemaya kömək əlini uzadıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İspaniya klubu zədə ilə mübarizədə keçmiş oyunçusuna dəstək olacaq.
Benzema bu mövsüm başlamadan “Real”dan ayrılıb. O, pulsuz “Əl-İttihad”a keçib.
Səudiyyə Ərəbistanında təcrübəli hücumçuya pul yağdırılıb, amma onun mövqeyi orta səviyyədədir. Mətbuatda onun yeni klubundakı çıxışından narazı olduğu haqda məlumatlar yayılıb. Bundan əlavə, bir müddətdir ki, əzələ problemi ilə mübarizə aparır.
36 yaşlı futbolçuya zədəsini sağaltmaq üçün keçmiş klubu kömək edəcək. “Əl-İttihad”dan xəbər verilir ki, futbolçu “Real” mütəxəssisləri tərəfindən müayinə olunacaq.
"Kərim Benzema son illərdə onun müalicəsinə nəzarət edən həkimlə birgə "Real"ın klinikasında müayinədən keçəcək", - fransız futbolçunun klubu bildirib.
Benzema bu mövsüm "Əl-İttihad"ın heyətində 29 oyuna çıxıb. O, 13 qol vurub, 8 məhsuldar ötürmə edib.