Nijni Tagildə (Sverdlovsk vilayəti) məktəbin yaxınlığında qızı döyən azərbaycanlı qardaşların anası iki maddə ilə ittiham olunub.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsindən məlumat verilib.
“Qadın xuliqanlıqda və yeniyetmələri ağır cinayətə cəlb etməkdə ittiham olunub”, - müstəntiqlər deyiblər. Bundan əlavə, İstintaq Komitəsi Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti Nazirliyinə belə epizodların istisna edilməsi təklifini təqdim edib.
Münaqişə 2023-cü il dekabrın 29-da Taqilstroydakı 56 saylı məktəbin yaxınlığında baş verib. İki qardaş yetim qızı və digər sinif yoldaşını döyüb. Davaya onların anası şahid olub. Şahidlərin sözlərinə görə, digər uşaqlara davanı ayırmağa imkan verməyib. Onun da qızın üzünə sillə vurduğu iddia edilir.
Məktəbli xəsarətlə xəstəxanaya çatdırılıb. Məlum olub ki, davadan əvvəl müəllimlər heç bir reaksiya verməyiblər. İstintaq Komitəsi Rusiya Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açıb.