İki klubumuz Rusiyanın məşhur voleybolçusunu istəyir
08 aprel 2011 13:30 (UTC +04:00)

İki klubumuz Rusiyanın məşhur voleybolçusunu istəyir

Bu barədə Lent.az-a voleybol menecerliyi ilə məşğul olan “Shinning Stars” idman məsləhətxanasının rəhbəri Tunc Afşar məlumat verib.

Onun sözlərinə görə, həmin klublar Çempionlar Liqasının finalçısı “Rabitə” ilə “Çağırış Kuboku”nun qalibi “Azərreyl”dir. Lakin Afşar Qamovanın Rusiyadan kənarda oynamağa razılıq verməsini qeyri-mümkün sayıb: “Mənim bildiyimə görə, Qamova hazırkı klubu Kazan “Dinamo”sunda ilinə 400 min avro alır. Üstəlik, onun hələ bir il də müqaviləsi durur. Mən Qamovanın “Fənərbağça-Acıbadem”ə keçidində məsləhətçi qismində iştirak etmişdim. Bilirəm ki, İstanbul klubunun rəhbərliyi ona daha bir qalması üçün 400 min avrodan da çox pul təklif edirdi. Lakin voleybolçu ailəsi ilə birgə olmaq istədiyini əsas gətirərək, Rusiyaya qayıtmağı üstün tutdu. Ona görə də klublarımızın təklif edəcəkləri istənilən məbləğlə Qamovanın razılaşacağına inanmıram”.

Bununla belə, Afşar klublarımızın növbəti mövsüm üçün daha da güclənəcəklərindən xəbərdar olduğunu söyləyib. Onun sözlərinə görə, xüsusən, “Rabitə” oktyabrda Qətərdə keçiriləcək klublararası dünya çempionatının qalibi olmağı hədəfləyib. Buna görə də klub daha səviyyəli transferlər həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, 31 yaşlı Yekaterina Qamova 2,02 metr boya malikdir. O, Rusiya yığmasının heyətində 2000-ci il Sidney, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu, 2010-cu ildə Rusiyanın ən yaxşı voleybolçusu olub.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar