“Rabitə”nin voleybolçusu: “Ərim mənimlə yarım ilədək qaldı” – MÜSAHİBƏ
06 aprel 2011 17:20 (UTC +04:00)

“Rabitə”nin voleybolçusu: “Ərim mənimlə yarım ilədək qaldı” – MÜSAHİBƏ

- Öncə özünüz haqqında məlumat verərdiniz.


- 19 yaşımda ikən ilk peşəkar müqaviləyə qol çəkmişəm. Artıq 10 ildir ki, Latviyadan getmişəm. Bu müddətdə müxtəlif ölkələrin klublarında çıxış etmişəm. Əvvəlcə Fransanın “Villevbon”, sonra “Kann”, İsveçrənin “Volero”, Yunanıstanın “Panatinaikos, Türkiyənin “Türk Telekom” komandalarının şərəfini qoruduqdan sonra ötən il “Rabitə”yə keçmişəm.

- Latviyada bu səviyyədə voleybolçunun yetişdiyinə inanmaq çətindir...

- Bilirsiniz, əvvəllər Latviyada voleybol çox yaxşı səviyyədə olub. Hələ sovet dövründə yaxşı komandamız vardı. Hətta SSRİ dağıldıqdan sonrakı ilk illərdə Latviya yığması yaxşı çıxış edirdi. Mən özüm 16 yaşımda ikən böyüklərdən ibarət yığmaya düşmüşdüm. Ona görə də xaricə tez gedəsi oldum. İndi isə əlbəttə, Latviyada voleybol çox zəif durumdadır, 10 il öncəki vəziyyəti ilə müqayisə etmək mümkün deyil.

- Azərbaycana gəlişiniz necə alındı?

- Ölkənizə gəlişimin maraqlı tarixçəsi var. 10 il öncə xaricə yollanarkən də Azərbaycandan təklif almışdım. Bu, “Azərreyl” klubu idi. Lakin həmin vaxt Fransa variantı da var idi və məhz oranı seçdim. İndiki klubum “Rabitə”də isə digər komanda yoldaşlarım kimi yaxşı müqavilə, yaxşı komanda, yaxşı oyunçular, böyük planlar, Çempionlar Liqası hədəfi, səviyyəli məşqçi var. Bütün bunlara görə “Rabitə”ni seçdim.

- “Rabitə”nin Çempionlar Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?

- Bu, mənim üçüncü “dördlər finalı”m idi. Əvvəllər Fransa “Kann”ı ilə ikinci və dördüncü yeri tutmuşdum. Fikrimcə, “Rabitə” ilə Çempionlar Liqasında yaxşı nəticə göstərdik. Hamı deyir ki, birinci yeri tutmaq istərdik. Lakin bu cür turnirdə birinci yer böyük məsələdir. İkinci yer də pis deyil. Amma əlbəttə, birinci yeri tutmaq istərdik. Hər halda birinci pillə ilə ikinci yer eyni deyil.

- Orada çıxış edən Viktoriya Ravvanın Azzərbaycanda oynadığından xəbərdarsınız?

- Əlbəttə, onunla üç il birgə oynamışıq. Bu səbəbdən, karyerasından xəbərdaram. Bilirəm ki, Azərbaycanda da çıxış edib.

- Bura gələrkən, Ravva ilə məsləhətləşdiniz?

- Xeyr. Çünki mənim agentim var. O, danışıqları aparır və yeni klub olanda təklif edir. Mənə isə təklifə “hə” və ya “yox” cavabı vermək qalır. Ona görə də “Rabitə” barədə bütün informasiyanı agentimdən aldım.

- Sizin həyat yoldaşınız da voleybolçudur, lakin Fransada yaşayır. Azərbaycanda kişilər arasında da normal çempionat keçirilsəydi, əriniz Sizinlə birgə gələrdi?

- Əslində, mən ötən ilin mayında “Rabitə” ilə müqavilə imzaladığım vaxt bu barədə söhbət olmuşdu. Yəni, ərim Azərbaycanın kişilərdən ibarət voleybol komandasında oynamalı idi. Deyilmişdi ki, burada Avropa səviyyəli kişi voleybol komandası yaradılacaq. Həyat yoldaşım da buna əmin idi. Bu səbəbdən, yayda ona klub axtarmadıq. İnanırdıq ki, burada birgə olacağıq. Lakin o, gəldikdən sonra məlum oldu ki, həmin komandada böyük maliyyə problemləri var. Nəticədə ərim buna görə burada oynaya bilmədi. Bakıda mənimlə yarım ilədək qaldı və qışda Fransa klubu ilə müqavilə bağladı. Hazırda o, Fransada çıxış edir.

- Ərinizin Fransada, Sizin isə Azərbaycanda çıxış etməyi çətinlik yaratmır?

- Əlbəttə, çətindir. Azərbaycanla Fransa arasında uzaq məsafə var. Lakin o, mənim burada oynamağıma görə məmnundur. Ölkənizdə voleybolun səviyyəsi yüksəkdir, yaxşı oyunlar gedir, komandada maliyyə və digər problemlər yoxdur. Ərim karyeramın yaxşı alınmasından razıdır. Amma məsafənin uzaqlığı çətinlik yaradır.

- Belə çıxır ki, ailə problemləri üzündən burada çox oynaya bilməyəcəksiniz...

- Bilmirəm, baxarıq. Əslində bu, problem deyil. İşimiz belədir. Voleybolda birgə və ya ayrı yaşamağından asılı olmayaraq, oynamalısan. Ailəvi məsələlər üzündən kiminsə karyerasını riskə ata bilməzsən. Qoy, mövsüm qurtarsın, sonrasına baxarıq. 3 aylıq yay tətili qabaqdadır. Həmin vaxt qərar qəbul edəcəyəm.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar