Xorvatiya milli komandasının və "Barselona"nın futbolçusu olan İvan Rakitiç hücuma məruz qalıb. Apasport.az saytının məlumatına görə, tətilini keçirmək üçün getdiyi Xorvatiyanın Uqliya adasında futbolçunun ailəsi ilə birlikdə qaldığı evə hücum olub.
6 gəncin evi daşlaması nəticəsində futbolçu və ailəsinin zərər görmədiyi bildirilir.
Bu hadisədən sonra tələsik şəkildə qayığa mindirilən oyunçu və ailəsi adadan uzaqlaşdırılıblar. Daha sonra isə Rakitiç sosial şəbəkə hesabından ailəsinin fotosunu paylaşaraq hər kəsin salamat olduğunu bildirib.
Qeyd edək ki, İvan Rakitiçin şərəfini qoruduğu Xorvatiya milli komandası AÇ-2016-da 1/8 finalda Portuqaliyaya məğlub olaraq mübarizəni dayandırmışdı.