Son günlər ölkə ərazisində yağan yağışlardan sonra Bakının Zığ yamacında yerləşən sürüşmə sahəsi aktivləşib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında bildirib ki, sürüşmənin aktivləşməsi nəticəsində müəyyən yerlərdə çatlar əmələ gəlib və hazırda ərazidə gərginlik davam edir.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası tərəfindən hazırda ərazidə monitorinq və yoxlama aparılır: “Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi ilə birgə işçi qrupu yaradılıb. Yoxlama aparıldıqdan sonra təkliflər planı hazırlanaraq müvafiq dövlət strukturlara təqdim ediləcək. Nazirlər Kabineti tərəfindən veriləcək tapşırığa əsasən ərazidə müvafiq işlər görüləcək”.
B. Qaralov qeyd edib ki, digər sürüşmə sahəsi olan Masazır ərazisində də müəyyən qədər aktivləşmə var. Onun sözlərinə görə, Masazır ərazisində sürüşmənin qarşısını almaq üçün lazımi tədbirlər görülmədiyindən problem öz həllini tapmayıb.