Zaqatalada dağlıq ərazidə oynayan iki azyaşlı uşaq dərəyə yıxılıb. Onlardan biri ölüb, digəri isə ağır xəsarət alıb.
Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə iyulun 17-i günorta saatlarında kəndin yuxarı hissəsində, dağlıq ərazidə baş verib.
Yuxarı Çardaqlar kənd sakinləri olan 2010-cu il təvəllüdlü Mələk Məmməd qızı Yəhyəyeva və 2011-ci il təvəllüdlü Rəcəb Məhəmməd oğlu Qurbanov ehtiyatsızlıqdan 6-7 metr dərinliyindəki dərəyə yıxılıblar. Uşaqlar kənd sakinlərinin köməkliyi ilə dərədən çıxarılıblar. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 6 yaşlı Mələk Yəhyəyeva və 5 yaşlı Rəcəb Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcilli Tibbi Yardım şöbəsinin ambulator maşını ilə xəstəxanaya aparılarkən Rəcəb Qurbanov aldığı ağır bədən xəsarətlərindən yolda ölüb.
Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mələk Yəhyəyevaya ağır kəllə beyn travması dioqnozu qoyulub, vəziyyəti ağır kimi qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.