Elnur Allahverdiyev: “Səhv etmişəm, üzr istəməyə hazıram” - MÜSAHİBƏ
11 aprel 2011 18:11 (UTC +04:00)

Elnur Allahverdiyev: “Səhv etmişəm, üzr istəməyə hazıram” - MÜSAHİBƏ

- “Xəzər Lənkəran”dan uzaqlaşdırılmağınıza səbəb nə oldu?

- “Qarabağ”la aprelin 10-da keçirdiyimiz oyundan sonra komanda yoldaşım Dieqo Souza ilə mübahisəm düşüb, nizam-intizamı pozmuşam. Ona görə də qərara gəliblər ki, məni əsas heyətdən uzaqlaşdırsınlar. Həmin vaxt əsəbi, hirsli olmuşam. Düzdür, söyüş söymüşəm, pis söyüşlər işlətmişəm. Səhv etmişəmsə, üzr istəyə bilərəm. Burada problemli bir şey yoxdur. Çempionluğa oynayıram. Xarakterim belədir. Bilə-bilə heç bir şey etməmişəm. Mən o klubdan çörək yeyirəm. Ona görə də etdiyim hərəkətə görə cavab verməyə, üzr istəməyə hazıram. Rəhbərlik belə qərara gəlibsə, Allah canlarını sağ eləsin. Mən nə deyə bilərəm ki?

- Dieqo Souza ilə mübahisəniz baş məşqçinin gözləri qarşısında baş verdi?

- Bəli. Hamının qarşısında oldu. Bütün rəhbərlik orada olub. Söyüş-zad işlətmişəm. Hirsli olmuşam. Futboldur da... Mübarizə aparırıq, çempionluğa oynayırıq, stress keçiririk. Mən də hirsliyəm. İstəyirəm ki, çempion olum. Mən belə xarakterdə insanam. Söyüşlər işlətmişəm, intizamı pozmuşam. Mənim də günahım var. Günahıma görə üzr istəməyə hazıram. İstəsələr, komandaya kömək etməyə də hazıram. Mən “Xəzər Lənkəran”ın futbolçusuyam. Verdikləri qərara gəldikdə, bu barədə heç nə danışa bilmərəm.

- Söyüşü kimin ünvanına işlətmisiniz: Dieqo Souzanın?

- Olub da... Futboldur. Hər kimə ünvanlamışamsa, nizam-intizamı pozmuşam, ona görə də cavab verməyə, klub azarkeşlərindən üzr istəməyə hazıram.

- Artıq onunla barışmısınız?

- Bəli, barışmışıq. Biz əlbəyaxa olmamışıq. Onunla heç bir problemim yoxdur. Mübahisə etdikdən sonra barışdıq. Biz qardaşıq, bir yerdə çörək yeyirik. Danışdıq-barışdıq.

- Oyundan sonra keçirilən klubdaxili iclasda iştirak etmisiniz?

- Xeyr. Mən həmin iclasda iştirak etməmişəm. Sadəcə, qərarı eşitmişəm.

- İclasdan sonra da “Xəzər Lənkəran”dan heç kim cəzalandırıldığınızı Sizə deməyib?

- Heç bir söz deyən olmayıb.

- “Xəzər Lənkəran”ın növbəti məşqinə qatılacaqsınız?

- İnşallah. Niyə getmirəm ki... Növbəti məşq Lənkəranda olacaq. Gedib, iştirak edəcəyəm.

- Qərardan elə anlaşılır ki, nizam-intizamı pozma hallarınız əvvəllər də baş verib...

- Ola bilsin, əvvəllər də belə hal olub. Mən idmançıyam. Burada böyüdüləsi bir söhbət yoxdur. Nizam-intizamı bilərəkdən pozmamışam. Həyatdır da... Stress keçirirsən, oyundan sonra hirslənirsən, söyüş söyürsən. Amma bu, o demək deyil ki, bilərəkdən nizam-intizamı pozmuşam. Son hərəkəti hirsli başla etmişəm. Burada şişirdiləsi bir şey yoxdur. Mənə elə gəlir ki, rəhbərlik məni bağışlayar, başa düşərlər. Yenə deyirəm: Səhv etmişəm, üzr istəməyə hazıram. Qəbul edərlər-edərlər, eləməzlər Allah canlarını sağ eləsin.

- Klubun açıqlamasında hətta son oyunlardakı zəif nəticələrin səbəbkarlarından biri kimi göstərildiyiniz hiss olunur. Bu, doğrudanmı belədir?

- Belə bir şey olmayıb. Kim deyirsə, yalan danışır. Mən nizam-intizamı pozmuşam, üzr istəməyə hazıram. Başqa bir şey demirəm. Kim istəyir qəbul etsin, kim istəmir yox. O hərəkəti də əsəbi başla etmişəm. Komandaya kömək etməyimi istəyərlərsə, gəlib edəcəyəm. İstəmirlərsə, daha heç nə deyə bilmərəm.

- Ötən mövsüm “Qarabağ”dan da eyni hərəkətə görə uzaqlaşdırılmışdınız. “Neftçi”dən də kənarlaşdırılmağınıza səbəb kimi nizam-intizamı pozmağınız göstərilirdi. Bu halda “Xəzər Lənkəran” rəhbərliyinin Sizi komandaya qaytaracağını güman edirsiniz?

- Bu barədə də bir söz deyə bilmərəm. Onu bilirəm ki, komanda üçün nə etmişəmsə, meydançada necə oyun sərgiləmişəmsə, vicdanla etmişəm, ürəyimi qoymuşam. Kim qərar veribsə, heç nə demirəm. Sadəcə, üzr istəməyə hazıram. Amma buna görə futbolçunu komandadan uzaqlaşdırmırlar. Mən komandaya qayıdıb kömək etməliyəm, çempionluğa oynamalıyam. Başqa heç nə istəmirəm. Qoy, çempion olaq, ondan sonra hansı qərarı istəsələr, versinlər. Hələ müqaviləmin sonuna 1 il var. İstəsələr komandada saxlayarlar, istəməsələr yox. Amma mən sonadək komandama kömək etmək istəyirəm. Günah məndədir, bir səhvdir etmişəm.

- Yığmanın təlim-məşq toplantısında olarkən, qanınızdan istifadəsi qadağan olunmuş dərman izləri tapıldığı da mətbuatda qeyd olunub. Bəs bu iddialar nə dərəcədə doğrudur?

- Yalandır. Şər atırlar. Əgər belə bir şey olsaydı, yığmanın baş məşqçisi Berti Foqts deyərdi. Məgər bilmirlər ki, mən zədəli olduğum üçün millinin son toplanışından kənarlaşdırılmışam? Axı son 4 oyuna iynə ilə çıxmışam. Bunları bilə-bilə belə yazmaqlarının məqsədini anlamıram. Görünür, “Xəzər Lənkəran”dan uzaqlaşdırılmağım üçün çalışan qüvvələr var. Onlar da rəhbərliyə təsir etmək istəyirlər.

- Telefonla bu açıqlamaları verərkən, sanki kövrəldiyiniz hiss olunurdu...

- Bilirsiniz, hara getmişəmsə, deyiblər ki, Elnur nizam-intizamı pozub. Mən belə xarakterdə insanam. Meydançada başqa insanam, həyatda başqa. Uduzmağı sevməyən insanam. Niyə məni bu cür qəbul etmirlər, bilmirəm. Mən heç vaxt meydançada komanda yoldaşlarıma qarşı artıq hərəkət etməmişəm. Əksinə, onlara kömək edirəm, dəstək verirəm. Düzdür, qırmızı vərəqə almışam, amma hamı kimi, hakimin də səhvi olanda üzünə demişəm. Daha hansı artıq hərəkəti etmişəm ki, məni də meydançadan qovsunlar? Elə məqamlar var ki, insan gərək düşünsün.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar