“Silahlı Qüvvələrdə aparılan islahatlar çərçivəsində hərbi hissə komandirlərinin hərbi nizamnamələr və normativ hüquqi aktlarla müəyyən olunan hüquqlarının icrasına imkan verən sənədlərin layihələri hazırlanıb”. Lent.az-ın məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov Azərbaycan ordusunun yaranmasının 97-ci ildönümü ilə bağlı çıxışında deyib. Z.Həsənov əlavə edib ki, Azərbaycan Respublikasının Hərbi Doktrinasının, Silahlı Qüvvələrin 10 illik İnkişaf Strategiyasının yeni layihələri işlənib, Milli Təhlükəsizlik Konsepsiyasına daxil ediləcək ölkənin müdafiə qabiliyyətinin inkişafına dair təkliflər hazırlanıb: “Son illər ərzində Azərbaycanın hərbi xərcləri sürətlə inkişaf edib və qısa zamanda hərbi büdcəmiz 20 dəfədən çox artıb. Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri Azərbaycanın 2015-ci il üçün hərbi büdcəsindən təxminən 2 milyard ABŞ dolları azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə, Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür. Ali Baş Komandanİlham Əliyevin “düşmənin ayaqlarının altında torpaq od tutub yanmalıdır” sözləri qarşımızda mühüm vəzifələr qoyur. Məhz buna görə də Silahlı Qüvvələrimizin döyüş arsenalının müasir tələblər əsasında yenilənərək gücləndirilməsi ümumi fəaliyyətimizin başlıca istiqamətlərindən birini təşkil edir.
Silahlı Qüvvələrimizin imkan və qabiliyyətlərinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır. Biz müəyyən olunmuş inkişaf proqramına əsasən, hərbi təyinatlı məmulatların təmirini, modernləşməsini və təkrar emalını həyata keçiririk. Qoşunların silah və döyüş sursatı ilə təminatı, uzun müddət istismarda olan silahların və cihazların yeniləri ilə əvəzlənməsi, onların istifadəsinin düzgün təşkil olunması məsələlərinə xüsusi diqqət yetirilir”.