“Olimpiadaya bütün çəkilərdə lisenziya qazanmağı planlaşdırırıq” - MÜSAHİBƏ
11 aprel 2011 12:40 (UTC +04:00)

“Olimpiadaya bütün çəkilərdə lisenziya qazanmağı planlaşdırırıq” - MÜSAHİBƏ

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yevgeni Kotovun Lent.az-a müsahibəsi

- 2012-ci il London Yay Olimpiya Oyunlarına 1 ildən bir qədər çox vaxt qalır. Artıq bir müddətdən sonra boks növündə də lisenziya yarışlarına start veriləcək. Milli komandamızın bu yarışlara hazırlığı necə gedir?

- Hazırda yığma üzvləri fərdi planda hazırlıqlarını davam etdirirlər. Qarşıda – may ayında Azərbaycanın ən güclü boksçularının iştirakı ilə ölkə kuboku keçiriləcək. Bundan sonra Avropa çempionatına hazırlıq planı tərtib olunacaq və milli komandanın harada təlim-məşq toplanışları keçirəcəyi müəyyənləşəcək. Biz hazırlığı Rusiya yığması ilə birgə təşkil edəcəyik. Çexovda keçəcəyimiz məşqlərdə yoxlama döyüşləri keçirmək üçün güclü rəqiblərimiz olacaq. Bu görüşlər boksçularımızın təcrübə toplaması baxımından böyük əhəmiyyət kəsb edəcək.

- Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov bütün çəkilərdə - maksimum sayda lisenziya qazanacağımızı bildirib. Yəni qarşıda sizi ciddi sınaq gözləyir...

- Biz Boks Federasiyasının rəhbərliyinin qarşımıza qoyduğu məqsəd və vəzifələri yaxşı başa düşürük. Təbii ki, bunu həyata keçirməyə çalışırıq. Cənab Kəmaləddin Heydərovun bildirdiyi kimi bütün çəkilərdə - 10 lisenziya qazanmağı planlaşdırırıq. Az öncə başa çatan “İpək yolu” beynəlxalq turnirində 3 qızıl medala sahib olduq. Komandamızla yanaşı, Rusiya və Qazaxıstan yığmaları da eyni sayda çempionluq sevinci yaşadılar. Bu ölkələr isə boks dünyasında kifayət qədər çəkisi olan yığmalardır. Yəni biz onlarla bərabər səviyyədə mübarizə apardıq. Hətta bəzi gənc boksçularımız Rusiyadan olan titullu rəqiblərini üstələdilər. Emil Əhmədov (69 kq) və Ramil Əliyev (81 kq) bu mənada xüsusilə fərqləndilər.

- Azərbaycan milli komandasından qovulan titullu boksçularımız – Samir Məmmədov və Elçin Əlizadə barədə nə deyə bilərsiniz? Onları sizdən öncə yığmada çalışan kubalı məşqçilər Xesus Yu Polier və Lazaro Ximenes Martines intizamsızlıq etdikləri üçün heyətdən kənarlaşdırmışdı. Bu boksçuları yenidən komandaya qaytarmağı planlaşdırmırsınız?

- Bu hadisə mən milliyə gələnə kimi olub. Amma onlar özlərini yenidən sübut etməlidirlər ki, yığmaya dəvət edim.

- WSB Liqasında iştirak edən “Baku Fires”in heyətində 2 idmaçımız - Soltan Migitinov (73 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) London olimpiadasına vəsiqə uğrunda mübarizə aparacaq. Onlar lisenziya qazanacaqları halda, əsas komandamız 10, yoxsa 8 vəsiqə uğrunda yarışacaq?

- 8 lisenziya uğrunda. Qaydalar buna yol verir. Əgər Migitinov və Məcidov lisenziyaya sahib olarlarsa, biz daha 8 vəsiqə qazanmalıyıq. Çünki “Baku Fires”in heyətində çıxış edən bu boksçular Azərbaycan vətəndaşlarıdır. Onların milli komandada iştirakına heç bir problem yoxdur.

- Azərbaycan boksçuları həmişə texniki cəhətdən güclü olsalar da, fiziki hazırlıqda çətinlik çəkiblər. Hazırda bu problem yoluna qoyulubmu?

- Bu, hələ də belədir. Mən bunu baş məşqçi kimi yaxşı başa düşürəm. Milli komandanın Bolqarıstanda “Strandja” turnirində bu problemi özünü bir daha göstərdi. 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev fiziki cəhətdən axsadığı üçün orada huşunu itirmişdi. Biz çatışmazlığı aradan qaldırmaq üçün dəniz səviyyəsindən yüksəkdə - dağlıq ərazisində hazırlıqlar keçəcəyik. Artıq bu məqsədlə komandamıza Aleksandr Staravoytov də məşqçi kimi dəvət etmişik. O, yığmada problemi yoluna qoymağa çalışacaq. Düzdür, Aleksandr hazırda “Baku Fires”də işləyir. Amma mayda WSB liqası başa çatacaq və o, dərhal bizə qoşulacaq.

- Yeri gəlmişkən, siz Azərbaycan yığmasına baş məşqçi təyin olunduqdan sonra məğlubedilməz olan “Baku Fires”in bu seriyası qırıldı...

- Məndən sonra bu komandaya yeni baş məşqçi gəldi. Belə olan halda dəyişikliklər təbiidir. 2 məğlubiyyət oldu. Hələlik vaxt olduğu üçün “Baku Fires”ə yenə köməklik edirəm.

- Qadınlardan ibarət yeni yığma yaradılıb. Onların lisenziya qazanmaq şansını necə qiymətləndirirsiniz?

- Bizdə artıq yığmada güclü qadın boksçular cəmləşiblər. Onlar təlim-məşq toplanışlarına qatılır və beynəlxalq turnirlərdə qüvvələrini sınayırlar. Yığmada boksçular var ki, biz onlardan uğurlu nəticələr gözləyirik.

- Bəs Bakıda dünya çempionatının heyətini nə vaxt müəyyənləşdirəcəksiniz?

- Buna hələ vaxt var. Sentyabrda dünya çempionatı ərəfəsində hər şey dəqiqləşəcək və ən güclülər komandada yer alacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar