Çempionlar Liqası: Biri derbi, digəri formal xarakterli
12 aprel 2011 19:00 (UTC +04:00)

Çempionlar Liqası: Biri derbi, digəri formal xarakterli

Lent.az-ın məlumatına görə, İngiltərədəki “Old Trafford” stadionunda “Mançester Yunayted”lə “Çelsi” üz-üzə gələcək.

Ukraynadakı “Donbass arena”da isə “Şaxtyor” İspaniyanın “Barselona” klubunu qəbul edəcək.

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Çelsi” (İngiltərə)
Baş hakim:
Oleqariu Benkerensa (Portuqaliya)
İlk oyun – 1:0

¼ final matçlarında yalnız İngiltərə derbisi darmadağınsız nəticələnib. Bununla belə, “Çelsi” doğma “Stemford Bric”də 0:1 hesabı ilə uduzub. Ona görə də “Old Trafford”dakı cavab qarşılaşmasında baş məşqçi Karlo Ançelottinin komandası mütləq qalib gəlməlidir.

Bu görüş öncəsi hər iki klub Premyer Liqadakı görüşlərini qələbə ilə başa vurub. “Çelsi” Uiqan”ı 1:0, “Mançester Yunayted” isə “Fulhem”i 2:0 hesabı ilə yenib. “Mankunianlar” bu görüşdə cəzalı Ueyn Runinin xidmətindən yararlana bilməyiblər. Lakin daxili çempionatdakı cəza avrokubok matçına şamil edilmədiyindən, Runi səfərdə olduğu kimi, evdə də “Çelsi”ni məyus edə bilər. Aydındır ki, İngiltərə yığmasının forvardı elə ilk dəqiqələrdən meydançaya çıxacaq.

“Çelsi”nin heyətində də hər şey qaydasındadır. Komanda cavab görüşünə itkisiz hazırlaşıb. Bu da baş məşqçi Karlo Ançelottini xeyli məmnun edib: “Bu mövsümdə ilk dəfə bizim zədəli oyunçumuz yoxdur. Bu isə bizi sevindirməyə bilməz”.

Qarşıdakı görüş “Mançester Yunayted” üçün xüsusi əhəmiyyət kəsb edir. Final matçı mayın 28-də Londondakı “Uembli” stadionunda keçiriləcək. Həmin arenada 1968-ci ildə “qırmızı şeytanlar” ilk dəfə Çempionlar Kubokunu qazanıblar. Baş məşqçi Aleks Ferqyuson isə bu fakta ciddi önəm vermədiyini bildirib: “Bizim ayrıca məqsədimiz və iddiamız var. “Mançester Yunayted” tarixinin bir hissəsi olmaq vacib məsələdir. Fikrimcə, son 20 ildə klubumuz bu istiqamətdə yaxşı çalışıb. Ümidvaram ki, bu il “Uembli”yə biz gedəcəyik”.

23:45. “Şaxtyor” (Ukrayna) - “Barselona” (İspaniya)
Baş hakim:
Florian Mayer (Almaniya)
İlk oyun – 5:1

“Barselona” yarımfinala vəsiqə məsələsini hələ ilk oyunda praktik olaraq həll edib. Bununla belə, “Barselona” Donetsə əsas heyətini gətirib. Klubun idman direktoru Andoni Subisaretta isə bildirib ki, komanda tam qüvvə ilə oynayacaq: “İlk matçdakı hesaba rəğmən, biz məsələmizi həll edilmiş saymırıq. “Barsa” hələ yarımfinala çıxmayıb. Donetskdə meydançaya çıxmalı və öz oyun üslubumuza sadiq qalmalıyıq”.

Hər iki komanda oyuna itkilərlə çıxacaq. “Barselona”nın heyətində Andres İnyesta cəzalı, Boyan Krkiç, Erik Abidal və Karles Puyol zədəli olduqları üçün iştirak etməyəcəklər. “Şaxtyor”un heyətində isə Dmitri Çiqrinski, Aleksandr Kuçer zədə, Razvan Rats isə cəza üzündən matçı buraxacaq. Luis Adriano və Dario Srnanın iştirakı da sual altındadır.

Böyük təcrübəyə malik “Barselona” üçün bu, Çempionlar Liqasında 13-cü ¼ final matçıdır. Kataloniya klubu 11-ci dəfə yarımfinala vəsiqə qazanmağa çox yaxındır. “Şaxtyor” isə bu turnirin ¼ finalında ilk dəfədir ki, iştirak edir və Çempionlar Liqası tarixində ilk dəfə 4 top fərqli məğlubiyyəti aradan qaldırmağa çalışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar