Mətbuat konfransında “atışma”
08 aprel 2011 19:20 (UTC +04:00)

Mətbuat konfransında “atışma”

Lent.az-ın məlumatına görə, bu məqsədlə görüşün keçiriləcəyi “Sərhədçi” İdman Olimpiya Mərkəzində mətbuat konfransı təşkil olunub.

WSB supervayzeri Luis Klaudio Braqa Bozelli Azərbaycanda gördüklərindən və ona göstərilən münasibətdən razılıq ifadə edib. O, hər iki komandaya qrup mərhələsində yüksək nəticələrinə görə təbriklərini çatdırıb. Bozellinin fikrincə, nə “Baku Fires”, nə də “Paris Yunayted”in boksçularının səhhətləri ilə bağlı problemləri yoxdur və sabahkı döyüşə hazırdırlar.

Ardından hər iki komandanın boksçuları tərəzidə çəkilib və media önündə poz veriblər.

Daha sonra Azərbaycan və Fransa komandalarının rəsmiləri çıxış ediblər. “Paris Yunayted”in baş məşqçisi Kevin Rabo hər iki klubun yarımfinalda iştirakına və göstərəcəkləri maraqlı döyüşlərə görə çox şad olduğunu bildirib: “Rəqibimizin döyüşlərini televiziya vasitəsilə izləmişik. Komandanızı yetərincə güclü rəqib sayırıq. Bunu “Baku Fires”in qrup mərhələsində qazandığı qələbələr də təsdiqləyir. Sabah gərgin mübarizənin keçəcəyini gözləyirik. Görüş iştirakçılarına uğurlar arzulayıram”.

Rabo komandasının heyətində Bakıda keçirilmiş 2010-cu il gənclər arasında dünya çempionatının gümüş mükafatçısı Toni Yokonun paytaxtımızda ikinci dəfə çıxış edəcəyini xatırladıb. Onun sözlərinə görə, ən ağır çəkidə çıxış edəcək Yoko tam hazırdır və paytaxtımızda yenə qələbəyə ümid edir. 61 kq çəkidəki Abdelkader Çadi isə WSB Liqasında ilk dəfə mübarizə aparacaq. Rabo WSB Liqasının həvəskar boksdan fərqləndiyi ilə razılaşmasına baxmayaraq, Çadinin hansısa çətinlik çəkəcəyinə inanmadığını söyləyib: “O, hazırda yaxşı formadadır. İnanıram ki, Semyon Qrivaçyovla keçirəcəyi döyüşdən qalib ayrılacaq”.

“Baku Fires”in baş meneceri Rizvan Gənciyev “Paris Yunayted”in Avropa zonasında I yeri tutduğunu və kifayət qədər güclü, bütün çəkilərdə bərabər səviyyəli boksçulardan təşkil olunduğunu vurğulayıb. O, rəqibin heyətində iki boksçunun bütün döyüşlərində qələbə qazanaraq, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacağını bildirib. “Baku Fires”in boksçularının da güclü olduqlarını söyləyən Gənciyev növbəti qələbə qazanacaqlarına ümid etdiyini söyləyib.

Komandamızın baş məşqçisi Həmzət Ağayev həm ev, həm də aprelin 15-də keçiriləcək səfər görüşündə qələbəyə ümid etdiyini açıqlayıb. Onun fikrincə, “Paris Yunayted”in Bakıya güclü boksçularla gəlişini London olimpiadasına lisenziya uğrunda döyüşmək hüququ qazanmış Lüdovik Qroqun görüş iştirakçıları arasında yer alması da təsdiqləyir. Bununla belə, Ağayev bütün çəki dərəcələrində qələbə qazanmaq istədiklərini açıqlayıb: “Bizi 5:0 hesablı qələbə qane edir. Fransa komandası bizə əlcək atıbsa, onu götürərək, layiqincə döyüşmək və maksimum nəticə göstərmək istəyirik”.

“Paris Yunayted”in baş məşqçisi də söz altda qalmayıb: “İddialarınızda ehtiyatlı olun. Güclü boksçu öz sözünü sabah deyəcək”.

Mətbuat konfransında o da məlum olub ki, “Baku Fires”in heyətində indiyədək 18 boksçu döyüşüb. Gənciyevin sözlərinə görə, onların hər biri bərabər imkanlara malikdir, hamı eyni proqramla məşğul olur. Boksçularımız isə zədə, xəstələnmə halları baş verdikdə bir-birilərini əvəzləyirlər. Bundan başqa eyni boksçunun ardıcıl iki döyüşdə iştirakına icazə verilmədiyindən, növbəti qarşılaşmada heyət büsbütün yenilənməli olur.

Qeyd edək ki, “Baku “Fires” – “Paris Yunayted” döyüşündə bu boksçular üz-üzə gələcəklər:

54 kq

Məhəmməd Əbdülhəmidov (Baku Fires, Azərbaycan) – Giorgi Kilanava (Paris United, Gürcüstan)

61 kq
Semyon Qrivaçyov (Rusiya) – Abdelkader Çadi (Əlcəzair)

73 kq
Məhəmməd Nuritdinov (Belarus) – Stefan Kuevas (Fransa)

85 kq
Denis Poyatsıka (Ukrayna) – Lüdovik Qroque (Fransa)

+91 kq
Məhəmmədrəsul Məcidov (Azərbaycan) – Toni Yoka (Fransa)

Görüş saat 19.30-da başlanacaq. Cavab qarşılaşması isə aprelin 15-də Parisin “Palais Des Sports Marcel Cerdan” kompleksində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar