Türkiyədə futbol “zəlzələsi”
03 iyul 2011 21:10 (UTC +04:00)

Türkiyədə futbol “zəlzələsi”

Türkiyədə ölkə futbol tarixinin indiyədək görünməmiş ən böyük və ən geniş miqyaslı polis-istintaq əməliyyatı keçirilir. APA-nın xəbərinə görə, bu gün səhər tezdən polis “Fənərbağça”nın çempionluğu ilə nəticələnən 2010/2011 futbol mövsümündə danışılmış oyunlarla bağlı istintaq çərçivəsində 15 şəhərdə əməliyyat-axtarış tədbirlərinə başlayıb.

İstanbulda Türkiyənin ən böyük idman klublarından biri olan “Fənərbağça”nın prezidenti Əziz Yıldırımın həbs edilməsi xəbəri ölkə ictimaiyyətini şoka salıb. Ə. Yıldırım evində yaxalanaraq İstanbul Əmniyyət Müdirliyi (polis idarəsi) binasına aparılıb. Onun evində, “Fənərbağça” klubunun binasında və klubun “Şükrü Saraçoğlu” stadionunda axtarış aparılıb. Ə. Yıldırımdan sonra klubun vitse-prezidenti Şekip Mosturoğlu, klub direktoru İlhan Ekşioğlu, klubun baş mühasibi də həbs edilib. Bundan başqa, “Fənər”in bu sezon “Karabükspor”dan transfer etdiyi nigeriyalı futbolçu Emmanuel Emenike və “Əskişəhərspor”dan alınan Sezər Öztürk də həbs olunanlar arasındadır. E. Emenike ötən mövsümün 2-ci yarısında “Fənərbağça” ilə matçdan əvvəl zədəli olduğunu bəhanə göstərərək oynamayıb. Sonradan Emenikenin zədəli olmadığı ve “Fənərbağça” ilə transfer razılığına gəldiyi üçün oynamadığı bəlli olub. S. Öztürk isə “Əskişəhərspor”un aparıcı futbolçularından biri olmasına baxmayaraq, “Fənər”lə oyunda müəmmalı şəkildə çox zəif oyun nümayiş etdirib və 42-ci dəqiqədə əvəzlənib. Hər iki futbolçunun sezon bitdikdən sonra “Fənərbağça”ya transfer olması şübhələri daha da artırıb.

Əməliyyatı genişləndirən Türkiyə polisi “Əskişəhərspor”un baş məşqçisi, uzun illər “Fənərbağça”da oynamış Bülənt Uyğun və “Əskişəhərspor”un idman direktoru Ümit Karanı da həbs edib. Xatırladaq ki, “Fənərbağça” hazırda istintaq tərəfindən araşdırılan o qarşılaşmada “Əskişəhərspor”u 3-1 hesabı ilə məğlub etmişdi.

İstintaq tərəfindən araşdırılan digər şübhəli qarşılaşma isə çempionatın sonuncu turunda oynanılan “Sivasspor” – “Fənərbağça” matçıdır. “Sivasspor”un prezidenti Məcnun Odyakmaz, komandanın qapıçısı Korcan Çelikay, komandanın kapitanı olmuş və bir neçə gün əvvəl “Əskişəhərspor”a transfer olan Mehmet Yıldız da bu istintaq çərçivəsində həbs edilib. Qapıçı Korcan “Fənər”in 4-3 hesabı ilə qalib gəldiyi qarşılaşmada şübhəli qollar buraxmışdı.

Həbs olunanlar arasında “Fənərbağça”nın 2-ci kapitanı və Türkiyə milli komandasının kapitanı Əmrə Belözoğlunun yaxın qohumu da var.

Əməliyyat sadəcə “Fənərbağça” ilə məhdudlaşmayıb. 2-ci liqadakı danışılmış oyunlarla əlaqədar “Diyarbəkirspor”un sabiq prezidenti Abdurrahman Yaqut, “Giresunspor”un indiki prezidenti Ömər Ülkü və keçmiş prezidenti Olqun Peker, “Altay” klubunun baş direktoru Ərman Ərtaş, “Adanaspor”un baş məşqçisi Ləvənt Əriş, onun köməkçisi Sərdar Berkin, menecer Əli Kıratlı, “Gənclərbirliyi” klubunun futbolçusu Mahmud Boz da həbs edilib. “Gənclərbirliyi”nin başqa bir futbolçusu Sərkan Çalık haqqında da həbs qərarı var. Lakin o, hazırda Almaniyada olduğu üçün həbs olunmayıb.

Həbs edilənlərin sayı ümumilikdə 40 nəfərdən çoxdur. Əməliyyat davam edir. Həbs olunanların sayının 150-yə çatacağı bildirilir. Qanunlara görə, saxlanılan şəxslər 3 gün polis idarəsində saxlanıla bilər, sonra ifadə vermək üçün prokurorluğa göndərilməlidirlər. Prokurorun bu şəxsləri sərbəst buraxmaq və ya həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə göndərmək hüququ var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1003

Oxşar yazılar