“Keşlə”dən ayrılmağım mənim üçün sürpriz oldu. Düzdür, müqavilə müddətim bitmişdi. Martdan isə koronavirus pandemiyasına görə çempionat dayandırılmışdı. 5 aydan sonra – iyulda məşqləri bərpa etdik. Avqustun 8-də isə “Keşlə” ilə yollarımızı ayırdıq, halbuki bundan heç özümün də xəbərim yox idi”.
Bunu apasport.az saytına “Keşlə”nin sabiq baş məşqçisi Tərlan Əhmədov mövsümlərarası fasilədə komandadan ayrılmasına münasibət bildirərkən deyib.
49 yaşlı mütəxəssis yay təlim-məşq toplanışı və yoxlama görüşlərinin normal qaydada keçdiyini, hər şeyin bir anda baş verdiyini söyləyib: “Klub prezidenti Zaur Axundovla hələ ilk görüşümüz zamanı demişdim ki, uğur qazandıqca söz-söhbətlər artacaq, badalaq vuranlar çoxalacaq. Əvvəldən bilsəydim ki, çempionatın startına 12 gün qalmış müqaviləm artırılmayacaq, başqa planlarım olardı. Çünki rəhbərliklə böyük planlar qurmuşduq, avrokubokda minimum bir mərhələ keçməyi hədəfləmişdik. Şamaxı toplanışı oldu, Qəbələdə yoxlama görüşləri keçirdik, Bakıya qayıtdıqdan sonra hər şey plan üzrə getdi. Proseslər elə cərəyan edirdi ki, avqustun 8-də “səninlə yollarımızı ayırırıq” demələri yuxuma da girməzdi”.
Bakı klubuna Premyer Liqanın bürünc medalını qazandıran çalışdırıcı rəhbərliklə son görüşünü yada salıb. O, yeni müqavilə imzalanmamasının səbəbini də açıqlayıb: “Həmin gün günorta dostum zəng vurdu, dedim ki, saat 6-da məşqim var, bazaya gedirəm. Bildirdi ki, axı səni klubdan çıxarıblar. Rəsmi sayta girib baxdım ki, doğrudan da, yollarımız ayrılıb. Klubun verdiyi iş maşını ilə məşqə yollandım, rəhbər şəxslərdən biri zəng vurdu, əvvəlcə yanlarına getməyimi istədi. Qalxdım klub prezidentinin köməkçisinin yanına. Dedilər ki, dünən axşam telefonuna zəng çatmayıb, buna görə də yollarımızı ayırırıq. Soruşdum ki, telefon sönülü olduğu üçün işdən adam çıxararlar? Bəlkə telefon əlimdən düşüb sınıb və ya xarab olub? Dedi ki, səbəblərdən biri budur, biri də səndən şikayətlərin olması. Yenə sual verdim ki, altı ay futbol olmadı, indiyə qədər şikayət olmadı, çempionatın startına 12 gün qalmış oldu? Tələb elədim ki, şikayət edənləri çağırın, görüm problem nədir? Görünən o idi ki, aranı qarışdırmaq istəyənlər, uğuru həzm edə bilməyənlər var idi. Hər halda bunu iyunda bilsəydim, başqa planlar qurardım. İrəlidə gedən adama badalaq vurmaq əzəldən var”.
Qeyd edək ki, Tərlan Əhmədovla yollarını ayırdıqdan sonra baş məşqçi postuna Yunis Hüseynovu gətirən “Keşlə” Avropa Liqasının I mərhələsində mübarizəni dayandırıb.