Mahir Şükürov “Qəbələ” ilə müqavilə bağladı
13 aprel 2011 14:24 (UTC +04:00)

Mahir Şükürov “Qəbələ” ilə müqavilə bağladı

Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov “Qəbələ” klubu ilə müqavilə bağlayıb. Lent.az-ın məlumatına görə, bununla bağlı aprelin 13-də mətbuat konfransı keçirilib.

Tədbirdə “Qəbələ”nin baş meneceri Zaur Əzizov bildirib ki, komandanın baş məşqçisi Toni Adams 29 yaşlı müdafiəçi ilə hələ Rusiyanın “Anji” klubunda oynadığı vaxtdan maraqlanıb. Sadəcə həmin vaxt müqaviləsi olduğu üçün heyətə cəlb etmək mümkün olmayıb. “Anji”dən ayrıldıqdan sonra isə danışıqlar aparılaraq, 2 illik müqavilə bağlanılıb.

Adams belə bir futbolçu ilə müqavilənin bağlanılmasından məmnunluğunu ifadə edib: “İlk dəfə “Qəbələ”yə gələrkən, istəyirdim ki, növbəti mövsümə hazır olaq. Məni üçün bu mövsüm tutacağım mövqe önəmli deyildi. Artıq keçid dövrünü arxada qoymuşuq. İndi iddialı açıqlama verirəm ki, “Qəbələ” növbəti mövsüm “Neftçi”, “Xəzər Lənkəran”ı”, Qarabağ”ı udmalıdır. Mahir Şükürovun da bu məqsədin həyata keçirilməsində bizə yardımçı olacağını düşünürük. Ümid edirəm ki, Avropa kuboklarına vəsiqə üçün mübarizəyə başlaya bilərik. Mahir Şükürov ölkəmizin ən yaxşı futbolçulardandır və onun peşəkarlığına şübhə etmirəm”.

İngiltərəli mütəxəssis Mahir Şükürovun futbolçu keyfiyyətləri barədə də danışıb. O bildirib ki, Şükürov hər şeydən əvvəl təcrübəli futbolçudur: “Mahir Azərbaycan millisinin heyətində həm müdafiə, həm də yarımmüdafiənin sağ cinahında uğurlu çıxış edib. Amma mən onu müdafiənin sağında görürəm. Üstəlik, Şükürova əlavə tapşırıqlar da verəcəyəm”.

Adams növbəti transferlərin olacağını desə də, ad çəkməkdən imtina edib. O, sadəcə, “Bu, yalnız birincidir” deməklə kifayətlənib. Adams klubun büdcəsinin Unibank Premyer Liqasında çıxış edən 4-5 klubun büdcəsi qədər olacağını bildirib. Baş məşqçinin sözlərinə görə, ayrılan büdcə ilə qarşılarına qoyulan məqsədləri həyata keçirmək mümkün olacaq.

Mahir Şükürov isə “Qəbələ” klubunda hər cür şərait yaradıldığını, ona görə də bu kluba keçidində problem görmədiyini vurğulayıb. Şükürov bildirib ki, “Qəbələ” hələ martın 29-da keçirilmiş Belçika – Azərbaycan oyunundan sonra onunla maraqlanıb. Brüsseldən qayıtdıqdan sonra isə danışıqlara başlanılıb.

“Anji”dən ayrıldıqdan sonra “Neftçi”də məşq etməsinə baxmayaraq, flaqmanla müqavilə barədə söhbətinin olmadığını deyən Şükürov “Qəbələ” variantı daha öncə ortaya çıxdığı üçün düşünüb qərar verdiyini söyləyib: “Gələn il komanda iddialı olacaq. Yüksək yerlər uğrunda mübarizə aparacaq. Bu, geriyə addım deyil. Əksinə, bir addım irəlidir. “Qəbələ” qarşısına böyük hədəflər qoyub, inkişaf etməkdədir. Mən də bu inkişafa öz töhfəmi vermək istəyirəm”.

Adams da Şükürovun “Qəbələ”yə keçidinin irəli və ya geri addım olması sualına belə reaksiya verib: “Qəbələ” bir zirvədir. Hamı o zirvəyə çıxmağa can atır”.

Sonda Mahir Şükürova “Qəbələ”nin forması təqdim olunub. Şükürov digər komandalarda olduğu kimi, yeni klubunda da 4 nömrəli formanı geyinmək istədiyini bildirib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224

Oxşar yazılar