Altıqat Fransa çempionu milli yarışlardan kənarlaşdırılıb, lakin klub hələ də apellyasiya yolu ilə xilas ollmağa ümid edir.
Fransanın "Bordo" klubu tarixinin ən çətin fəsillərindən birini yaşayır. Milli nəzarət və idarəetmə direktorluğu (DNCG) ciddi maliyyə problemləri səbəbindən klubu bütün milli yarışlardan kənarlaşdırmaq qərarına gəlib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu qərarın səbəbi klub rəhbərliyinin lazımi maliyyəni təmin edə bilməməsi olub. "Bordo" ötən mövsümün büdcəsini ödəmək və 2026/27 mövsümündə iştirakı təmin etmək üçün lazım olan 9 milyon avronu təmin edə bilməyib.
Klub artıq apelyasiya şikayəti verib. Əgər rədd edilərsə, altıqat Fransa çempionu yeni mövsümə ölkənin altıncı ən güclü divizionu olan Regional Liqa 1-də başlamağa məcbur olacaq. Komanda son iki ildə Milli 2-də oynayıb.
“Bordo”dan bildirilib ki, apelyasiya prosesi onlara 2026/27 mövsümü üçün büdcələrini dəqiqləşdirməyə və yenilənmiş maliyyə paketi təqdim etməyə imkan verəcək. Təxminən iki həftə ərzində apelyasiya komitəsinin iclası gözlənilir.
Bu arada, klubun mülkiyyətçi dəyişikliyi davam edir. Hazırkı prezident Jerar Lopes Britaniya investisiya fondu Sparta Capital ilə nəzarət səhm paketini satmaq barədə danışıqlar aparır.
Fransa mediasının məlumatına görə, “Bordo” klubunu xilas etmək üçün üç variant var. Birincisi, Lopesin tələb olunan 9 milyon avronu şəxsən ödəməsini nəzərdə tutur. İkincisi, mövsümü maliyyələşdirmək üçün Sparta Capital kluba təxminən 10 milyon avro borc verməsini nəzərdə tutur.
Üçüncü ssenari, Stade Atlantique stadionunun istifadəsi üçün yeni şərtlərlə bağlı şəhər hakimiyyəti ilə danışıqları əhatə edir. Tərəflər kompromisə gələrsə, investorlar klubun alınmasını başa çatdırmağa hazırdırlar və bu da “Bordo” klubunun Milli 2-dəki yerini qorumaq şansını əhəmiyyətli dərəcədə artırır. Yerli hakimiyyət orqanları artıq Fransanın ən məşhur futbol klublarından birinin gələcəyini qoruyacaq real bir həll yolu axtarışını dəstəklədiklərini bildiriblər.