“Neftçi”nin prezidenti: “Legionerlərə məcburiyyətdən üstünlük verdik” – MÜSAHİBƏ
07 aprel 2011 17:51 (UTC +04:00)

“Neftçi”nin prezidenti: “Legionerlərə məcburiyyətdən üstünlük verdik” – MÜSAHİBƏ

“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun Lent.az-a müsahibəsi

- Unibank Premyer Liqasının ötən turunda “Neftçi” əzəli rəqibi “Qarabağ” üzərində qələbə qazanaraq, ən yaxın izləyicisi “Xəzər Lənkəran”ı 6 xal geridə qoydu. Artıq komandanız üçün çempionluğun böyük ölçüdə təmin olunduğunu demək olar?

- Xeyr. “Qarabağ” Azərbaycanda öz sözünü deyən klublarımızdan biridir. Doğrudan da bu komanda ilə oyuna ciddi hazırlaşmışdıq. Görüş öncəsi millinin oyunları ilə əlaqədar yaranan fasilə müddətində yaxşı hazırlaşmaq üçün iki həftəyədək vaxtımız oldu. Hazırlaşaraq, 2:0 hesablı qələbə əldə etdik. Bu, bizi çox sevindirsə də, çempionluğu həll etməyimiz demək deyil. Qarşıda bizi çox gərgin oyunlar gözləyir. Çempionluq haqda danışmaq üçün hələ çox tezdir. Haradasa, 3 turdan sonra bu barədə söhbət açmaq olar. Fikrimiz yalnız və yalnız qarşıdakı görüşlərə hazırlaşmaq və yeni-yeni qələbələr əldə etməkdən ibarətdir. Yalnız növbəti qələbələrdən sonra çempionluq haqda danışa bilərik.

- Artıq üçüncü mövsümdür ki, “Neftçi” Çempionlar Liqası və ya Avropa Liqasına vəsiqə qazana bilmir. Bu baxımdan, çempionluq yox, mükafatçılar sırasına düşsəniz və Avropa Liqasına çıxsanız, bunu komandanız üçün uğur sayacaqsınız?

- Əlbəttə, qəbul edəcəyik. 2006-2007-ci il mövsümündə qazanılan gümüş medaldan sonra “Neftçi”nin Azərbaycan çempionatında hansı nəticələr göstərdiyi məlumdur. Bizim gəlişimiz komandanı formalaşdırmaq, onun Çempionlar Liqası və ya Avropa Liqasında iştirakını təmin etməkdən ibarətdir. Komandamız Avropa kuboklarında iştirak etməyə hazırlaşıb və bu məqsəd üçün ölkə çempionatında uğurla mübarizə aparır. Çempionlar Liqasında çıxış etmək çox yaxşı olardı, amma Avropa Liqasına qatılmaq da bizim üçün böyük uğurdur. Axırıncı illərdə göstərdiyi nəticəyə baxsaq, bunu da “Neftçi” üçün qənaətbəxş saymaq olar.

- Əvvəllər bəzi vacib oyunlarda baş məşqçi Arif Əsədov yarımmüdafiə xəttində Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Amit Quluzadə kimi gənc və təcrübəsiz futbolçulara şans verirdi. Bu isə heç də özünü doğrultmurdu. Amma final mərhələsinin qarşılaşmalarında orta xətdə Braziliyanın “Santos” klubundan alınan Rodriqinyo və cinah müdafiəçisi qismində Alessandro Viano da Silva kimi təcrübəli futbolçuların oynadığını görürük. Bu dəyişikliklər özünü doğrultmaqdadır. Belə bir qərara final mərhələsindəki oyunların əhəmiyyətinin daha da yüksəlməsi səbəb olmadı?

- Qış transferi dövründə “Neftçi” 2 legioner aldı. Bunlardan biri Rodriqinyo, digəri isə Yasin Himadır. Qış fasiləsinədək yarımmüdafiə xəttində problemlərimiz çox idi. Bu mövqedə əvəzedici heyətdən gələn 2 gənc – Cavid İmamverdiyev və Mirhüseyn Seyidov çıxış edirdi. Qışda “Xəzər Lənkəran”, “Bakı” və “Qarabağ” çox güclü transferlər etdilər və əvvəlkindən daha səviyyəli komanda formalaşdırdılar. Təkcə “Xəzər Lənkəran” 12 legioner və 2 yerli futbolçu ilə müqavilə bağladı. Oyunçuların səviyyəsi də çox yüksəkdir. Bunu nəzərə alaraq, baş məşqçimiz Arif Əsədov final mərhələsində gənclərə elə da üstünlük vermədi. Çempionatın səviyyəsi çox artmışdı. Başlıca məqsədimiz çempion olmaqdırsa, məcburiyyətdən legionerlərə üstünlük verdik ki, onların təcrübələrindən istifadə edərək, qızıl medal şansımızı artıraq. Bu da alındı. Amma bu, o demək deyil ki, biz gənc oyunçulara önəm verməyəcəyik. Gələcək məqsədimiz “Neftçi”nin əvəzedici heyətindən və yeniyetmələrdən ibarət komandalarından əsas heyətə oyunçular hazırlayaraq, futbolumuzun inkişafına töhfə verməkdən ibarətdir. Elə indi də Arif müəllim əvəzedici heyətdən bir neçə futbolçu dəvət edib. Onlar əsas komanda ilə, səviyyəli legionerlərimizlə birgə məşq edirlər. Bu da gənclərin gələcək inkişafına gətirib çıxaracaq. Biz gələcəkdə “Neftçi”nin tam yerli oyunçulardan qurulmasını arzulayırıq. Yəqin ki, çempionatdan sonra bu məsələlərə də baxılacaq. Gənclərə də böyük şanslar veriləcək. Çünki futbolumuzun gələcəyi onlardır.

- Yasin Hima niyə oynamır?

- Hima ilə qış transfer dövrü yekunlaşdığı ərəfədə 6 aylıq müqavilə bağladıq. O, Türkiyədəki təlim-məşq toplantısı zamanı zədələndi. Zədəsinin bərpasına 1,5 ayadək vaxt lazım gəldi. Bərpa olunduqdan sonra “Xəzər Lənkəran”, “Bakı”, “Qarabağ” kimi çətin rəqiblərlə qarşılaşdıq. Yəqin ki, belə oyunlarda baş məşqçimiz heyətdə dəyişiklik etməyi riskli sayıb. Qarşıdakı matçlara Hima tam hazırdır. İnşallah, növbəti turlarda onu da heyətdə görərsiniz.

- Futbolçunuz Amit Quluzadənin “Fənərbağça”nın müqavilə təklifindən son anda imtinası elə Türkiyənin nəhəng klubundan təklif alması kimi gözlənilməz qarşılandı...

- “Fənərbağça” ilə danışıqları Amit Quluzadənin özü aparıb. Klubumuz tərəfindən ona heç bir maneə yaradılmayıb. İnanırdıq ki, Amit “Fənərbağça” ilə məsələlərini həll edə bilər. Yəni, “Neftçi”nin futbolçusu olmasına rəğmən, Amitə tam sərbəstlik vermişdik. Demişdik ki, get, bütün məsələləri danış, müqavilə bağla. Belə gənc futbolçuların “Fənərbağça” kimi klubda oynaması bizə baş ucalığı gətirə bilərdi. Lakin müqavilə şərtlərində anlaşa bilmədilər. Quluzadə ilə uzunmüddətli müqavilə bağlamaq istəmişdilər ki, o da razı olmamışdı. Ona görə də anlaşma baxımından, işləri alınmadı və qayıdıb gəldi. İndi “Neftçi”nin bazasında məşq edir.

- Lakin daim əsas heyətə düşə bilmir...

- Düşəcək də...

- Düşünmürdünüz ki, “Neftçi”də əsas heyətə düşməyən futbolçunun “Fənərbağça”da oynaması absurd idi?

- Absurd deyəndə, biz “Fənərbağça”dan xahiş etməmişdik ki, Amit Quluzadəni çağırsın. Özləri maraqlanmışdılar, dəvət etmişdilər. Biz də sizin kimi sonradan “Fənərbağça” rəsmilərindən eşitdik ki, futbolçumuzu istəyirlər. Onlara Amiti biz təklif etməmişdik. Oyununu haradasa görmüşdülər. Lakin futbolçumuzla danışıqları alınmadı. Bu, Quluzadə ilə onların öz aralarındakı anlaşmazlıqdan irəli gəldi. Biz ona sərbəstlik vermişdik ki, gedib öz məsələsini həll etsin. Halbuki Amitin klubu olaraq, “Fənərbağça”dan nə isə istəyə də bilərdik. Necə ki Araz Abdullayevin keçidi qarşılığında İngiltərə “Everton”undan maliyyə vəsaiti istədik və aldıq da...

- “Qalatasaray”la əməkdaşlıq müqaviləsi imzalamışdınız. Lakin Türkiyə klubunun prezidenti Adnan Polat postu ilə vidalaşır, Bakıya səfər etmiş idman direktoru Adnan Sezgin isə artıq istefa verib. Bu halda, “sarı-qırmızılar”la əməkdaşlığınız davam edəcək?

- Artıq “Qalatasaray”la rəsmi müqavilə bağlamışıq. Prezident gedibsə, bu o demək deyil ki, klub da ləğv olunub. Müqavilə öz qüvvəsində qalır. Biz “Qalatasaray”la əməkdaşlıq etmək istəyirik. Onlardan başqa iddiamız, təmənnamız yoxdur. Türkiyədə “Qalatasaray” olduğu kimi, Azərbaycanda da “Neftçi” köklü klublardan biridir. İkitərəfli əməkdaşlıq həm “Qalatasaray”, həm də “Neftçi”nin xeyrinə ola bilər. Prezidentin gedib-getməməsindən asılı olmayaraq, müqaviləmiz qüvvəsindədir. Bunun da bəhrəsini yaxın vaxtlarda görəcəksiniz. Bizdə bu istiqamətdə çalışan əməkdaşlarımız “Qalatasaray”la müntəzəm əlaqədə olurlar. Bəzi layihələrimiz var. Yəqin ki, yaxın vaxtlarda həyata keçirəcəyik.

- “Neftçi” ilə “Qalatasaray” arasında Bakıda keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü baş tutacaq?

- Bu istiqamətdə də danışıqlar gedir. Yəqin ki, aprelin sonlarında məsələyə tam aydınlıq gələcək. Bəli, biz “Qalatasaray”la yoldaşlıq görüşü keçirmək istəyirik.

- Son zamanlar AFFA rəhbərliyinə gətiriləcəyiniz barədə söz-söhbətlər dolaşır. Bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur?

- Tam səmimi cavab verirəm: bunların hamısı şayiə, söz-söhbətdir. Futbolumuz inkişaf edir, bundan sonra da sürətlə inkişaf edəcək. AFFA-nın prezidenti Rövnəq Abdullayev futbola lazımınca diqqət ayırır, FİFA və UEFA-nın tədbirlərində müntəzəm iştirak edir. Mənimlə bağlı deyilənlərinsə hamısı şayiədir. Belə bir fikir, məqsəd yoxdur. Bu gün mənim məqsədim “Neftçi”ni Çempionlar Liqası və ya Avropa Liqasına çıxarmaq və Azərbaycanı layiqincə təmsil etdirməkdir. İşim bundan ibarətdir. O barədə isə heç bir fikir yoxdur. Deyilərlər şayiədir, onlara fikir verməmək lazımdır. Bu gün Azərbaycan futbolu çox etibarlı əllərdədir.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar