İlan sancmasından zəhərlənməyə qarşı   yeni vasitə
11 sentyabr 2026 13:02 (UTC +04:00)

İlan sancmasından zəhərlənməyə qarşı yeni vasitə

0

ABŞ-ın Merilend Universitetinin alimləri zəhərli ilan sancmalarının müalicəsi üçün yeni üsul aşkar ediblər. Tədqiqatçılar qərb zınqırovlu ilanlarının qanında olan və bu sürünənlərin öz zəhərlərindən qorunmasına kömək edən zülallardan istifadə ediblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, laboratoriya təcrübələrində bu zülalların kombinasiyası mövcud zınqırovlu ilan zəhəri əleyhinə preparatlardan təxminən 10 dəfə daha təsirli olub.

Alimlərin məlumatına görə, həmin zülallar zəhərin ölümcül təsirini tam neytrallaşdıra və bir neçə gürzə növünün zəhərinə qarşı da qoruyucu təsir göstərə bilib.

Tədqiqat zamanı FETUA zülal ailəsi araşdırılıb. Daha əvvəl alimlər bu zülallardan biri olan FETUA-3-ün çıngıraqlı ilan zəhərindəki toksinlərin təsirini bloklaya bildiyini müəyyən etmişdilər.

Lakin ayrı-ayrılıqda istifadə edildikdə bu zülallar tam qoruma təmin etməyib. Bir neçə komponent birlikdə tətbiq olunanda isə onların effektivliyi əhəmiyyətli dərəcədə artıb.

Alimlər bildirirlər ki, ilan zəhərinin tərkibində onlarla müxtəlif toksin mövcuddur. Buna görə də universal zəhər əleyhinə preparat yaratmaq üçün zülalların düzgün kombinasiyasını seçmək lazımdır.

Hazırda tədqiqatçılar digər toksin qrupları üzərində də işləyirlər.

Araşdırma müəlliflərinin fikrincə, bu yanaşma gələcəkdə daha təsirli, daha təhlükəsiz və istehsalı daha ucuz olan yeni nəsil zəhər əleyhinə preparatların yaradılmasına imkan verə bilər.

Bu texnologiya əsasında hazırlanan ilk preparatların əvvəlcə baytarlıq sahəsində istifadəyə verilməsi, daha sonra isə insanların müalicəsində tətbiq olunması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar