Azərbaycan Premyer Liqasının XXI turu 9 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, bu oyunçular IV dövrənin startını buraxmalı olacaq.
Cəzalı duruma düşənlərdən beşi qırmızı, dördü sarı vərəqə limiti üzündən belə vəziyyətlə üzləşib. XXII tura “Zirə” daha böyük itkilərlə çıxacaq. Qəsəbə təmsilçisinin qapıçısı Mehdi Cənnətov 4-cü sarı, Ağabala Ramazanovla Coşqun Diniyev qırmızı üzündən “Sabah”a qarşı oynamayacaq.
“Keşlə” qırmızı vərəqə ilə cəzalanan Tərlan Quliyevlə Kamal Bayramovun xidmətindən yararlana bilməyəcək. Paytaxt klubunun derbidəki rəqibi “Neftçi”yə Eddi İsrafilov kömək etməyəcək. O da qırmızı vərəqə ilə cəzalanıb.
“Səbail”in qonağı olacaq “Qəbələ”nin müdafiəçisi Ruan Renato da turu buraxmaq məcburiyyətindədir. O, sarı vərəqə sayını 4-ə çatdırıb.
Eyni səbəbdən “Sumqayıt”ın iki üzvü də “istirahət edəcək”. Rəhim Sadıxovla Murad Xaçayev “Qarabağ”la görüşü kənardan izləməli olacaq.