Bakının Xəzər rayonunda 18 min manat dəyərində 136 ədəd yağış sularının axıdılması üçün nəzərdə tutulan dəmir barmaqlıqları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə yanvarın 1-dən 5-dək olan müddətdə Xəzər rayonu, Buzovna-Zaqulba yolunun kənarında baş verib. Bu barədə müvafiq dövlət qurumundan polisə şikayət daxil olub. Şikayətdə ümumilikdə hadisə nəticəsində yol infrastrukturuna 18 min manata yaxın maddi ziyan dəydiyi qeyd edilib.
Xəzər rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Şahin Şəfaqətov saxlanılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs oğurladığı dəmir barmaqlıqları şəxsi avtomobili ilə metal qəbulu məntəqələrindən birinə apararaq orada satıb.
Faktlarla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.