Vaqif Sadıqov: “Neftçi” üçün rahat oyun yoxdur” – MÜSAHİBƏ
29 yanvar 2010 10:30 (UTC +04:00)

Vaqif Sadıqov: “Neftçi” üçün rahat oyun yoxdur” – MÜSAHİBƏ

“Tofiq Bəhramov adına Respublika stadionu bizim üstünlüyümüzdür”


“Neftçi” futbol komandasının baş məşqçisi Vaqif Sadıqovun Lent.az-a müsahibəsi

- Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısınız necə keçdi?

- Deyərdim ki, məhsuldar alındı. Düzdür, hərdən qarlı hava şəraiti daha yaxşı hazırlaşmağımıza maneçilik törətdi. Amma hər halda çalışdıq ki, mövsümün ikinci hissəsinə maksimum hazır olaq. Keçirdiyimiz yoldaşlıq görüşlərində futbolçularımızın göstərdiyi oyundan da razı qaldım.

- Heyətinizi istədiyiniz səviyyədə gücləndirə bilmisiniz?

- Qış transfer dövründə yarımmüdafiəçi Cavid Hüseynovla yanaşı, müdafiəçi Valeri Abramidze, eləcə də iki hücumçu - Sergey Alekseyev və Vladimir Voskoboynikovu heyətimizə qatdıq. Əlbəttə, bundan da artıq transferlər etmək olardı. Amma bizə təklif olunanlar arasında daha yaxşı tanıdığımız üçün bu 3 futbolçu ilə anlaşdıq. Burada onların 20 günədək bizim nəzarətimizdə olmaları və yoxlama matçlarında özlərini yaxşı tərəfdən göstərmələri də öz sözünü dedi.

- “Neftçi”yə daha səviyyəli futbolçuların təklif olunmaması nə ilə əlaqədar idi?

- Gərək qabaqcadan səviyyəli oyunçuların axtarışına çıxasan. Bizdə isə vaxt az idi. Hazırda mövsümün ikinci yarısında uğurlu çıxış haqda düşünürük. Yay fasiləsində heyətimizi daha fərqli oyunçularla gücləndirəcəyik.

- Yeni futbolçularla müqavilə müddəti nə qədər nəzərdə tutulub?

- 6 ay + 1 il. Yəni, hər şey onların mövsümün sonlarınadək özlərini necə göstərmələrindən asılı olacaq.

- Alekseyevlə Voskoboynikov yoxlama matçlarında qolçuluq bacarıqlarını nümayiş etdiriblər. Bəs Abramidze müdafiədə necə təsir bağışladı?

- Abramidze əvvəllər də ölkəmizdə çıxış edib. Onun 2005 – 2007-ci illərdə “Neftçi” və “Xəzər-Lənkəran”ın heyətində necə çıxış etdiyindən hamımız xəbərdarıq. Amma bu dəfə “Neftçi”yə gələrkən, Abramidze o vaxtkı hazırlıq səviyyəsində deyildi. Ruslan Abışov və Tural Nərimanov zədəli olduqlarından, səviyyəli mərkəz müdafiəçisinə ehtiyacımız vardı. Çox şadam ki, Abramidze “Neftçi”də baxışda olduğu 20 gün ərzində yaxşı vəziyyətə düşdü.

- Bəs yollarınızı ayırmaq istədiyiniz futbolçu yoxdur?

- Xeyr. Biz hamıya inanırıq. İlk gündən heç kimi göndərmək fikrində olmadığımızı futbolçularımıza demişik.

- Demək, mövsümün ikinci yarısınadək heyətinizdə başqa dəyişiklik olmayacaq...

- Bəli. Transfer çalışmalarımızı artıq yekunlaşdırmışıq. Bu heyətlə davam edəcəyik.

- İkinci dövrənin qalan oyunlarından 5 rəqibinizdən 4-ü – “Qarabağ”, “Bakı”, “İnter” və “Xəzər-Lənkəran” ilk “6-lığ”a düşməyə iddialıdır. Bu oyunlardan nə gözləyirsiniz?

- “Neftçi” üçün rahat oyun yoxdur. Startdan çox şey asılı olacaq. Fevralın 3-də “Qarabağ”la qarşılaşacağıq. Güclü rəqibdir. Qış transfer dövründə Hollandiyanın “Tvente” komandasına keçən Vaqif Cavadovu Georgi Adamiya əvəzləyəcək. Həmkarım Qurban Qurbanov hələ “Neftçi”yə rəhbərlik etdiyi vaxtdan Adamiyanı tanıyır. “Qarabağ” böyük transferlərə ehtiyacı olmayan və hamımız üçün ciddi rəqibdir. Amma bizim geriyə yolumuz yoxdur. “İlk 6-lıq”dakı yerimizi qoruyaraq, yüksək yerlər uğrunda mübarizəmizi davam etdirməliyik.

- Rəqiblərinizdən 3-ü ilə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaqsınız. Bunu “Neftçi” üçün üstünlük saymaq olar?

- Fikrimcə, bəli.

Elşən Məmmədov
# 827

Oxşar yazılar