Flavinyo: “Azərbaycan yığmasında çıxış etməyin əleyhinə deyiləm”
20 aprel 2011 16:45 (UTC +04:00)

Flavinyo: “Azərbaycan yığmasında çıxış etməyin əleyhinə deyiləm”

Lent.az-ın məlumatına görə, fevralın ən yaxşı futbolçusu seçilən Rauf Əliyev Azərbaycan millisinin tərkibində Almaniyaya tibbi müayinəyə yollandığı üçün tədbirdə iştirak etməyib.
Onun əvəzinə mükafatı “Qarabağ”ın mətbuat katibi Nurlan Əziz alıb. Martın ən yaxşı futbolçusu üçün mükafatı isə “Neftçi”nin yarımmüdafiəçisi Flavinyoya verilib.


“Unibank”ın Marketinq Departamentinin rəhbəri Ramin Vəliyev mərasimin gecikməsini belə izah edib: “Martda gərgin iş qrafikimiz oldu. Ona görə də iki mükafatı birləşdirməyi və apreldə verməyi qərara aldıq. Əslində bu tədbiri ötən həftəsonu keçirmək istəyirdik, amma kiçik çatışmazlıqlar üzündən alınmadı. Alınsaydı, Rauf Əliyev də tədbirdə iştirak edəcəkdi. Fikrimiz var ki, növbəti iki ayın ən yaxşı futbolçularının mükafatlandırma mərasimlərini də birləşdirək və mayın sonlarında qala-bağlanış edək”.


Arif Əsədov isə artıq 6-7 nominasiyadır ki, “Neftçi”nin oyunçularının ən yaxşı futbolçu seçilmələrinə diqqət çəkib. Onun fikrincə, bu, komandasının sabit çıxışı və futbolçuların fərdi ustalıqlarından irəli gəlir: “Flavinyonun bu uğurunda komanda yoldaşlarının da əməyini qeyd etmək istərdim”.

Flavinyo isə ona səs verən hər kəsə təşəkkürünü bildirib: “Xoşbəxtəm ki, ikinci dəfə əməyim qiymətləndirilir. Məncə, çox futbolçu bu ada layiqdir. Şəxsən mən AZAL-dakı 11 nömrəli futbolçunu (Zohair Benuahi), Ruslan Abışovu və Julius Vobayı bu ada layiq görürəm”.


Artıq ikinci dəfə bu ada layiq görülən braziliyalı yarımmüdafiəçi əvvəllər aldığı 1111 manatı hələ kartından götürmədiyini, ona görə də indi verilən eyni məbləği hara xərcləyəcəyini bilmədiyini açıqlayıb: “Pulu kartımdan götürəndə, hara xərcləyəcəyimi fikirləşərəm”.


Jurnalistlər Flavinyodan Azərbaycan yığmasına dəvət olunmasının nə dərəcədə mümkünlüyü ilə də maraqlanıblar. “Sambaçı” bildirib ki, ilk dəfə Azərbaycana gələndə yalnız “Neftçi”də uğurla çıxış etməyi düşünüb. İndi isə o, yalnız çempionluğu fikirləşir: “Mən hələ Azərbaycan millisinə dəvət haqda düşünmürəm. Çempion olaq, bu haqda fikirləşə bilərəm. Özüm əleyhinə deyiləm. Amma bu, “Neftçi” rəhbərliyinin qərarından da asılı olacaq”.


Bu məsələyə “Neftçi”nin baş məşqçisi də münasibətini açıqlayıb: “Mən də bir azərbaycanlı kimi istərdim ki, “Neftçi” yığmamıza belə səviyyəli futbolçu ilə öz töhfəsini versin”.

“Sizin üçün arzuolunmaz futbolçu Elnur Allahverdiyevin deyil?” sualına isə Flavinyonun cavabı belə olub: “Hamı bizə qarşı çox ciddi hazırlaşır. Mövsümün ilk yarısında “Muğan”la oyunda ayağım qırılandan sonra mənim üçün arzuolunmaz futbolçu qalmayıb. Bura gələndə müdafiəçilərin fərqli çıxış etdiklərini gördüm. Kobud oyunları görəndən sonra həm özümü müdafiə edir, həm də yaxşı çıxış etməyə çalışıram”.


Ən arzuolunmaz rəqiblərə gəldikdə, o, “Qarabağ” və “Xəzər Lənkəran”ın adlarını çəkib: “Mən “Xəzər Lənkəran”la qarşıdakı matçı yox, çempionluğu düşünürəm. Mənim, yaxud Bahodir Nasimovun qol vurmağının fərqi yoxdur”.

Hazırda “Neftçi”nin Çempionlar Liqasının qrup mərhələsinə düşməsini arzulayan gənc futbolçu həm özünə, həm də klubuna münasib təklif gələrsə, dəyərləndirəcəyini əlavə edib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1465

Oxşar yazılar