Mbo Mpenza: “Qardaşımın “Neftçi”yə keçəcəyini eşidəndə çox təəccübləndim”
21 aprel 2011 12:33 (UTC +04:00)

Mbo Mpenza: “Qardaşımın “Neftçi”yə keçəcəyini eşidəndə çox təəccübləndim”

Lent.az-ın məlumatına görə, bu sözləri Belçika yığmasının sabiq futbolçusu Mbo Mpenza “Neftçi”nin rəsmi saytına açıqlamasında deyib.

“Neftçi”nin dəvəti ilə ölkəmizə gələn 35 yaşlı veteran hücumçu Azərbaycan futbolu haqqında danışıb: “5 il əvvəllə müqayisə etsək, Azərbaycan futbolunda peşəkarlıq baxımından böyük inkişaf var. Futbolçular çox çalışırlar. İndi onların əziyyətinin nəticəsini görmək olar. Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində ötən ay Belçika ilə görüşünü izlədim. Düzdür, hazırda azərbaycanlı futbolçuların Belçikaya qalib gəlmələri real görünmür. Amma bu heç də mümkünsüz iş deyil. Yaxın zamanlarda Azərbaycan milli komandası Belçikanı məğlub etmək iqtidarında olacaq. Eyni zamanda “Neftçi”də də çox yaxşı şərait var. Bu komanda Azərbaycan çempionatında ilk pillədə qərarlaşıb. Fikrimcə, mövsümün sonunda qızıl medallar məhz “Neftçi”yə qismət olacaq”.

Mbo Mpenza qardaşı Emilin “ağ-qaralar”a transferi ilə bağlı fikirlərini də bildirib: “Açığı, Emilin “Neftçi”yə keçmək variantını eşitdikdə çox təəccübləndim və ondan Azərbaycana yollanmağa əmin olub-olmadığını soruşdum. Emil isə dedi ki, mən ciddi bir kluba, qarşısına çempionluq məqsədi qoyan komandaya gedirəm. O, titul qazanmağı çox sevir. Sevinirəm ki, qardaşım “Neftçi”də çox uğurla çıxış edir və çempionluq mübarizəsində komandaya yardımçı olur”.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Sportinq” (Portuqaliya), “Qalatasaray” (Türkiyə), “Anderlext” (Belçika) kimi klubların şərəfini qorumuş Mbo Mpenza “Neftçi”yə qarşı da oynayıb. O, 2005/2006-cı il mövsümündə “Anderlext”də ikən Çempionlar Liqasının ikinci təsnifat mərhələsində flaqmanla qarşılaşıb. 2007-ci ildə zədə ucbatından karyerasını başa vuran Mbo Mpenza hazırda öz ölkəsində “Be TV”, RTL telekanallarında, eləcə də BEL və RTL radiolarında şərhçi kimi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar