Məşhur braziliyalı keçmiş müdafiəçi Roberto Karlos 15 illik evliliyindən sonra həyat yoldaşından ayrılıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Real"ın keçmiş futbolçusu həyat yoldaşı Mariana Lukkondan boşanır. Cütlük 2009-cu ildən evlidir və iki qızları var. Bundan əvvəl 51 yaşlı Roberto Karlos müxtəlif qadınlardan 11 uşaq atası olduğunu etiraf edib.
Hazırda klubun strukturunda çalışan Roberto Karlos İspaniyadakı iki evinin birində həyat yoldaşı, digərində isə qohumları yaşadığı üçün “Real”ın Valdebebasdakı bazasında yaşamağa məcburdur. Qeyd olunur ki, boşanma prosesi çətin olacaq, çünki ər-arvad təxminən 160 milyon avro dəyərində olan əmlakı bölməlidirlər.
Roberto Karlos - 2002-ci il dünya çempionu, 1998-ci il dünya çempionatının gümüş mükafatçısıdır. Braziliyalı vətənində "Unian San-Juan", "Atletiko Mineyro", "Palmeyras" və "Korintians", həmçinin "İnter", "Real", "Fənərbaxça" və Hindistanın "Dehli Dinamos"unda çıxış edib. 2011-2012-ci illərdə dünya çempionu Mahaçqalanın "Anji" klubunda çıxış edib, onun üçün 28 oyun keçirib - 5 qol vurub və 3 məhsuldar ötürmə edib.