Bu gün saat 21 radələrində sahildən 30 kilometr aralı Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Lent.az-a bildirilib ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib.
Heyət üzvləri və sərnişinlər bu gəmilərə təxliyə ediliblər. Hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur. “PS 173” gəmisi isə hadisə ərazisinə gələn “ Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb.
Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşəndən sonra daha ətraflı məlumat veriləcək.