Xuan Qarsiya “Barselona”nın qapıçısı olaraq La Liganın 2025/2026 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Lent.az xəbər verir ki, bu qiymətləndirməni “The Athletic” nəşri aparıb.
Bu mövsüm ispaniyalı qapıçı Xuan Qarsiya Kataloniya klubunun heyətində bütün turnirlər üzrə 45 oyunda iştirak edib, 42 top buraxıb və 18 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Nəşr qeyd edib ki, ötən yay “Barselona” Qarsiyanı “Espanyol”dan transfer etməkdə çətinlik çəkib. Klubun maaş məhdudiyyətləri və əsas qapıçı Mark-Andre ter Ştegenlə bağlı mürəkkəb vəziyyət transferi çətinləşdirən amillərdən olub.
Buna baxmayaraq, transfer son dərəcə uğurlu alınıb. Nəşrin fikrincə, məhz Qarsiya “Barselona”nın çempionluq titulunu qazanmasında əsas rol oynayıb.
Xuan Qarsiyanın “Barselona” ilə müqaviləsi 2031-ci ilin ortalarınadək qüvvədədir. Transfermarkt portalı qapıçının bazar dəyərini 40 milyon avro qiymətləndirir.

Xuan Qarsiya