Azərbaycan millisinin sabiq kapitanı, futbol veteranı Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi
- Millimiz DÇ-2022-nin seçmə mərhələsinə Portuqaliya ilə oyunla start verdi. Komandamızın güclü rəqibinə məğlubiyyətinə üzülənlər də oldu, 1 top buraxdığı üçün sevinənlər də. Siz hansı tərəfdənsiniz?
- Maraqlı sualdır. Mən özüm də hərdən fikirləşirəm ki, 1992-ci ildən kiməsə 0:1 hesabı ilə uduzanda deyirik ki, yaxşı qurtardıq. Minimal hesabla uduzmağa sevinirik, amma ümumi nəticə kənarda qalır. Müstəqilliyin ilk illərindən bu günə qədər bir oyunu yaxşı keçirib, sonra 2-3 matçda uduzuruqsa, qrupda 4-5-ci yeri tuturuqsa, hansı inkişafdan danışa bilərik? Hansısa rəqiblə başabaş oynamaq, qrupda 2-3-cü yeri tutmaq inkişafdır. Komandamız Portuqaliya ilə görüşün birinci hissəsində meydanın mərkəzini keçə bilmədi. 20 il əvvəl futbol oynayırdıq, bütün yığmalarla 60 dəqiqə başabaş mübarizə aparırdıq. Son yarım saatda sadəcə fiziki gücümüz çatmırdı. Keçid dövrü idi, təlim-məşq toplanışları olmurdu, çətinliklər çox idi. İndi dövlət tərəfindən hər cür qayğı göstərilir, şərait yaradılır. Klubların toplanışlarından tutmuş, həkim müayinələrinə qədər hər şey ən yüksək səviyyədə təşkil olunur. Halbuki o vaxt əməliyyat olunmaq futbolçu üçün çətin idi. Statistikaya baxırıq, Portuqaliyanın çərçivəyə 15 zərbəsi var, biz siftə eləməmişik, həmçinin də digər məqamlarda vəziyyət belədir. Bunun nəyinə sevinək?
- Sizcə, bu problem nədən qaynaqlanır?
- Çempionatın autsayderi “Sabah”dan yığmaya 6 futbolçu çağırılıb, 5-ci pillədəki “Qəbələ”dən bir nəfərə də dəvət olmayıb. Bu gün “Qəbələ” “Qarabağ”dan sonra Premyer Liqada ən baxımlı oyun nümayiş etdirən komandadır. Rövlan Muradov, Pərviz Əhmədov, Anar Nəzirov niyə kənarda qalmalıdır? Necə olur ki, “Qarabağ”da ehtiyatda oturan və çempionatda meydançaya çıxmayan Emil Balayev dəvət alır, lider “Neftçi”nin əsas qapıçısı Aqil Məmmədov çağırılmır? Aqilin, Anarın haqqı yeyilir. Həmçinin Ağabala Ramazanov dəvət alanlardan hansından zəifdir? Ramil Şeydayev “Sabah”ın matçlarında 85-ci dəqiqədən sonra meydana daxil olur, ancaq Qətərlə görüşdə start heyətində çıxış edir. Belə olan halda əlbəttə ki, bu məğlubiyyətləri çox yaşayacağıq və 0:1-lərə sevinəcəyik.
- Baş məşqçi Canni de Byazi gəncləşdirmə siyasəti yürüdüldüyünü və heyətin formalaşması üçün vaxt lazım olduğunu bildirmişdi...
- Gəncləşdirmə siyasəti aparırsa, Rövlan Muradov, Ülvi İsgəndərov, Pərviz Əhmədov niyə çağırılmır? “Neftçi”nin lideri olan, çempionata bombardirlik edən və yaxşı forma yığan Namiq Ələsgərov yığmada ehtiyatda oturur. Deyirlər ki, Portuqaliya ilə görüşdə ən yaxşılar meydanda olmalı idi. Bəs niyə ən yaxşılar oynamırdı? Azərbaycan futbolu artıq uçurumun dibindədir. Hətta dibini də qaza-qaza daha da aşağı gedirik. Bundan sonra futbolu bu vəziyyətdən çıxarmaq üçün illər lazım olacaq. 90-cı illərdə şəraitsizlik var idi, indi ki, hər şey yaxşıdır. Amma nəticə eyni olaraq qalır. Yenə uzaq başı qrupda kimisə bədbəxt edəcəyik, buna da sevinəcəyik. De Byazi gedib “Qəbələ”nin oyununu izləməlidir, milliyə futbolçuları özü çağırmalıdır. Matçlara özü baxıb, seçimini etməlidir. “Qəbələ”dən heç kim çağırılmırsa, lider komandanın qapıçısı kənarda qalırsa, hansısa klubda ehtiyatda oturana dəvət gəlirsə, autsayderin 6 üzvü heyətdə olursa, çox suallar ortaya çıxır. Bu duruma sevinmək yox, ağlamaq lazımdır. Hələ də 0:1 hesabı ilə uduzmağa sevinməyimiz faciədir. Bilmirəm, bəlkə də, Qətərə qol vurmağımıza sevinənlər var.
- Zaur Ramazanov saytımıza müsahibəsində bildirmişdi ki, milliyə dəvətlər sifarişlidir. Sizcə də belədir?
- Sifarişli dəvətlər olub-olmadığını hamımız bilirik. Hər halda yuxarıda sadaladığım amillər sifarişli dəvətlərin olduğundan xəbər verir. Autsayder komandanın oyunçularına üstünlük verilirsə, deməli, yığmada sifarişli dəvətlər çoxdur. Sifarişi kimin verdiyini bilmirəm. Ancaq bütün bu problemlər çox sual ortaya çıxarır. Heç kimin haqqını yemək olmaz. Məşqçilər Komitəsinin üzvləri deyirlər ki, Azərbaycanda məşqçi, futbolçu yoxdur, ona görə kənardan axtarırıq. Əgər məşqçi yoxdursa, o komitənin adını dəyişsinlər də. Azərbaycanda nəticə verən ancaq yerli məşqçilər olub. Əcnəbilər indiyə qədər nə ediblər? Torres, Foqts, Prosineçki, Yurçeviç və de Byazi hansı xeyri veriblər? Bu gün uğur qazanan yığmaların 95 faizində yerli mütəxəssislər çalışır. İtaliya, İspaniya, Almaniya, Rusiya, Türkiyə, Ukrayna kimi komandalarda yerli məşqçilərdir. Çünki yerli mütəxəssis pulu fikirləşmir, milli naminə əlindən gələni etməyə çalışır. De Byazi Portuqaliya ilə matçdan əvvəl demişdi ki, rəqib onları necə udacağımızı bilmir. Bu sözləri deyən adam görüşdən sonra da söyləyir ki, əsas intizamlı oyun və qorxmamaq idi. Bu adam bizimlə məzələnir? Biz bu qədər acizik? Birinci hissədə mərkəzi keçə bilməmişik, qorxmaq başqa nə cür olur? Əgər 6-7 nəfərlə müdafiə olunursansa, hücuma sürətli oyunçular qoymalısan ki, əks-hücumdan nəyəsə ümid edəsən. De Byazi hətta demişdi ki, Albaniya yığmasında 6 il işləmişəm. Bu artıq bir siqnaldır ki, bir neçə il məni burada saxlayın.
- Qeyd etdiniz ki, bombardir Namiq Ələsgərov ehtiyatda qaldı, Rövlan Muradov, Ağabala Ramazanov, Aqil Məmmədov çağırılmadı. Bu cür hallar həmin futbolçuları “sındırmır”?
- Əlbəttə ki, “sındırır”, ruhdan salır. Bu uşaqlar milliyə düşə bilməyəcəklərsə, çempionatda niyə oynayırlar? Bu komandaya milli ruhda olanlar çağırılmalıdır. Bizim buna milli deməyə dilimiz gəlməməlidir. Nə qədər milliləşdirilmiş futbolçular var.
- Yeni milliləşdirilən Anatoli Nuriyev Portuqaliya və Qətərlə matçlarda iştirak etdi. O, çıxışı ilə yerlilərdən nədəsə fərqləndimi?
- Fərqlənəcək bir şey yoxdur. Əgər yenə uduzuruqsa, oyun baxımından bir irəliləyiş yoxdursa, milliləşdirmə nəyə lazımdır? Hərdən deyirlər ki, Türkiyə yığmasına Almaniyadan oyunçular cəlb olunur. Amma onlar hər iki valideyni türkiyəli olub, Almaniyaya köç edənlərdir. Çağırılanda da sevə-sevə milliyə yollanırlar. Amma bizə gələnlərdən ən yaxşı halda valideynlərindən biri azərbaycanlı olur, onlar da həvəslə gəlmirlər. Sadəcə bilirlər ki, oynadıqları ölkədə yığmaya düşə bilməzlər, bura da gəlirlər ki, Avropaya bəlkə yolları açılar. Nə qədər oyunçu milliləşdirmək olar? Elədirsə, milli söhbətini ləğv edək, Azərbaycan yığması deyək. Çünki biz illərdir hər yerdən yığırıq. Milli komanda sırf azərbaycanlılardan, bu ölkəni sevənlərdən qurulmalıdır. Rusiyada oynayan bəzi futbolçular bura gəlmirlər. Çünki bilirlər ki, Azərbaycan millisində oynasalar, Rusiyada legioner sayılacaqlar. Bu futbolçulara milli ruhu aşılamaq üçün zaman lazımdır. Amma zamanımız da artıq keçib. 29 ildir müstəqilik, futbolumuz bu müddətdə heç yerində də saymır, geriləyir.
- Yığmamız qrupun ikinci matçında sabah Serbiyanı qəbul edəcək. Bu matçdan nə gözləyirsiniz?
- Əlbəttə, yığmamızın uğurlu çıxışını çox istəyərdim. Söhbət təkcə bu matçdan getmir, ümumiyyətlə, davamlı uğur arzulayıram. Heç olmasa, 3-cü yerə iddia edə bilək. Serblərin isə həm İrlandiya, həm də Portuqaliya ilə oyununa baxdım. Portuqaliya ilə görüşün ikinci hissəsini rəqibdən üstün keçirdilər. Çox aqressiv, hərəkətli komandadır, sərt və düşünülmüş hücumlar qurur. Sabah yığmamıza çətin olacaq. Komandamızın qələbə qazanmasını istərdim. Baş məşqçinin üzərinə bu məsələdə çox iş düşəcək. Onun futbolçuları necə hazırlamasından, motivasiya etməsindən çox şey asılı olacaq.