Avtomobil ilə avtoxuliqanlıq hərəkətləri edən bir neçə sürücünün işi məhkəməyə göndərilib. Bakı şəhər Dövlət Yol Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 3-də Xətai rayonu ərazisində Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılan “Opel” markalı avtomobilin sahibi Roman Səmədov barəsində toplanmış material Xətai rayon məhkəməsinə göndərilib. Bundan başqa fevralın 20-də Yasamal rayon ərazisində “VAZ-21214” markalı avtomobili ilə avtoxuliqanlıq hərəkətləri edən Səid Həsənov barəsində toplanmış material Yasamal rayon Məhkəməsinə verilib.
Yanvarın 23-də paytaxt sakini Qabil Hüseynov idarə etdiyi "Opel" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Nizami rayon məhkəməsinə ötürülüb. Məhkəmənin 13.02.2015-ci il tarixli qərarına əsasən Q. Hüseynov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq olunub.