Təcili müdaxiləyə ehtiyac olan xəstə 5 saat  gözlədilib? - RƏSMİ CAVAB
19 avqust 2025 14:12 (UTC +04:00)

Təcili müdaxiləyə ehtiyac olan xəstə 5 saat gözlədilib? - RƏSMİ CAVAB

Yeni Klinika ilə bağlı sosial şəbəkələrdən birində şikayət diqqətimizi çəkdi. Şikayətçinin sözlərinə görə, gecə saat 4-dən xəstəni klinikaya aparsalar da, 5 saat gözləyəndən sonra səhər saat 9-a kimi onların problemi ilə maraqlanan həkim tapılmayıb. Həmçinin xəstənin şikayətinin uroloji olduğu və təcili müdaxiləyə ehtiyac olduğu bildirilir.

Bu məsələ ilə bağlı Lent.az-ın əməkdaşı Yeni Klinikanın mətbuat xidməti ilə əlaqə saxladı.

Xəstəxanadan bildirildi ki, pasiyentin sosial şəbəkələrdə bildirdiyinin əksinə olaraq, hər hansı ağrı şikayətinin olmadığı təsdiqlənib:

“18 avqust 2025-ci il tarixində, saat 05:09-da Yeni Klinikanın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə müraciət edən pasiyent (kişi cinsli) ilkin olaraq triaj otağında müayinə olunub. Müayinə nəticəsində pasiyentin şikayətinin uroloji xarakter daşıdığı və təcili tibbi hal hesab edilmədiyi müəyyən edilib. Qeyd olunmalıdır ki, pasiyent tibb müəssisəsinə ağrı və sancı ilə deyil, axıntı şikayəti ilə müraciət edib. Bu səbəbdən o, poliklinik qaydada uroloq-androloq müayinəsinə yönləndirilib və saat 06:12-də Qeydiyyat bölməsinə yaxınlaşaraq növbə talonu əldə edib.

Daha sonra pasiyentlə telefon əlaqəsi yaradılıb və xəstəxana daxilində görüş təşkil olunub. Görüş zamanı da pasiyentin sosial şəbəkələrdə bildirdiyinin əksinə olaraq, hər hansı ağrı şikayətinin olmadığı təsdiqlənib. Pasiyent həkim-uroloq tərəfindən konsultasiya olunub, əlavə olaraq doppler ultrasəs müayinəsinə və laborator qan analizlərinə yönləndirilib. Müayinələrin nəticələrinə əsasən, pasiyentdə 1-ci dərəcəli varikosel (toxum ciyəsi venalarının genişlənməsi) aşkar edilib.

Hazırda müalicəyə ehtiyac olmadığı üçün pasiyentə həkim tərəfindən profilaktik məsləhətlər verilib.

Qeyd edək ki, tibb müəssisələrində pasiyent qəbulu triaj prinsipi əsasında həyata keçirilir. Təcili və təxirəsalınmaz hallarda müraciət edən pasiyentlərin növbəsiz şəkildə qəbulu təmin olunur. Planlı tibbi xidmətlər isə poliklinik müayinələrə uyğun ardıcıllıqla, talon sisteminə əsasən həyata keçirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar