Oktyabrın 19-da “Azəryol” voleybol klubunun bazasında “Voleybol Mərkəzi” 2014-2015 mövsümü üçün Azəryol klubunun açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, "Azəryol” voleybol klubunun prezidenti Cavid Qurbanov mərasimin açılışını edib və çıxış edib. C.Qurbanov bildirib ki, belə möhtəşəm təqdimat mərasimi ilk dəfədir ki, təşkil olunub: “Artıq neçə illərdir ki, Azərbaycan Çempionatında 6 klubumuz mübarizə aparır, amma yeni mövsüm üçün klubun media nümayəndələrinə və azarkeşlərə bu cür möhtəşəm təqdim etmə mərasimi ilk dəfə “Azəryol” voleybol klubu tərəfindən təşkil edildi. Avropa Voleybol Konfederasiyasının ən mötəbər yarışı olan “Çempionlar Liqası”nda ölkəmizi təmsil edəcək “Azəryol” mərasimdə ilk olaraq yeni “Himn”ini, yeni loqosunu təqdim etdi”.
Təqdimat
Mərasimdə Azərbaycan voleybol klubları arasında ilk dəfə olaraq “Azəryol” öz talismanı olan “Yola”nı qonaqlara təqdim edib. Daha sonra “Şaolin” idmançıları, gənc gimnastlar və müğənnilər öz çıxışları ilə qonaqları salamlayıb. Açılış mərasiminin sonunda yeni mövsümdə “Azəryol”un şərəfini qoruyacaq oyunçuların təqdimat mərasimi olub. Bundan sonra isə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev çıxış edib və belə bir möhtəşəm tədbirin keçildiyinə görə “Azəryol” klubunun prezidenti Cavid Qurbanova təşəkkür edib. F.Qarayev Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədovun adından və öz adından “Azəryol”a yeni mövsümdə uğurlar arzulayıb.
Təqdimat mərasimindən sonra paytaxtımızda qonaq olan Rusiya Federasiyasının ən güclü klublarından biri olan “Dinamo Krasnadar” komandası ilə “Azəryol” yoldaşlıq görüşü keçirib. 2:2 hesabı ilə sona çatan görüşdə hər iki komanda gözəl oyun nümayiş etdirib.
Marafon başlayır
Onu da bildirək ki, keçən il Azərbaycanda qadın voleybolu üzrə “Rabitə” klubu çempion olub. Bu il isə mövsümə noyabrın 01-də start veriləcək. Bu günə olan məlumata görə ölkə çempionatında 5 komanda (Rabitə, Azəryol, Azərreyl, Lokomotiv, Telekom) mübarizə aparacaq. Lakin yaxın günlərdə daha bir komandanında ölkə çempionatında mübarizəyə qoşulması da gözlənilir. Belə ki, müəyyən səbəblərdən fəaliyyətini dayandıran İqtisadçı komandasının əvəzinə yeni komanda çempionatda iştirak edəcək. Buna oktyabr ayının sonuncu həftəsində aydınlıq gətiriləcək.
Qeyd edək ki, bu mövsüm Azərbaycan Çempionatında bəzi yeniliklər də nəzərdə tutulub. Ötən illərdən fərqli olaraq, bu il ev sahibi olan komanda öz meydançasında rəqibini qarşılayacaq, hər komandanın sifariş ərizəsində 3 milli oyunçu sifariş olunmalı və meydançada hər zaman 1 milli oyunçu olmalıdır. Belə ki, “Rabitə” və “Telekom” komandaları “Gənclik Olimpiya Kompleksində”, “Azəryol”, “Azərreyl”, “Lokomotiv” klubları isə “Voleybol Mərkəzi”ndə rəqiblərini qarşılayacaq. 6-cı komandanın iştirak etməsi tam müəyyən olunmadığına görə hələlik I dövrənin ilk iki oyununun vaxtları sizlərə təqdim olunur.
01 noyabr. 17:00. Rabitə - Azərreyl (Gənclik Olimpiya Kompleksi)
02 noyabr. 18:00. Azəryol – Lokomotiv (Voleybol Mərkəzi)
Onu da qeyd edək ki, bu il “Azəryol” klubu çempionluğa əsas namizədlərdəndir. Komandanın heyətini və himnini təqdim edirik:
Heyət və oyunçu təqdimatı
Oyunçuların təqdimatı
Artıq neçə illərdir Azərbaycan milli komandasının kapitanı və oyun qurucusu olan və bu gün də Azəryol klubunun kapitanı olan 4 nömrəli “Oksana Kurt”.
Azərbaycan milli komandasının şərəfini qoruyan bu mövsüm öz bulokları ilə azarkeşlərə sevinc gətirəcək 2 nömrəli blok qurucumuz “Kseniya Poznyak”: Avropa, Dünya Çempionatlarının iştirakçısı.
Kanada milli komandasının ən uca boylu oyunçularından biri olan 11 nömrəli “Tabitha Love”.
Brazilya millisinin blok qurucusu Cənubi Amerika, Dünya Qrand prisi çempionu olmuş 9 nömrəli “Picussa Andressa” .
Iki ildir ardıcıl olaraq Azəryol klubunun şərəfini qoruyan Azərbaycan milli komandasını Dünya, Avropa Çempionatında təmsil edən 5 nömrəli “Odina Bayramova”.
Serbiya millisinin əsas oyunçularından biri Avropa Çempionatı, Avropa Liqası qızıl medal medalçısı. Klublar arası Dünya Çempionu, Çempionlar Liqası qızıl medalçısı olan 6 nömrəli “Brakocevic Jovana”.
Bolqarıstan milli komandasının ən aparıcı oyunçusu Dünya, Avropa Çempionatı iştirakçısı olan Blok qurucu 17 nömrəli “Filipova Strashimira” .
Serbiya milli komandasının ən təcrübəli hücumçusu Dünya, Avropa Çempionatının iştirakçısı, Çempionlar Liqası qalibi olan 12 nömrəli “Nikolic Jelena” .
Azərbaycan milli komandasının tərkibində Dünya, Avropa Çempionatının iştirakçısı olan 3 nömrəli “Anastasiya Qurbanova”.
Bolqarıstan milli komandasının şərəfini qoruyan Avropa, Dünya Çempionatının və Avropa Liqasının iştirakçısı olan 7 nömrəli oyun qurucu “Kitipova Lora”.
Azərbaycan milli komandasının şərəfini qoruyan ən balaca boylu və ən gənc liberosu olan 16 nömrəli “Ceyran Əliyeva”.
Almaniya millisinin şərəfini qoruyan 1 nömrəli oyunçumuz “Lenka Durr” : Dünya Çempionatının, Avropa Çempionatının qalibi olmuş. (Libero)
Baş məşqçi: Aleksandr Çervyakov.
Köməkçi məşqçi: Famil Ağayev. Amerikalı Estes Jeremih.
Fizioterapist: Natalya Litovchinko
Həkim: Aynurə Qafarova.
Statist: Okat Kurt.
Fiziki məşqçi: Xorvatiyalı Popek Sinisa.
Menecer : Yelena Shabovta.
Himn
Uzağı yaxın edər-
Rəvandır yollarımız.
Sahillər birləşdirən
Körpülər qollarımız.
Qələbəyə aparar
Vətən övladlarımız.
Şan-şöhrətli ölkəmə
Bəlli uğurlarımız,
Birinci ol, qalib ol-
Azəryol-Azəryol!
Bayrağını sancdığın
Bu zirvələr sənindir.
Qazandığın qələbə,
Hər uğur vətənindir-
Yurdumun torpağında
Kök atıb bitənindir.
Azərbaycan adıyla
Sən həmişə qalib ol-
Azəryol... Azəryol!