“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Əl-Şəbab”la oyunda (3:2) qalib gəldikdən sonra etdiyi hərəkətə görə tənqid olunub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Ronaldonun nalayiq jestini araşdırmağa başlayıb.
Anderson Taliska 86-cı dəqiqədə qələbə qolunu vurduqdan sonra bir çox “Əl-Şəbab” fanatı Lionel Messinin adını tərənnüm etməyə başlayıb. Buna cavab olaraq 39 yaşlı portuqaliyalı tribunalara nalayiq jest göstərib.
Yerli mətbuat Səudiyyə Ərəbistanı Futbol Federasiyasının Ronaldo ilə bağlı araşdırmalara başladığını yazır.
Qeyd edək ki, “Əl-Nəsr” 52 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci, “Əl-Şəbab” 24 xalla 12-ci yerdədir.