Paraqvay, Misir, Portuqaliya, İngiltərə və Qana milli komandaları futbol üzrə dünya çempionatının pley-off mərhələsinə yüksəlib.
Lent.az xəbər verir ki, şənbəyə keçən gecə H qrupunda İspaniya millisi Uruqvay yığmasını 1:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Uruqvay qrup üçüncüləri arasında ən yaxşı səkkiz komanda sırasına düşmək şansını itirib.
Pley-offa yüksələn Paraqvay, Misir, Portuqaliya, İngiltərə və Qana qrup mərhələsində artıq 4 xal toplayıblar. A qrupunda üçüncü olan Cənubi Koreya (3 xal), C qrupunda üçüncü pillədə qərarlaşan Şotlandiya (3 xal), H qrupunda Uruqvay (2 xal) və I qrupunda Seneqal (3 xal) bu göstəricini üstələyə bilməyəcəklər.
Beləliklə, qrupunu üçüncü pillədə başa vuran və ən azı 4 xal toplayan bütün komandalar ən yaxşı səkkizlikdə yer alaraq pley-off mərhələsinə vəsiqəni təmin ediblər.
Xatırladaq ki, futbol üzrə dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq. Reqlamentə əsasən, hər qrupdan ilk iki yeri tutan komandalar və üçüncü yeri tutan ən yaxşı səkkiz yığma pley-off mərhələsinə yüksəlir. Turnirin son qalibi isə Argentina millisidir.