Danimarka millisinin futbolçusu Kristian Eriksen əməliyyat olunacaq.
Apasport.az saytının məlumatına görə, bunu Danimarka Futbol İttifaqı açıqlayıb.
Bildirilib ki, AVRO-2020-nin Finlandiya ilə oyununda (0:1) huşunu itirən yarımmüdafiəçiyə implant kardioverter-defibrilyator yerləşdiriləcək. Bu cihaz həyat üçün təhlükəli olan aritmiyaların aradan qaldırılmasına xidmət edir və ürək dayanmasının qarşısını alır: “Eriksen bir neçə tibbi müayinə keçdikdən sonra qərara alınıb ki, futbolçu üçün implant kardioverter-defibrilyator zəruridir. Kristian beynəlxalq səviyyəli mütəxəssislərin məsləhət gördüyü bu addıma razılaşıb. Biz hamını Kristian və ailəsini yaxın müddətdə narahat etməməyə çağırırıq”.
Qeyd edək ki, Eriksen iyunun 12-də keçirilən matçın ilk yarısının sonlarında yerə yıxılıb. Ona təxminən 15 dəqiqə təcili tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Eriksenin matç zamanı ürək tutması olduğu müəyyənləşib. Hazırda xəstəxanada olan futbolçunun durumu sabitdir.